ABŞ prezidenti Barak Obama müharibə anonsu verib. Ağ Ev rəhbəri Rusiyanın Ukraynadakı qeyri-sabit vəziyyətin aradan qaldırılması barədə verdiyi vədə güvənmədiyini bildirib. Onun sözlərinə görə, ABŞ və müttəfiqləri hər an hazırlıqlı olmalıdır. Ukraynada baş verən separatçılıq meyillərinin olmasında Rusiyanın əli olduğuna inandığını deyən Obama Rusiyanın bu hərəkətlərinin özü üçün də yaxşı olmadığını söyləyib.
Ağ Ev rəhbərinin bəyanatını şərh edən politoloq Rasim Ağayev "Şərq”ə açıqlamasında vurğulayıb ki, heç bir müharibədən söhbət belə gedə bilməz: "Müşahidələr göstərir ki, hər iki tərəf silah dilində danışmaqdan ehtiyatlanır. Silahlı toqquşmadan qaçırlar. Dinc əhaliyə hücum etmirlər. İndiki halda Rusiya və Amerika arasındakı qarşıdurma qaynar mərhələsinə keçməyib”.
Ekspertin qənaətincə, ABŞ hökuməti siyasi kursunda müəyyən dəyişikliklər edib: "Rusiya ilə danışıqlarda Qərb bəyan etmişdi ki, NATO Rusiyanın sərhədlərinə yaxınlaşmayacaq. Son açıqlamalarında bildirdilər ki, belə söhbət olmayıb. Amerika müharibəyə doğru ciddi siyasi addım atmaq istəyir. Bu isə o anlama gəlir ki, ABŞ qoşunları hara istəyir oraya müdaxilə edə bilər. Şübhəsiz ki, Rusiya tərəfi buna adekvat cavab verməli idi”.
R.Ağayev onu da diqqətə çatdırıb ki, Helsinkidən tutmuş sonuncu razılaşmalara qədər bütün müqavilələr aradan götürülüb: "İndiki halda beynəlxalq güclərin toqquşması ərəfəsindəyik. Hansısa mərhələdə ortaya yeni təşəbbüskar çıxıb məsələnin dinc yolla tənzimlənməsini reallaşdırmalıdır. Razılıq olmayacağı halda silahlar danışa bilər”.
Ayyət Əhməd