Jirinovskinin təklifi danışıqlar prosesini dayandıra bilər

Elman Nəsirli: “Məlum sərsəm fikirlər fonunda müəyyən qüvvələr yeni yaranmış situasiyadan maksimum dərəcədə yararlanmağa çalışacaqlar”


Gözü Krımla doymayan Kreml indi də Dağlıq Qarabağı hədəf alıb. Belə ki, Krımın ilhaqından sonra Azərbaycanla bağlı da analoji təhlükənin yaranmasına dair söyləntilər gəzir. Rusiya Dövlət Dumasının spiker müavini Jirinovskinin məlum bəyanatlarından sonra Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı məlumatlar geniş vüsət alıb.

Belə ki, erməni mətbuatı hazırda Qarabağın qorunması üçün yeganə vasitənin Rusiya pasportlarının paylanmasından ibarət olduğunu bildirib: "Rusiya bu yaxınlarda vətəndaşlığın verilməsi haqqında yeni qaydaları təsdiqləyib. Bunun Cavaxetiyaya təsiri qaçılmazdır. Oradakı ermənilər rahat şəkildə rus pasportlarını alacaqlar. Ermənistana gəlincə isə bu vətəndaşlıq burada da paylanacaq. Rusiyaya gedən erməni vətəndaşları rahat şəkildə onun vətəndaşlığını alacaqlar. Nəticədə bir müddətdən sonra öz ailələrini Rusiya vətəndaşı edə biləcəklər. Ermənistanla bərabər vətəndaşlığın Qarabağda da paylanması nəzərdə tutulur. Bu isə Ermənistan üçün ən uğurlu variant olacaq. Çünki Qarabağı qorumağın yeganə variantı bu olacaq”.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə birbaşa və yeni təhlükə olan bu addımlara, bəyanat və açıqlamalarla bağlı "Şərq”ə açıqlama verən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Elman Nəsirlinin sözlərinə görə, işğal altındakı Dağlıq Qarabağ ərazisində rus pasportlarının paylanması məsələsi ilə bağlı hələ ki tam fikir söyləmək çətindir: "Hər halda belə bir faktın olması haqqında artıq mətbuata müəyyən məlumatlar yayılıb. Xüsusilə də, Rusiya Dövlət Dumasının spiker müavini Jirinovskinin qondarma Dağlıq Qarabağ

Respublikasının Rusiyaya birləşdirilməsi ilə bağlı məlum sərsəm fikirləri fonunda müəyyən qüvvələr yeni yaranmış situasiyadan maksimum dərəcədə yararlanmağa çalışacaqlar. Onlar Krımda istəklərinə nail oldular. Krımdan sonra da Ukraynanın cənub-şərq ərazilərində eyni ssenari təkrar həyata keçirilir. Bundan başqa, hətta Putin Ukraynanın cənub-şərq ərazilərini "novo-Rosiyya” adlandırıb. Və həmin ərazilərin çarizm dövründə Rusiyanın tərkibində olmasını qeyd etməklə həmin torpaqların yalnız 20-ci əsrin 20-ci illərində Ukraynaya verilməsini bildirib. Göründüyü kimi, Kreml artıq sözügedən ərazilərə də iddialar irəli sürür. Onun reallaşması üçün də əhaliyə rus pasportlarının paylanması haqqında məlumatlar var. Rusiya Cənubi Osetiya və Abxaziyada da oxşar ssenarini həyata keçirir, bu da bəllidir. Jirinovskinin sərsəmləməsindən sonra isə erməni separatçılarının Rusiya ilə birlikdə belə bir addım atması barədə fikirlər dolaşmaqdadır. Hesab edirəm ki, bu heç də boş açıqlamalar deyil. Onlar mətbuatdan ictimai rəyi öyrənmək üçün bir test kimi istifadə edirlər. Məncə, bu cür bəyanatlar münaqişənin həlli istiqamətdə aparılan sülh prosesinə arxadan zərbə ola bilər. Əslində, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ ətrafında bu cür təhlükəli tendensiyalar baş verdiyinin fərqində olmalı və separatçılara adekvat cavab verməlidir. Çünki proseslərin bu istiqamətdə davamı danışıqların qara ssenari üzrə inkişafını labüd edə bilər. Atəşkəs rejimi ciddi mənada sual altına düşə bilər. Münaqişə ATƏT-in və regionda maraqları cəmləşmiş qərb ölkələrinin istəmədiyi bir xətt üzrə inkişaf edə bilər. Dediyim kimi, Dağlıq Qarabağda rus pasportlarının paylanması ilə bağlı yayılan məlumatlar çox təhlükəli tendensiyalardan xəbər verir”.

Şəymən