Prezidentlik postu...

...Ərdoğanla Gülü qarşı-qarşıya qoyacaq



Türkiyə prezidenti Abdullah Gül gələcək planları ilə bağlı açıqlama verib. Gül bugünkü şərtlər çərçivəsində gələcəklə bağlı siyasi planlarının olmadığını deyib: "Hazırda prezident olduğum üçün bəzi mövzularda açıq danışa bilmirəm. Dostlarla danışıb, müzakirə etdikdən sonra bir qərara gələcəyik”. Qeyd edək ki, bir müddət bundan qabaq hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəhbərinin müavini Əli Şahin Ərdoğanın prezident seçilməsindən sonra hazırkı dövlət başçısı A.Gülün baş nazir postunu tuta biləcəyini bildirib.

Gülün açıqlamasını dəyərləndirən politoloq Qabil Hüseynlinin sözlərinə görə, A.Gül prezidentlik dövründə bu postun prinsiplərinə sadiq qala bilib. Amma Gül prezident səlahiyyətlərinin hamısından istifadə etməyib. Yəni bir növ zəif və passiv prezident görüntüsü yaradıb: "Ərdoğanın "mən prezident olduqdan sonra bütün səalhiyyətlərimdən istifadə edəcəyəm” deməsi Güldə qıcıq yaradıb. Çünki bu sözlər onu göstərir ki, Ərdoğan artıq özünü prezident kimi görür. Əslində Gül "çox şeyi açıqlaya bilmirəm” desə də, işlətdiyi sətiraltı cümlələrlə çox şeyi açıqlayır. Prezident deyir ki, o, siyasi partiyaya qayıtmaq və daxili siyasətlə məşğul olmaq fikrində deyil. Ancaq prezidentliyə namizədlik haqqında konkret fikrini söyləmir. Bu da onu göstərir ki, Gül öz fikrini dəyişə bilər. Görünür, hələlik bu barədə danışmağın tez olduğunu düşünür. Əgər birdəfəlik siyasətdən getmək fikri olsaydı, bunu çoxdan konkret şəkildə bəyan edərdi. Zənn edirəm, prezidentin öz planları var və bu planlar növbəti prezidentliyə hədəflənib. Gülün zəiflik nümayiş etdirməsinə baxmayaraq, onun prezidentliyə namizəd olmaq və seçilmək şansı heç də az deyil. Ancaq Gül AKP-dən namizəd olsa, bu, hakim partiyanı iki hissəyə böləcək. Ümumiyyətlə, prezident seçkilərində Ərdoğanla Gül qarşı-qarşıya gələrsə, bu, Türkiyədə demokratiyanın oturuşması baxımından müsbət hadisə olar. Yəqin ki, belə bir reallığın gələcəkdə şahidi olacağıq”.

İsmayıl