Metro da tıxaca düşüb

Sərnişinlər nəfəs darlığı, stress, həyəcan yaşayır




Bakı metropoliteninə yeni rəis təyin olunandan qatarların hərəkətində problemlər yaranıb. Metrodan müntəzəm istifadə edənlər son günlər qatarlararası intervalların böyüdüyünə şahiddirlər. İnterval bəzən 6-7, hətta 8-9 dəqiqəyə çatır. Nəzərə alsaq ki, sərnişinlərin ən sıx olduğu stansiyalarda - "Elmlər Akademiyası” - "28 May”da, eləcə də "Dərnəgül-Həzi Aslanov” xəttində interval 2-3 dəqiqə arası olanda platformada nə qədər insan toplaşır, intervalın artması ilə insan sayının da nə qədər artdığını təxmin etmək çətin deyil.

Bəzən sərnişinlər basabasdan vaqona minə bilməyib, 2-3 qatarı yola salmalı olur. Problem təkcə bu da deyil. Son vaxtlar həm də qatarların tuneldə, platformada dəqiqələrlə dayanması da müşahidə olunur. Platformada yenə qapıları açıq saxlamaq mümkündü. Bəzənsə qatar tunelin içində 10 dəqiqəyədək dayanır. Bağlı qapılar şəraitində sərnişinlərdə nəfəs darlığı, stress, həyəcan yaranır.

Qısası, sürət qatarı dediyimiz metro avtobuslardan betər günə düşüb. Avtobus tıxaca düşəndə, qapını açdırıb payi-piyada yoluna davam etmək şansın var. Bəs metro tıxaca düşəndə neyləyəsən? Təəssüf ki, son zamanlar metromuzda da tıxac problemi yaşanır. Və buna hələ ki, rəsmi səviyyədə bir cavab yoxdur.

Uzun illər metro sahəsində çalışmış, özünün dediyi kimi "15 il metroda can qoymuş” hüquq müdafiəçisi, Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov "Şərq”ə açıqlamasında metrodakı tıxacın səbəblərini belə izah etdi:

- Bakı metropoliteninə dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır. Uzun illər metropolitenin istismarı ilə bağlı vəsait ayrılmasına baxmayaraq nə düz-əməlli təmir işləri həyata keçirildi, nə də vaqonların yenilənməsi baş verdi. Hərçənd, metropolitenə ayrılan vəsait kifayət edirdi ki, Bakı metrosu dünyanın ən müasir metropoliteninə çevrilsin. Dünya ölkələrində metroda təhlükəsizliyin təmin edilməsi məqsədilə artıq çoxdan şüşə arakəsmələrdən istifadə olunur. Bizdə isə hələ də metro nəzarətçiləri "ay yoldaş, xətdən kənara çəkil” deyə bağırırlar. Bu şüşə arakəsmələr platformada elə quraşdırılır ki, qatar gələndə vaqonların qapısı şüşə arakəsmələrin qapısı tuşunda dayanır və vaqonların qapısı açılanda, şüşə arakəsmələrin qapısı açılır. Sərnişinlər də tam təhlükəsiz vaqona daxil olurlar. Bakı metropoliteninin keçidlərlə birgə 23 stansiyası var. Şüşə arakəsmələri etmək cüzi vəsait tələb edən işdir. Bakı metropoliteninin Moskva metrosu kimi 100-ə yaxın stansiyası yoxdur ki, çətin iş olsun. Qatarlararası intervalların böyüməsi, qatarların hərəkətində dayanmalar yaranması isə birbaşa hərəkətin idarəolunması ilə bağlıdır. Hərəkətin idarəolunması mexanizmi müasirləşməyib. İdarəetmə hələ də köhnə sistemlə, dədə-baba qaydası ilə aparılır. Dünyada metropoliten ən müasir ictimai nəqliyyat növüdür. Və artıq çoxdan elektron idarəolunma sisteminə keçilib. Təsəvvür edin ki, Bakı metrosu Nyu-York metrosunun heç 1000-də birini təşkil etmir. Nyu-Yorkda da, Parisdə də metronun hərəkətində elektron sistemə keçilib. Bakı metrosuna külli miqdarda vəsait ayrılır, yeni stansiyalar tikilir, bəzədilir, amma nə hərəkətdə müasir idarə sistemi var, nə də ümumiyyətlə, müasir infrastruktur. Baxın, Bakı metrosu əlilliyi olan və görmə qabiliyyəti zəif olanlar üçün əlçatmazdır. Əlilliyi olan şəxslərin təkərli arabaları üçün də heç bir hərəkət imkanı yoxdur. Gözdən əlillər də başqasının yardımı olmadan hərəkət edə bilməz. Müasir metropoliten müasir idarəetmə sistemi ilə təchiz edilməli və hər kəs üçün əlçatan olmalıdır. Doğrudur, cənab Prezident metropoliten sahəsində yenilik etdi, 3 ayrı-ayrı strukturu bir cəmiyyət daxilində cəmlədi, bu, müsbətdir. Amma yeni rəis yeniliklərə nədən başladı? Ticarət köşklərini sökmək və reklam lövhələrini yığışdırmaqla. London metrosu ən qədim metrolardan biridir, 1863-cü ildə tikilib. London metrosunda xırda ticarət köşkləri var. Paris metrosunda, baxmayaraq ki, onun da tarixi qədimdir, platformalar ensizdir, dardır, orada platformalarda su, buterbrod avtomatları quraşdırılıb. Və bunlar sərnişinlərin hərəkətinə heç bir maneə törətmir. Əksinə, sərnişin su istəyirsə, su içir, buterbrod istəyən alıb yeyir. Ticarət köşkləri deyiriksə, bu, univermaq açmaq anlamına

gəlməməlidir. Metronun platformalarında, yaxud keçidlərdə xırda köşklərin olması, insanların oradan qəzet-jurnal, hansısa zəruri bir əşya almalarında nə sıxıntı ola bilər ki?! Yaxud, götürək reklam lövhələrini. Dünyanın əksər ölkələrində ictimai nəqliyyatdan reklam vasitəsi kimi istifadə olunur. Məsələn, mən Cenevrədə olanda avtobuslarda irqçilik əleyhinə sosial reklamlar görmüşəm. Var kommersiya reklamı, bir də var sosial reklam. Deyək ki, metropoliten kommersiya reklamları, xırda ticarət köşklərindən gələn gəlir hesabına bəzi istismar xərclərini ödəyə bilər. Platformada divarların boş qalmasındansa, hansısa maarifləndirici, sosial və ya lap olsun kommersiya xarakterli, amma təbii ki, abırlı reklam lövhələrinin olmasının kimə ziyanı var? Problem burasındadır ki, bizdə nümunəvi formanı tapmaqda həmişə çətinlik çəkirlər. Ticarət köşklərinə icazə verilirsə, bu, mütləq insanların gediş-gəlişinə mane olacaq tərzdə, təhlükəsizlik qaydalarına riayət edilmədən həyata keçirilir, reklam işində də reklam şərtlərinə tərs-mütənasib üsullardan istifadə olunur. Hərçənd, mən əmin deyiləm ki, metroda reklam lövhələri həmişəlik yığışdırılıb. Zənn edirəm ki, yeni rəis əvvəlki reklam müqavilələrini ləğv edib, hansısa başqa reklam şirkətləri ilə işləyəcək. Təəssüf ki, bizdə metropolitenə sadəcə, ən münasib müasir nəqliyyat vasitəsi kimi yox, bəzək vasitəsi, muzey kimi baxılır. Daha çox bər-bəzəyinə diqqət yetirilir, nəinki normal hərəkət sisteminin olmasına.

Məlahət Rzayeva