Vahid Əhmədovun mesajının ciddi əsasları var

Aydın Mirzəzadə: “Heç bir kənar qüvvənin təsir mexanizmi bu dövlətçiliyə xələl gətirə bilməz”
Zahid Oruc: “Proses tam nəzarət altındadır”



Milli Məclisin ötən iclasında millət vəkili Vahid Əhmədov diqqətçəkən bir çıxış edib. Ukraynada baş verən hadisələrlə bağlı çıxış edən deputat deyib ki, Ukrayna ətrafında baş verən proseslərdən ruhlanan bəzi qüvvələr Azərbaycanda tələskənliyə yol veriblər. O qeyd edib ki, onlar bununla iç üzlərini ortaya qoydular: "Təəssüf ki, bu cür qüvvələr hakimiyyət strukturlarına da sıza bilir. Qlobal səviyyədə şəbəkələşmiş gizli bir gücün hakimiyyət strukturlarına sızması Azərbaycan dövlətçiliyi üçün təhlükəlidir.

Bu, gələcəkdə dövlət içində dövlətin yaranmasına gətirib çıxarar və Azərbaycanın müstəqil şəkildə və heç bir qüvvədən asılı olmayan siyasət yürütməsinə məhdudiyyətlər yarada bilər. Əgər onların qarşısı indi alınmasa, bu təhlükə reallaşacaq. Hamı bilməlidir ki, Azərbaycanda bütün fəaliyyət millətin və dövlətin təhlükəsizliyi və rifahı üçündür. Müstəqilliyimiz hər şeydən əziz və dövlətin toxunulmazlığı qırmızı xətdir”.

Millət vəkilinin məlum fikirlərini şərh edən həmkarları isə heç bir kənar təsirlərin Azərbaycan dövlətçiliyinə xələl gətirəcək səviyyədə güclü olmadığı qənaətindədir.

Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, hansısa bir şəbəkələşmiş gücün Azərbaycanda hakimiyyət orqanlarına daxil olması, hakimiyyət strukturlarını təsir altına alması mümkün deyil: "Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş indiki prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlətçilik siyasəti ancaq və ancaq ölkəmizin milli maraqlarına xidmət etməsinə yönəlib. Bu gün demokratik seçkilər əsasında formalaşan dövlət hakimiyyəti Konstitusiya əsasında fəaliyyət göstərir və milli maraqlardan üstün hər hansı bir maraqlara xidmət etmir. Heç bir kənar qüvvənin təsir mexanizmi bu dövlətçiliyə xələl gətirə bilməz”.

Millət vəkili Zahid Oruc isə Vahid Əhmədovun dövlət idarəçiliyindəki təcrübəsini xatırladaraq onun narahatlıqlarının əsaslı ola bilmə ehtimalını vurğulayıb: "Vahid Əhmədov zamanında hökumətdə yüksək vəzifə tutub və bir müddətdir, parlamentdə həmkarımız olaraq fəaliyyət göstərir. Kifayət qədər hazırlıqlı, ciddi və hər hansı mövqeyini gündəmə gətirərkən də sadəcə emosiyalara deyil, məntiqə söykənir və milli mənafelərimizə nə qədər bağlı olduğunu götür-qoy edərək hərəkət edir. Bu mənada onun parlamentdə qeyd etdiyi "Qlobal səviyyədə şəbəkələşmiş gizli bir gücün hakimiyyət strukturlarına sızması Azərbaycan dövlətçiliyi üçün təhlükədir”. Eyni zamanda, "müstəqilliyimiz hər şeydən əzizdir və dövlətin toxunulmazlığı qırmızı xətdir” kimi açıqlamaları müəyyən qədər rezonans doğurub. Zənnimcə, bu təhlükələrin açımını da məhz hörmətli həmkarımız verməlidir. Əgər bu, dövlətçiliyimiz üçün təhlükə mənbəyi kimi söhbət daha çox "nurçu”luq cərəyanına tapınan və onlar haqqında mediamızda yer alan məsələlərdən gedirsə, düşünürəm ki, bu yöndə dövlətin müvafiq qurumları yetəri qədər nəzarət mexanizmi həyata keçirməkdədirlər. İdarəetmə termini ilə desəm, proses tam nəzarət altındadır. Ancaq hər hansı bir şəxsin xarici dövlətin, dini cərəyanın təəssübünü çəkməsi, onun təsiri altına düşməsi, öz sisteminə daxili baxışlarından çıxması, ideoloji hopdurmalara məruz qalması çox ciddi bir problemdir. Yaxşı xatırlayıram ki, bir dəfə Vladimir Putin xalqla dialoq səviyyəsində keçirdiyi mətbuat konfranslarının birində "nə üçün Çubaysı tutmursuz” deyə, sual verən vətəndaşa cavabı belə olub:

"O, həbs üçün əsasları tam yaratmayıb. Ancaq hər zaman ona söyləmişəm ki, ətrafında olan xarici agentura mərkəzlərinin nümayəndələrini təmizlə”. Bu o deməkdir ki, iqtisadi sistemə də, siyasi sistemə də müxtəlif sətirlər altında şəbəkələr daxil olmağa çalışır. Amma mən düşünmürəm ki, "nurçu”lar təhsil sahəsindən hərəkət edərək oturuşmuş, təşkilatlanmış və konkret ierarxiyaları olan və idarəçilikdə vahid mərkəzə tabe olan və günün birində də Azərbaycanda idarəçiliyi ələ alacaqları səviyyədədir. Açığı, buna heç inanmağım da gəlmir. Məncə, "nurçu”lardan gələcək təhlükələr Azərbaycanda şişirdilmiş versiyalardır. Bir daha Vahid Əhmədovun mövqeyinə hörmətlə yanaşaraq, dövlətçiliyimizə olan təhlükə ilə bağlı məsələlərin ona bəlli olduğunu, informativ bazasının genişliyinə söykənərək belə bir açıqlama verməsinə də şübhə ilə yanaşmadığımı vurğulamaq istərdim”.

Şəymən