"Suriyada 250 mücahidlə yaxınlıq edən qadın, artıq cihad etmiş sayılır və cənnətə düşür”. Bu absurd "fətva”nı Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən qiyamçı qruplaşmaların əmirləri sosial şəbəkələrdə yayıblar. "Cihad əl-nikah” adlanan "fətva” ilə bağlı Sumqayıtdakı "xəvariclər” daha aktiv fəaliyyət göstərir.
Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, sözügedən dini qruplaşma islam pərdəsi altında qadınları müharibəyə çəkməyə cəhd edirlər. Məqsəd isə mücahid kişilərin ehtiyaclarını ödəməkdir. Əməliyyatçılar Sumqayıtın II mikrorayonunda yaşayan bir qadının öz uşaqlarını götürüb Suriyaya cihada getdiyini ortaya çıxarıblar. Diqqətçəkən əsas məqamlardan biri odur ki, radikal sektaların "fətva”sına aldanıb Suriyaya gedənlərin çoxu təhsilli deyillər. Hətta çoxu 10-cu sinfi başa vurmayanlardır. Təbii ki, belələrini aldatmaq və cihad etməyə yollanacaqları halda cənnətə gedəcəklərinə inandırmaq daha asandır.
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə düşünür ki, cihadla bağlı sərsəmləmələr insan alverçiləri üçün bir vasitədir. Onlar bundan istifadə edərək qadınları ölkədən çıxardaraq cinsi istismar edir və gəlir əldə edirlər: "İnsan alverçiləri qadınları fahişəliyə və digər növ əxlaqsız biznesə cəlb etmək üçün müxtəlif vədlər verirlər. Məsələn, iş, yüksək maaş, ailə qurmaq və s. "Cihad əl-nikah” deyilən şey də yüzlərlə qadını ölkədən kənara çıxardaraq pul qazanmağın ən asan və problemsiz vasitəsidir. Bu sahədə peşəkar psixoloqlar çalışırlar. Onlar bilirlər ki, hansı vədlərlə qadınları cəlb etmək mümkündür”. M.Əzizovanın sözlərinə görə, məsələyə dini prizmadan yanaşmaq düzgün deyil: "Təəssüf ki, bu problemə insan alveri kimi yox, dini prizmadan baxılır. Hadisəni eşidənlərin çoxu deyir ki, "qoy getsinlər, qayıtmasınlar, elələrinin ölkədə olmaması daha yaxşıdır”. Bu yanaşma doğru deyil. Suriyaya gedən qadınları və kişiləri xilas etmək lazımdır. Onlar məkrli qüvvələrin qurbanına çevrilirlər. Buna görə də, onları yox, həmin qızları bu yola sövq edənləri cəzalandırmaq lazımdır”.
İlahiyyatçı-alim Elşad Miri isə qeyd edib ki, bu, absurd çağırışdır və dinlə heç bir əlaqəsi yoxdur: "İslam dinində belə bir "fətva”nın heç bir əsası yoxdur. Bu, adıçəkilən həmin sekta üzvlərinin ehtiyacını ödəmək üçün həyata keçirilən məqsədyönlü bir təbliğatdır. Həqiqi dindarlar belə əsassız şeylərə aldanmır. Dini maarifləndirmə aparılsaydı, belə hadisələrə rast gəlinməzdi. Həmçinin, valideynlər də azyaşlı övladlarına sahib çıxmalı, onları yanlış inanclardan uzaq tutmalıdır”.
İsmayıl