Oğlanlara şad xəbər

Magistrlər də hərbi xidmətdən möhlət hüququ alacaqlar



Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, Elm haqqında qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq:

"Keçən ilin payız sessiyasından qanun layihəsi hazırdır və indi bəzi xərc tutumlu maddələrin müzakirəsi aparılır.

Magistr və doktoranturada təhsil alan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsinə dair maddə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsi ilə bağlı bütün rəylər, təkliflər, iradlar, tövsiyələr alınıb. Yalnız xərc tutumlu maddələrin müzakirəsi gedir. Bu işlər tamamlanandan sonra Elm haqqında qanun layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarıla bilər”.

Ş.Hacıyev magistratura və doktoranturada oxuyanların möhlət məsələsinə də münasibət bildirib: "Burada söhbət yalnız möhlət hüququndan gedir. Təhsil Boloniya prosesinə əsasən 3 pilləlidir: bakalavriat, magistratura və doktorantura. Hər 3 pillədə biz tərəfdarıyıq ki, oğlanlara hərbi xidmətdən möhlət hüququ verilsin. Bu məsələ "Elm haqqında” qanun layihəsində öz əksini tapıb. Yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir. Bu sessiya başa çatana kimi biz çalışacağıq ki, müzakirəyə çıxarılsın”.

Möhlətin hansı formada veriləcəyinə gəlincə komitə sədri qeyd edib ki, oğlan tələbələr bakalavriatı başa çatdırıb magistraturaya qəbul olunacaqsa, həmin şəxslər hərbi xidmətdən möhlət almaq hüququna malik olacaq. Onun sözlərinə görə, bu eyni zamanda magistraturadan doktoranturaya keçənlərə də şamil olunacaq.

Təhsil üzrə ekspert Əjdər Ağayev magistrlara və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsini müsbət qarşılayır: "Burada təhsilin fasiləsizliyini təmin etmək istəyirlər. Ona görə də bu qanunu qəbul edirlər. Çünki burada biliklərə yiyələnmək sistemli, ardıcıl olmalıdır, yəni arada unutqanlıq olmasın, bununla bərabər nəzəriyyə ilə bağlı onun tətbiqi də olmalıdır. Gənclərimiz üçün dəyərli və fayda verəcək qanundur”. Ə.Ağayev qanunun icrasından kimin necə yararlanacağına, sui-istifadəsinə də münasibət bildirib: "Əgər qanun qəbul olunub, tətbiq edilirsə, MM və digər aidiyyəti qurumlar onun icrasına nəzarət etməlidir. Buna mətbuat və ictimaiyyət də nəzarət edə bilər ki, qanun şəffaf olaraq tətbiq edilsin”.

Vüqar Şahinoğlu