“50 yaş insanın müdrikləşən yaşıdır”

Nadir Bayramlı: “Mən həyatı olduğu kimi qəbul edənlərdənəm”
“Kənara çəkilib öz sənətimlə məşğul olmuşam. Efirlərdə görünməməyimin səbəbi isə mənim təqsirim deyil”


Hərənin bir ömür payı var. Bunu necə yaşamaq seçimi isə yalnız insanın özündən asılı olur. Kimisi şərəfli ömür yaşamaq üçün az qala hər gün, hər gecə zəhmət çəkir, kimisi isə sadəcə yaşamaq xatirinə yaşayır. 50 yaş ömrün müdrikliyə açılan qapısında olan açara bənzəyir. Sən o qapını aça bildinsə, sonrakı illəri yaşamaq bəlkə də daha asan olur.

Çünki 50 yaşda insan müdrikləşir, kamilləşir. Elə bu günümüzün 50 yaşlı qəhrəmanı barədə də danışarkən onun şərəfli ömür yaşadığını demək olar. Bir əsrin yarısı... Əslində cavanlığın yaşlandığı, yaşlıların cavan olan ömür yolu adlandırırlar 50 yaşı. Müğənni Nadir Bayramlı bu gün 50 yaşını qeyd edir. İllərdir səhnədə olan, qalmaqallardan uzaq olan, hər zaman kübarlığı, insaniyyəti, şəxsiyyəti ilə seçilən Nadir Bayramlı barədə əslində xoş sözlər demək o qədər də çətin deyil. Çünki hər sözündə bir təmkin, hər açıqlamasında bir insani münasibət, hər addımında bir Allaha sevgi hiss olunur. Səhnədə olan, ömrünün yarısından çoxunu yaradıcılığına həsr edən sənətkarın ömür yoluna nəzər salmaq istədik. Biz də öz payımızdan Nadir Bayramlının 50 illik yubileyini təbrik edənlər arasına qoşulduq. Mətbuata xüsusi bir hörmət və sevgisi olduğundan hər zaman dəyərli olmağı bacarıb. Elə bu gün də o dərin qiymətini bir də göstərmiş olduq. 50 yaşlı sənətkarı "Şərq” olaraq təbrik etmək istədik. Digər şou nümayəndələri kimi adı qalmaqallarda hallanmayan müğənni daha çox yeni mahnıları ilə gündəmdə olur. İfaçılıqla yanaşı, bəstəkarlıqla da məşğul olan N.Bayramlı el şənliklərində də iştirak edir.

- Necəsiz, Nadir müəllim? 50 ilin qapısını döydüz. 50 rəqəmi sizi qorxutmadı?

- Təşəkkür edirəm. Hər zaman verdiyiniz dəyərə görə "Şərq”ə və "Şərq”çilərə təşəkkür edirəm. Yox, 50 yaş əslində insanın həqiqətən müdrikləşən yaşıdı. Mən həyatı olduğu kimi qəbul edənlərdənəm. Sənət aləmində bir müğənni kimi, bir sənət adamı kimi tanınıram. 1992-ci ildən bu günə qədər televiziya ekranlarındayam. Həmişə çalışmışam ki, Azərbaycan musiqisini bacardığım qədər yaxşı təmsil edim. Buna nə qədər nail olmuşam, tamaşaçı bilər.

- 50 yaşınızı təmtəraqlı qeyd edirsiz...

- Bəli, bu il 50 illik yubileyimdə istədim sənət dostlarımı, mətbuatda mənə doğma olan insanları, dostlarımı bir araya toplayım. 50 yaş bir az özəl olur. Mənə elə gəlir ki, bu yaşı qeyd etmək lazımdı. Allah bizə ömür verib. Hərənin bir ömür payı var. 50 yaş isə gözəl bir rəqəmdi. 50 yaşın özəlliyi var. Allah bizə hələ bir çox illər dostlarla bir arada olmağı qismət etsin.

- Niyə məhz səhnəni seçdiz?

- Əslində biz sənəti seçmirik, sənət bizi seçir. Bu, Allahın verdiyi bir istedaddır. Hər insan sənətçi olmağı arzu edər, amma ola bilməz. Allahın bizə verdiyi bu səsi, istedadı dəyərləndirmək lazımdır. Mən də uşaqlığımdan hiss edirdim ki, o istedad məndə var. Oxumağı bacarıram, musiqiyə böyük həvəsim var. Artıq 10 yaşımdan sonra böyük bir həvəslə musiqinin ardınca düşdüm. 13-14 yaşlarımdan hərbi xidmətə qədər musiqiçilərə qoşularaq toy məclislərində oxumağa başladım. Hərbi xidmətdən qayıtdıqdan sonra sərbəst şəkildə müğənnilik sənəti ilə məşğul oldum. Daim öz sənətimin üzərində çalışıram. Bu yaxınlarda yeni musiqi albomum çıxacaq. Buraya da dediyim kimi, xalq mahnıları və bir çox yeni bəstəkar mahnıları daxildir.

- Repertuarınızda sevgi mövzusuna daha çox müraciət edirsiz...

- Sevgi gözəldir. İnsanı sevmək, Allahın verdiyi bütün nemətləri sevmək bizim Yaradana olan sevgimizdən doğur. Bu sevgini mahnı ilə də ifadə etmək olar. Buna görə də bu tip mahnıları sevərək oxuyuram. Ümumiyyətlə, çalışıram ki, bütün janrlarda oxuyum.

- Şou-biznesdən uzaq qalmaq təbiətinizlə bağlıdı?

- Demək olar ki, mən heç vaxt şou-biznesdə olmamışam. Çox istəyiblər olum. Ancaq mən qalmaqallardan uzaq olmaq istəmişəm. Şou-biznes də belədir ki, gündəmə gəlmək istəyən qalmaqallardan istifadə edir. Ona görə də mən kənara çəkilib öz sənətimlə məşğul olmuşam. Efirlərdə görünməməyimin səbəbi isə mənim təqsirim deyil. Nə vaxt dəvət edirlər, mən onda efirə çıxıram. Gündəmdə qalmaq, tamaşaçının nəzərini cəlb etmək üçün elə musiqilər seçmək lazımdır ki, unudulmayasan. Bizim də qazancımız çox vaxt toy məclislərindən olduğu üçün biz bəzən belə mahnılara yer verməyə məcbur oluruq. Ancaq onu da çalışırıq yaxşı ifa edək ki, bəyənilsin. Bəzən ola bilər ki, mahnı çox da səviyyəli olmasın, ancaq ifaçı yaxşıdırsa, bütün manevrləri onun üzərində yaxşı edə bilirsə, yəni istedadını göstərə bilirsə, mahnı da uğurlu alına bilər.

- Sosial şəbəkələrdən istifadə edirsinizmi?

- Əlbəttə, istifadə edirəm. Mənim şəxsi feysbuk səhifəm də var. Ancaq özüm çox ciddi məşğul olmuram. Bu işləri kiçik qızıma həvalə etmişəm. Xasiyyətimə yaxşı bələd olduğu üçün kimə nə cür cavab vermək lazımdır, qızım bilir. Bəzən önəmli bir şey olduqda mənə bildirir.

- Ailədə sizin yolunuzu davam etdirən varmı?

- Bəli, var. Oğlum Şəmsi Bayramlı yeni başlayıb oxumağa. Onun bu işin öhdəsindən necə gələcəyini isə zaman göstərəcək.

Tahirə