“Bir neçə şirkət dərman sektorunu monopoliyaya alıb”

“Həkimlər apteklərlə, dərman idxal edən firmalarla əlbir işləyir”




Baş nazirin müavini Əli Əhmədov dərman preparatlarının vahid qiymətə satılması ilə bağlı Səhiyyə Nazirliyinin Nazirlər Kabinetinə təqdim etdiyi sənədin yaxın vaxtlarda təsdiq olunacağını deyib. Baş nazirin müavini bildirib ki, sənədin təsdiqi ilə ölkədə dərman satışı sahəsində süni bahalaşma hallarının qarşısı alınacaq.

Belə bir sənəd həqiqətən də təsdiqlənərsə, əhalinin kasıb təbəqəsinin ürəyindən olacaq. Hansısa həkimin resept yazıb "get, filan aptekdən al” deyə pasiyentini konkret ünvana göndərməsinin çoxumuz şahidiyik. İstiqamətləndirilən bu apteklərdə adətən dərman preparatının digər satış nöqtələrinə nisbətən baha olduğu üzə çıxanda isə "həkimin o apteklə işbirliyi var, satılan dərmanın müəyyən faizi həkimə çatır” kimi nəticəyə gəlinir. Nəinki apteklərə, hətta müayinə olunmaq üçün pasiyenti konkret ünvana yönləndirən həkimlər də var. Burda da yenə "faizi həkimə çatır” söhbəti gedir. Bu cür xoşagəlməz halların aradan qaldırılması üçün dərman bazarında vahid qiymət sisteminin tətbiqi nəzərdə tutulur. Vahid qiymət siyasəti tətbiq edildikdə, Azərbaycanda dövlət qeydiyyatına alınmış və dövlət reyestrinə daxil edilmiş bütün dərman preparatlarının qiymətləri həm özəl, həm də dövlət apteklərində eyni, təsdiq olunmuş dövlət qiyməti əsasında satılacaq.

Mütəxəssislər də vahid qiymət sisteminə keçidi müsbət qarşılasalar da, prosesdə bir sıra nüansların nəzərə alınmasını vacib sayırlar. Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla "Şərq”ə açıqlamasında bildirdi ki, dərmanlarla bağlı vahid qiymət sisteminin tətbiqi düzgündür:

- Bu, birinci növbədə əhali üçün xeyirlidir. Çünki eyni dərmanı müxtəlif apteklərdə müxtəlif qiymətlərə görən əhali çaş-baş qalır. Hazırda Azərbaycanda dərman bazarı bədnam durumdadır. Bir neçə şirkət dərman sektorunu monopoliyaya alıb, öz nüfuz dairəsində saxlayır. Özlərinin tabeliyində olan apteklərə dərmanları ucuz qiymətə verirlər, başqalarına baha. Dərmanlara vahid qiymət siyasətinin uğurlu alınması üçün ən əsas şərt bütün apteklərin bazadan dərmanları eyni qiymətə almasını təmin etməkdir. Belədə qiymətin üzərinə ancaq ƏDV əlavə edilmiş olacaq. Bu olacaqsa, proses gözlənilən nəticəni verəcək, əks halda yenə hərc-mərclik olacaq. Məlumdur ki, bəzi hallarda həkimlər apteklərlə, dərman idxal edən firmalarla əlbir işləyir. Həkim pasiyenti konkret bir aptekə göndərirsə, artıq şübhə yaranır ki, burada korporativ maraqlar var. Əlbəttə ki, bunların qarşısı alınmalıdır.

A.Qeybulla ölkəyə nəhəng sayda dərman preparatlarının daxil olmasının narahatlıq doğurduğunu bildirdi:

- Təsəvvür edin ki, ölkəyə adi "Seftriakson” antibiotiki 150-yə yaxın adda gətirilir. Başqa-başqa adlarda, amma eyni tərkiblidir. Buna nə ehtiyac var? Deməli, burada dərman firmalarının maraqları qorunur. Onlarla işbirliyinə gedilir. İnsanları aptekə gedib qrip, soyuqdəymə, öskürək, başağrısı əleyhinə dərman istədiyini, satıcının da böyük həvəslə preparatları təqdim etdiyini görürük. Baxın, Almaniyada reseptsiz bir dərman da ala bilməzsiniz. Həkim resepti olmadan heç bir aptek dərman satmır. Adi başağrısı dərmanı üçün də həkimdən resept tələb edirlər. Düzgün olan budur. Pasiyent özünə diaqnoz qoymamalıdır. Bizdə necədir? Aptekdə baxırlar reseptə, orada yazılan hansısa preparat satışda yoxdursa, başqa preparat təklif edir. Deyir ki, bunun da tərkibi eynidir. Belə davranış tibb qaydalarına qətiyyən uyğun deyil. Amma dərmanlar satılsın deyə, bunu edirlər, insanlar da inanır, alır, sonra da fəsadlarla üzləşirlər.

Məlahət Rzayeva