Amerikalı həmsədr Qarabağda sülhün altı elementindən söz açdı





ABŞ-ın İrəvandakı səfiri Con Hefern ATƏT-in Minsk qrupunun ABŞ-lı həmsədri Ceyms Uorlikin Qarabağ münaqişəsinin həlli üzrə açıqladığı və erməniləri çox məyus etmiş 6 prinsipdən danışıb.
Hefern deyib: "Həmsədr istəyib göstərsin ki, ABŞ üçün Dağlıq Qarabağın statusu ətraf ərazilərin statusundan fərqlidir. Belə bir təəssurat formalaşır ki, həm Bakıda, həm də İrəvanda, cəmiyyətdə və Dağlıq Qarabağda bu ərazilərə eyni baxış mövcuddur, amma onlar fərqli ərazilərdir və onlar üzrə nəticələr də fərqli olmalıdır”.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün Vaşinqtonun Karnegi Fondunda çıxış edərək beynəlxalq vasitəçilərin Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə təkliflərini elan edib.
Ceyms Uorlik deyib ki, bu təkliflər həmsədr ölkələrin prezidentlərinin əvvəlki bəyanatlarına əsaslanır və hazırda 6 təməl elementdən asılıdır. Bu elementlər hər-hansı birini prioritet olaraq götürmədən, paket halında qəbul edilməlidir. "Əks halda bu, danışıqları pozacaq” - deyə Uorlik bildirib.
Birinci element tərəflərin Dağlıq Qarabağın müvəqqəti statusu ilə razılaşaraq, onun yekun hüquqi statusunun müəyyən edilməsini gələcəyə saxlayırlar.
İkinci element ondan ibarətdir ki, bu müvəqqəti status minimum təhlükəsizliyə və keçmiş Dağlıq Qarabağ vilayətinə daxil olan ərazilərin özünüidarəsinə zəmanət versin.

Üçüncü element: Qarabağ ətrafında işğal edilmiş ərazilər Azərbaycana qaytarılır.

Dördüncü element: Laçından Qarabağı Ermənistanla birləşdirən dəhliz olmalıdır. Dəhliz əlaqələr üçün kifayət edəcək qədər olmalı, bütün Laçın rayonunu əhatə etməməlidir.

Beşinci element: Qaçqınlar və köçkünlər daimi yaşayış yerlərinə qayıtmalıdır.

Altıncı element: Tənzimlənmə beynəlxalq sülhməramlı əməliyyat nəzərdə tutmalıdır, bunsuz sülhə zəmanət vermək mümkün deyil.

Qeyd edək ki, Ceyms Uorlikin Qarabağ münaqişəsinin həllinə dair açıqladığı bu elementlər erməniləri qəzəbləndirib. Amerika Erməni Milli Komitəsi təcili bəyanatla çıxış edərək amerikalı həmsədrin mövqeyindən "məyus olduğunu” açıqlayıb.