Azərbaycan Avropa Şurasında sədrliyə hazırlaşır

Fəzail İbrahimli: “Nüfuzlu beynəlxalq quruma sədrlik etmək Azərbaycana xeyli üstünlüklər verəcək”
Aydın Mirzəzadə: “Azərbaycan Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə daha ciddi şəkildə çatdıra biləcək”





May ayının 14-dən etibarən Avropa Şurası Nazirlər Kabinetinə sədrlik Azərbaycana keçəcək. Sədrliyi Avstriyadan alan Azərbaycan noyabr ayınadək, yəni 6 aylıq müddətinə komitəyə rəhbərlik edəcək. Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev quruma sədrlik dövründə Azərbaycanın dörd əsas prioriteti olacağını açıqlayıb.

Bunlar korrupsiya ilə mübarizə, sosial məsələlər, Azərbaycana xas olan multikultiralizm və təhsil məsələsidir. Lakin məlum olduğu kimi, Dağlıq Qarabağ uğrundakı Ermənistan-Azərbaycan savaşı yalnız cəbhə xəttində getmir. Azərbaycan Ermənistanın işğalçı siyasətini ifşa etmək üçün müxtəlif beynəlxalq tədbirlərdə, qurumlarda mübarizə aparır. Avropa Şurasında da Azərbaycan nümayəndə heyəti hər zaman fəal olub. Bu baxımdan Avropa Şurasının Nazirlər Kabineti beynəlxalq tribuna kimi Azərbaycan üçün önəmlidir.

Azərbaycanın Avropa Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, deputat Fəzail İbrahimlinin sözlərinə görə, Azərbaycanın sədrliyi ümumi prosedur qaydasıdır. Rotasiyaya uyğun olaraq Avropa Şurasının 47 üzvü olan hər bir dövlət 6 ay müddətinə şuranın Nazirlər Komitəsinə rəhbərlik edəcək: "Amma buna baxmayaraq komitəyə sədrlik mühüm məsələdir. Sədrliyə başlamağımız Azərbaycan dövlətinin və millətinin uğurudur. Çünki nüfuzlu beynəlxalq quruma sədrlik etmək Azərbaycana xeyli üstünlüklər verəcək. Başlıcası isə Azərbaycanın haqq işini dünyaya çatdırmaq, ən azından gündəliyə anti-Azərbaycançı fikirlərin, layihələrin, çıxarılmasının qarşısını almağa xidmət edəcək. Bu postda təmsil olunmaq kifayət qədər münbit siyasi şərait yaradır. Həmçinin, sədrlik səlahiyyətinin bizdə olması Azərbaycana qarşı qərəzli olanları mövqelərindən çəkindirəcək”. F.İbrahimli qeyd edib ki, Azərbaycan Nazirlər Komitəsində iclasların gündəliyini tərtib edəcək: "Gündəliyin tərtibinə sədrin hansı formada təsir etmək imkanı varsa, o formada da müdaxilə edəcəyik”.

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə də bildirib ki, Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrlik etməsi Qarabağ münaqişəsinin yoluna qoyulmasına müsbət təsir edə bilər: "Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ məsələsini hər zaman AŞ PA-nın gündəmində saxlayır və tribunadan Ermənistanın işğalçılıq siyasətini ifşa edirlər. Komitəyə sədrlik dönəmində istər-istəməz dünya birliyinin, Avropanın diqqəti Azərbaycana və onun problemlərinə yönələcək. Belə olan təqdirdə Azərbaycan Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə daha ciddi şəkildə çatdıra biləcək. Eyni zamanda sədrlik dönəmindən sonra Qarabağ məsələsilə bağlı arqumentlərimiz daha ciddi şəkildə səslənəcək. İstənilən halda sədrlik məsələsi bizə üstünlük qazandıracaq”.

İsmayıl