Tiflis sammiti Qərblə razılaşdırılmış hadisədir

Bu görüş həm də üç ölkənin təhlükəsizlik məsələsidir




Bölgədə, ümumiyyətlə dünyada geopolitik durumun gərgin olduğu bir zamanda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Tiflisdə toplaşaraq bir çox siyasi məsələləri müzakirə ediblər. Dövlət başçılarının dünya üçün maraqlı mesajları da məhz burada səslənib. Qeyd edək ki, "Tiflis sammiti” Azərbaycan-Gürcüstan və Türkiyə liderinin 7 ildən sonra ilk görüşü idi. Sonuncu dəfə üçlü görüş 2007-ci ildə baş tutub.

Türkiyə prezidenti Abdulla Gülün təşəbbüsü ilə keçirilən budəfəki sammitdə vurğulandı ki, birgə icra olunan iqtisadi layihələr üç ölkənin tarixi dostluq ənənələrini daha da möhkəmləndirir. Daha sonra keçirilən ikitərəfli və üçtərəfli görüşlərdən sonra prezidentlər mətbuata açıqlama veriblər. Həmkarlarına təşəkkür edən ev sahibi, Gürcüstan prezidenti Georgi Marqvelaşvili onların səylərinin artıq bəhrəsini verdiyini vurğulayıb: "Tərəfdaşlığımızın nəticələrini görürük. Bu gün icra etdiyimiz layihələr ölkələrimizi, xalqlarımızı, eləcə də Xəzər, Qara və Aralıq dənizlərini birləşdirir. Bütün bunlar regionumuzun sabitliyinə xidmət edir. Çünki ölkələrimiz sabitliyin saxlanmasında maraqlıdır. Hər bir tərəf əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu nümayiş etdirir. Bu, bizim iradəmiz və istəyimizdir”. Türkiyə prezidenti isə həmkarları ilə müzakirə olunan regional məsələləri diqqətə çatdırıb. Həm Gürcüstanın, həm də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini deyən Gül Ukraynada baş verənlərə laqeyd qalmadığını da bildirib. Azərbaycan prezidenti İlham Əliyev rəsmi Bakı, Ankara və Tiflisin həyata keçirdiyi Bakı-Tiflis-Qars dəmir yolu, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kimi layihələrin artıq regional çərçivədən çıxıb, qlobal miqyas aldığını qeyd etdi. Gələcəkdə icra olunacaq layihələr isə dünya üçün daha çox şey vəd edir. Prezident İlham Əliyev isə bildirib ki, enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər, bu gün dünya miqyasında ən önəmli məsələdir: "3 ölkə öz enerji təhlükəsizliyini demək olar ki, tam şəkildə təmin edib. Gələcəkdə bu üç ölkə Avropanın enerji təhlükəsizliyini təmin edəcək”. İ.Əliyev 3 tərəfli sammitin bir ənənə halını almasını və növbəti zirvə görüşünün də Azərbaycanda keçirilməsini təklif edib. Təklif digər prezidentlər tərəfindən müsbət qarşılanıb.

Politoloq Natiq Miri bildirib ki, 3 ölkə prezidentlərinin Tiflis sammiti geostrateji nöqteyi-nəzərdən çox əhəmiyyətlidir və ciddi siyasi hadisədir: "Nəzərə almaq lazımdır ki, qeyri-rəsmi olsa da, regionda bir Türkiyə-Azərbaycan-Gürcüstan ittifaqı mövcuddur. Bu ittifaq həm Azərbaycanı, həm Gürcüstanı Türkiyə vasitəsilə Qərbə, Avropaya daşıyır. Yəni bu bir pəncərədir. Eyni zamanda Xəzər hövzəsindən enerji daşıyıcılarının Avropaya çıxması üçün ciddi bir dəhlizdir. Ona görə də, üçlüyün zirvə toplantısını birmənalı olaraq geosiyasi tədbir və təhlükəsizlik görüşü adlandırmaq olar”. Politoloqun sözlərinə görə, əvvəllər Qərb dünyası, xüsusilə də NATO Türkiyənin regionda dominantlığına qarşı müəyyən qısqanclıq nümayiş etdirirdi. Amma indi Rusiyanın Krımı işğal etməsi və separatizmi gücləndirməsi Türkiyənin əhəmiyyətini artırıb: "Artıq NATO və Qərb Türkiyənin regionda bir çox məsələlərdə qarant rolunu tanımaq məcburiyyətindədir. Enerji dəhlizini qoruya biləcək yeganə güc Türkiyə ola bilər. Eyni zamanda Azərbaycan və Gürcüstanın kənar təhlükədən qorunmasında da Türkiyə mühüm dövlətdir. Bu üçlüyün birgə hərəkəti region üçün təhlükəsizliyi təmin edir. Bu da təbii ki, hər üç ölkənin özünün maraqları ilə yanaşı, Qərb dünyasının geosiyasi maraqlarına da uyğun gəlir. Bu baxımdan Tiflis görüşü həm də təhlükəsizlik məsələsidir. Hesab edirəm ki, artıq bundan sonra Türkiyənin çox aktiv fəaliyyətini, xüsusilə də hərbi yöndə aktivliyini müşahidə edəcəyik. Ona görə də bu tarixi sammitdən böyük ümidlər və gözləntilər var”.

Ekspert onu da vurğulayıb ki, indiki dövrdə belə bir tədbirin keçirilməsi Qərblə razılaşdırılmış görüşdür: "Bu tədbir həm də Rusiyaya bir mesajdır. O mənada ki, əgər Rusiya Azərbaycana və Gürcüstana müdaxilə arzusuna düşərsə, bu iki dövlətin tək olmadığını xatırlayacaq”.

İsmayıl