Amerika Qarabağ məsələsində real iş görmək istəmir

Leyla Əliyeva: “Rusiyanın separatizm siyasəti nəticəsində yaranan siyasi mühit, ABŞ-ın regionda nüfuzunu itirməmək üçün hərəkətə keçməsini tələb edir”





Rusiyanın Krımı işğal etməsindən sonra ABŞ administrasiyasında postsovet məkanı ilə bağlı narahatlıq artıb. Artıq Vaşinqtonda əminlik yaranıb ki, separatizm ocaqları, Dağlıq Qarabağ kimi münaqişələr Rusiyanın postsovet ölkələrinə müdaxilə imkanlarını dəfələrlə artırır. Ona görə də Moskvanın əlindən bu rıçaqı almağın yolları axtarılır.

Bu barədə ABŞ-ın məşhur Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer maraqlı açıqlamalar verib. Onun dediyinə görə, may ayında Obama administrasiyası Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ konfliktinin həlli üzrə yeni həll təşəbbüsünü elan edəcək. Konfliktoloqa görə, Dağlıq Qarabağa dair sülh səyləri indiyədək o səbəbə uğur gətirməyib ki, ABŞ mübahisəli məsələdə Azərbaycanla Ermənistana əsas tərəflər kimi baxıb və Kremlin konflikti uzatmasında roluna diqqət yönəltməyib. Bəs, yeni plan və səylər uğurlu nəticələnə bilərmi?

Politoloq Leyla Əliyeva ABŞ-ın konkret təklif və planlarını bilmədiyi üçün dəqiq proqnoz verməyin çətin olduğunu deyib: "Təkliflər və onların mahiyyəti ilə tanış olsam, deyə bilərdim ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa ciddi irəliləyişlərə nail olmaq olar, ya yox. Hesab edirəm ki, Obama administrasiyası Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ konfliktinin həlli üzrə yeni həll təşəbbüsünü elan edən zaman hansısa tərəfə qarşı mütləq təzyiqlər etməlidir. İstənilən halda, hər bir təklifin həyata keçməsi üçün müəyyən güzəştlər edilməlidir. Reallıq isə ondan ibarətdir ki, tərəflərdən heç biri güzəştə getmək istəmir, heç buna hazır da deyillər. Təbii ki, Azərbaycan danışıqlar prosesində güzəştlərə gedir, amma yalnız ərazi bütövlüyümüzün bərpası müqabilində. Ermənistan isə Azərbaycanın ərazi bütövlüyünün bərpasında maraqlı deyil. Münaqişəni aradan qaldırmağın yeganə yolu təzyiqlər yolu ilə Ermənistanı yola gətirməkdir ki, ABŞ-da buna getmək istəmir”.

Rusiyanın Krımı ilhaqından sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ABŞ-ın fəallaşmasının elə bir müsbət əhəmiyyəti olmadığını vurğulayan politoloqun sözlərinə görə, Vaşinqtonun bütün narahatlıqları bəyanatlar səviyyəsindən yuxarı qalxmır. Bu isə real iş demək deyil: "Sözsüz ki, səslənən bütün bəyanatlar Birləşmiş Ştatların ölkəmizə olan marağının göstəricisidir. Lakin ABŞ rəsmiləri Rusiyanın Krımla bağlı bəlli siyasətindən sonra ehtiyatlı davranmağa və daha çox düşünməyə üstünlük verirlər. Qarşı tərəfdə münaqişənin həlli üçün istək var. Ancaq 20 illik təcrübə göstərdi ki, münaqişənin həllində məsuliyyət daşıyan ATƏT-in Minsk Qrupu üzərinə düşən işin öhdəsindən gələ bilmir. Yəni bu mexanizm effektiv deyil. Buna görə də münaqişənin həllini sürətləndirmək üçün alternativ yollar irəli sürülməlidir”.

Politoloq hesab edir ki, atəşkəs sazişinin vaxtının bitməsinə baxmayaraq, hələ də yeni addımlar atılmır: "Çünki hazırda Ukrayna hadisələri Qərbin diqqətini tamlığı ilə özünə cəlb edib. Rusiyanın separatizm siyasəti nəticəsində yaranan siyasi mühit, ABŞ-ın regionda nüfuzunu itirməmək üçün hərəkətə keçməsini tələb edir. Lakin ABŞ rəsmiləri hələ ki, hesablamalar aparmaqla məşğuldurlar. Onlar Rusiyanın regionda daha nələrə əl ata biləcəyini müzakirə edirlər. Eyni zamanda, Ukraynadan sonra Rusiya siyasətçilərinin digər postsovet ölkələri ilə bağlı səsləndirdikləri fikirlər də, ABŞ-ı götür-qoy etməyə məcbur edir. Lakin hazırkı məqamda gələcəklə bağlı konkret nələrsə demək olmaz. Rusiyanın ambisiyaları dəqiq bəlli olduqdan sonra hesab edirəm ki, Qərb də buna cavab addımlar atacaq. Düşünürəm ki, strateji hesablamalar başa çatdıqdan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də bağlı konkret qərarlar qəbul oluna bilər”.

Şəymən