Fikirlər haçalandı: 9 Mayın qələbə günü kimi qeyd olunmasının tərəfdarları daha çoxdur





Sabah 9 May Qələbə günüdür. 2-ci Dünya müharibəsində SSRİ-nin Almaniya üzərində qələbəsinin 69-cu ili tamam olacaq. Hər il ölkəmizdə 9 may Qələbə Günü müxtəlif formalarda bayram kimi qeyd olunur. Lakin artıq sovetlər birliyi dağılıb. O üzdən son illərin bir sualı da budur ki, ümumiyyətlə, müstəqil Azərbaycanda mayın 9-u Qələbə bayramı kimi qeyd olunmalıdırmı? Digər tərəfdən də, məlum olduğu kimi, 8 may Şuşanın işğal günüdür. Şuşanın işğalından bir gün sonra qələbə gününü qeyd etmək nə dərəcədə düzgündür?

Qələbə gününün Azərbaycana heç bir aidiyyəti olmadığını vurğulayan sabiq təhsil naziri, professor Firudin Cəlilov 9 mayın dövlət səviyyəsində qeyd olunmasının əleyhinə olduğunu bəyan edib: "Hesab edirəm ki, 9 may Azərbaycanda bayram günü kimi qeyd olunmamalıdır. Əvvəla, bu, bizim müharibə olmayıb. Burada söhbət Rusiya-Almaniya arasında hegemonluq uğrunda başlanan müharibədən gedir. Bu müharibədə milyonlarla insan qırıldı. Çox təəssüflər olsun ki, bizi də bu müharibədə iştiraka sövq etdilər. Xalqımız içində elə bir ailə yoxdur ki, bu müharibədə şəhid verməsin. Bizə aid olmayan bir müharibədə iştirak etmişiksə, onun qələbəsini qeyd etməyin heç bir mənası yoxdur”.

Deputat Zahid Oruc 9 mayın bayram kimi qeyd olunmasının gərəkli olduğunu düşünənlərdəndir: "Hesab edirəm ki, ideoloji mahiyyət daşımasından asılı olmayaraq insanlar bu ölkənin vətəndaşları olaraq yaşayırdılar. Onlar faşizm üzərində qələbə üçün canlarını fəda etdilər. Həmin qələbə üçün ağır və məşəqqətli bir yol keçildi. Bütün sovet insanları, sosialist düşərgənin nümayəndələri, çoxlu sayda xalqlar, o cümlədən Azərbaycan əsgərləri müharibədə igidliklə vuruşub, şər üzərində qələbə qazanıblar. 9 maya ideoloji və sovet sisteminin başqa bir sistem üzərində qələbəsi kimi yanaşmaq, milyonlarla insanın ruhunu zərbə altında qoymaq olmaz. 69 il əvvəlki hadisələrə qələbə ruhu verməmək çox yanlış addım olardı. Bu məsələyə yönəlik təftişedici mövqedə olanlar var. Onlar o dövrdəki hadisələrə Stalinə münasibət kontekstində və bunun cəmiyyətə təsiri kimi şərh etməkdədirlər. Amma bu, mahiyyətcə vətən uğrunda savaş, işğalçıya qarşı mübarizə idi”.

Hərbi ekspert Üzeyir Cəfərova görə isə 9 mayı bayram kimi qeyd etməsək, ata-babalarımızın ruhuna hörmətsizlik etmiş olarıq: "Azərbaycanlılar 1941-45-ci illər müharibəsində kifayət qədər canlı qüvvə ilə iştirak etdilər. Ona görə də həmin insanların xatirəsi yad edilməlidir. 9 mayın qeyd edilməsində qeyri-adi bir şey yoxdur. Barmaqla sayılacaq qədər az qalan veteranlara hörmət edilməlidir. Biz tariximizi unutmamalıyıq. Unutsaq, düşmənlərimiz bundan yararlana bilər”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da 9 mayın dövlət səviyyəsində bayram günü kimi qeyd olunmasının əleyhinə olduğunu deyib: "9 may vaxtilə faşizm üzərində qələbə günü kimi qeyd olunurdu. Bu gün isə vəziyyət tamamilə dəyişib. O vaxtları faşist Almaniyasının üzərində qələbə çalan ölkənin özündə bu gün faşizm baş qaldırıb. Mahatma Qandinin ikinci dünya müharibəsinin nəticələri ilə bağlı Ruzveltə yazdığı məktubda qeyd olunub: "Mən sizi təbrik eləmirəm. Sadəcə olaraq, şərə qarşı mübarizədə başqa bir şər qalib gəlib”. Bu gün Rusiyanın yeritdiyi siyasət də həmin məktubun özünü doğrultduğuna sübutdur. Hesab edirəm ki, 9 may qələbəsi faşizm üzərində fundamental qələbə çalmadığı üçün Azərbaycanda bayram günü kimi qeyd olunmasına ehtiyac yoxdur. Nə vaxt ki, dünyada faşizmin son təzahürləri aradan qalxacaq, biz də həmin günü təntənəli şəkildə bayram kimi qeyd edərik. Faktiki olaraq, rus faşizmi dünyaya meydan oxuyur, ayrı-ayrı xalqların həyatı üçün təhlükə mənbəyinə çevrilib. Söhbət hansı qələbədən gedir və biz nəyi qeyd edirik?

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə 9 Mayın Qələbə günü kimi qeyd olunmasının əleyhinə olanların əleyhinədir: "9 Mayı Qələbə günü kimi qəbul etməyən insanlar mənim aləmimdə savadsız adamlardır. Zəhmət də olsa, tarixi açıb oxusunlar. Görsünlər ki, nə qədər

azərbaycanlı Dünya müharibəsində iştirak edib, faşist üzərində qələbə naminə həyatından keçib. Baxsınlar ki, müharibə zamanı 95 faiz yanacaq Azərbaycan nefti hesabına təmin olunub. Azərbaycan neftçiləri bu qələbə naminə həyatlarını ortaya qoyub, minalanmış buruqlarda işləyib. Bunun üstündən xətt çəkmək olmaz. Bu ən azı bisavadlıqdır. Tarixdə Azərbaycanın adına bir dənə qələbə yazılıbsa, o da 1941-45-ci illərdə faşizm üzərində çalınan qələbədir. Və bunu unudan insanlar ən azı nadandırlar”.

Şəymən