Rusiyada silahlı azərbaycanlı bir ailəni girov götürdü (FOTO)

Keçirilən əməliyyat nəticəsində azərbaycanlı tutulub




 Rusiyanın Nijnevartovsk şəhərində silahlı azərbaycanlı bir ailəni girov götürüb.

ANS PRESS-in məlumatına görə, Rusiyanın Nijnevartovsk şəhərində bir ailəni girov götürmüş azərbaycanlıya qarşı generalın rəhbərliyi ilə xüsusi əməliyyat gedir. Əməliyyata SOBR xüsusi təyinatlıları və snayperlər cəlb olunub.

Dramatik hadisə yerli vaxtla saat 16-da başlayıb. Nijnevartovsk şəhər daxili işlər idarəsinin mühafizə polisinin iki əməkdaşı İnternasionalnaya küçəsində, 10A nömrəli binanın yaxınlığında iki şübhəli şəxsi saxlayaraq sənədlərini yoxlamağa cəhd edib.

Şahidlərin bildirdiyinə görə həmin şəxslər sənədlərini təqdim etməkdən imtina edərək polisləri öldürmək istəyiblər. Onlardan biri tapançadan polisə atəş açıb, daha sonra şübhəlilər qaçaraq hadisə yerindən uzaqlaşıblar. Şübhəlilərdən biri yaxınlıqdakı binada gizlənib və orada yaşayan ailəni silahla təhdid edərək girov götürüb.

Girovların azad edilməsi üçün xüsusi əməliyyat başlayıb. Yaralı polis əməliyyat olunub və onun həyatı üçün təhlükə yoxdur.


Digər cinayətkarın axtarışı üçün "Vulkan” kod adı altında əməliyyat başlayıb.

Silahlı azərbaycanlının girov saxladığı şəxsi azad etmək üçün başladılan xüsusi əməliyyat çərçivəsində yaxınlıqda yaşayan 300-dən çox sakin evakuasiya edilib. Bina xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb, evlərin üstündə snayperlər yerləşdirilib. Xantı-Mansiysk Muxtar Vilayətinin polis rəisi, general Vasili Romanitsa xüsusi əməliyyat zonasına gəlib. Habelə, şəhər sovetinin deputatları hadisə yerinə gediblər.

Qubernator Natalya Komarova cinayətkarı zərərsizləşdirmək üçün güc strukturlarının nümayəndələrindən ibarət xüsusi qərargah yaradıb. Hər yarım saatdan bir əməliyyatın gedişi ilə bağlı ona informasiyalar verilib.

Silahlı şəxslə danışıqlar başlayıb və onu silahı təhvil verərək təslim olmağa inandırmağa çalışıblar. Lakin o, bir neçə saat davam edən danışıqlara baxmayaraq təslim olmaqdan imtina edirdi.

Nəhayət Bakı vaxtı ilə saat 23.40 radələrində cinayətkarın zərərsizləşdirildiyi açıqlanıb. Əməliyyatda iştirak edən mənbə bildirib ki, general Romanitsa silahlı şəxsin təslim olmaqdan imtina etdiyini görərək xüsusi təyinatlılara onu zərərsizləşdirmək əmri verib. Xüsusi təyinatlılar mənzilin qapısını sındıraraq silahlı Azərbaycan vətəndaşını zərərsizləşdiriblər, girovlar zərər çəkməyib. General Romanitsa əməliyyatın başa çatması ilə bağlı fövqəladə qərargahın iclasını keçirirdi. Silahlının adı hələ açıqlanmır.