90 faiz... ...28 Mayda əfv gözlənilir

Novella Cəfəroğlu və Səidə Qocamanlı fərmanın imzalanacağına böyük ümid bəsləyirlər




Respublika Günü ərəfəsində Əfv fərmanının imzalanacağı gözlənilir. Bu haqda artıq indidən nikbin proqnozlar verilir. Cəmiyyətə sızdırılan məlumatlarda Prezident yanında Əfv Komissiyasının mayın 10-dan etibarən toplanacağı və komissiyaya daxil olmuş müraciətlərə baxılacağı bildirilir. 28 May - Cümhuriyyət Günü ilə bağlı növbəti əfv fərmanının imzalanacağına dair proqnozları əsassız saymaq da olmaz. Çünki bayram və əlamətdar tarixlərdə əfv fərmanları imzalanması ənənəsi mövcuddur.

Bəs hüquq müdafiəçiləri verilən proqnozlarla razılaşırmı?

D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu "Şərq”ə açıqlamasında Əfv fərmanı imzalanacağına böyük ümid bəslədiyini bildirdi:

- Gözləyirik ki, 28 May ərəfəsində Əfv fərmanı olacaq. Hardasa, 90 faiz buna inamım var. Əfv fərmanının imzalanması cəmiyyətdə həmişə müsbət ab-hava yaradır. Hesab edirik ki, hazırda Azərbaycan cəmiyyətinin buna ehtiyacı var. Əfv fərmanının imzalanması cəmiyyətdə barışıq ovqatının yaranmasına xidmət edir.

Gözlənilən Əfv fərmanının kimlərə şamil ediləcəyinə gəlincə, N.Cəfəroğlu Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunda təmsil olunan qeyri-hökumət təşkilatlarının ölkə başçısına ünvanladığı müraciətdə "siyasi məhbus” hesab edilən şəxslərin adlarının olduğunu dedi:

- Bizim siyahıda 29 nəfərə yaxın məhbusun adı var. Biz Prezidentə ünvanladığımız müraciətdə siyasi motivlərlə həbs olunduqları iddia edilən şəxslərin adlarını da yazmışıq. Yenə də, ümid edirik ki, Əfv fərmanı imzalanacağı təqdirdə bizim siyahıda adları olan şəxslərə də şamil ediləcək. Məsələn, məhkəmə Gülər Əhmədovanın azyaşlı uşağı olmasını, özünün qadın olduğunu nəzərə alaraq humanistlik göstərib onu şərti azadlığa buraxdı. Amma Rəşadət Axundovun da övladı dünyaya gəlib, heç üzünü görməyib. İlqar Məmmədovun, Tofiq Yaqublunun azyaşlı övladları var. Həmçinin Pərviz Həşimlinin də. Biz bu insanlara da eyni humanizm mövqeyindən yanaşılmasını istəyirik. Ümid edirik ki, gözləntilərimiz doğrulacaq.

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı da 28 May ərəfəsində Əfv fərmanının imzalanacağına ümid etdiyini bildirdi:

- Əfv fərmanının imzalancağına təkcə ümid bəsləmirik, həm də bir neçə amil məntiqi baxımdan bunun reallaşacağına bizdə inam yaradır. Azərbaycan bir həftə sonra Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayır. 6 ay sədrlik Azərbaycanda olacaq. Məntiqi baxımdan inanmırıq ki, Azərbaycan AŞ NK-də sədrliyə böyük bir siyasi məhbus siyahısı ilə başlasın. İkinci amil odur ki, iyun ayının sonlarında AŞ PA-nın növbəti sessiyası başlayacaq. Biz iyun sessiyasına elə getməliyik ki, orada iradlarla qarşılaşmayaq. Avropa Şurası hər bir Əfv fərmanını, Amnistiya Aktını alqışlayır. Hamımız da bilirik ki, əfv fərmanları cəmiyyətdə müsbət qarşılanır, vətəndaşlarla dövlət arasında qarşılıqlı etimadı yüksəldir. Əfv fərmanları ilə neçə-neçə ailə sevinir. Vətəndaşlarda dövlətin humanistliyinə inam artır. Ona görə də biz inanırıq ki, cümhuriyyət bayramı ərəfəsində Əfv fərmanı imzalanacaq.

S.Qocamanlı Əfv fərmanının siyasi məhbus hesab edilən şəxslərə şamil olunacağına da ümid bəslədiyini bildirdi:

- Biz siyahını təqdim etmişik. Cənab Prezidentə müraciətimizdə də bu barədə yazmışıq. Hazırda həbsdə olan, həmçinin barələrində məhkəmə istintaqı davam edən bir neçə tanınmış şəxslərlə bağlı Avropa Şurası narahatlığını bildirib. Bir halda ki, bu şəxslər AŞ-nin nəzər diqqətindədir, onlarla bağlı müəyyən addımlar atılmalıdır. Gözləyək, görək necə olacaq.

Məlahət Rzayeva