Nazir Üzeyir Cəfərovu baş redaktor görmək istəyir







Müdafiə Nazirliyinin yüksəkçinli rəhbər heyətinin iştirakı ilə keçirilən iclasda nazir, general-polkovnik Zakir Həsənovun təklifi şok effekti yaradıb. Bir müddət öncə nazirin sədrliyi ilə keçirilən toplantıda MN-dəki kadr islahatları və boş qalan yerlərə təqdimatlar məsələsi müzakirə olunub.

Müzakirə predmetlərindən biri də "Azərbaycan Ordusu” qəzetinin baş redaktoru vəzifəsinə təqdimatla əlaqədar olub. Müdafiə Nazirliyinin strukturu ilə bağlı daim tənqidi fikirlərlə çıxış edən hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun namizəd olması təəccüb doğurub. Nazirin təklifi bir nazir müavini və idarə rəisi tərəfindən etirazla qarşılanıb. Hətta bəziləri Z.Həsənovun onların mövqeyini öyrənmək üçün bu şəxsin namizədliyini irəli sürdüyünü iddia ediblər. Onlar söyləyiblər ki, Ü.Cəfərov bu günə qədər adıçəkilən qurumun əleyhinə danışıb, bundan sonra da mövqeyini dəyişməyəcəyini bildirib. Z.Həsənov isə arqumentləri əsassız hesab edərək qeyd edib ki, zamanında ona qarşı lazımsız təzyiqlər edilib və günahkar tək Ü.Cəfərov deyil. Nazir tapşırıb ki, Ü.Cəfərovla əlaqə saxlanılsın və qəzetin rəhbərliyi ona tapşırılsın: "O, həm qəzeti normal səviyyəyə gətirər, həm də məsələ birdəfəlik həll olunar”.

Qeyd edək ki, Ü.Cəfərov bir müddət əvvəl nazirlikdə ona vəzifə təklif edildiyini açıqlamışdı.

"Azərbaycan Ordusu” qəzetinin ilk baş redaktoru olduğunu deyən Ü.Cəfərov "Şərq”ə açıqlamasında qeyd edib ki, hələlik ona rəsmi müraciət edilməyib: "Ötən ilin noyabr-dekabr aylarında belə bir müraciət edilmişdi. Həmin vaxt 50 yaşım tamam deyildi. Soruşdular ki, xidmət etməyə hazırsan? Cavab verdim ki, bilik və bacarığım, təcrübəm xidmət etməyə imkan verir. Həmin təklifi edən şəxs nazirliyin rəhbərliyində təmsil olunan şəxslərə çox yaxın olan biri idi. Amma indiki halda belə bir real təklif yoxdur”.

İstənilən qərara ehtiramla yanaşdığını söyləyən ekspert deyib ki, belə təklif olarsa, imtina etməyəcək: "Bu vəzifə mənə həvalə olunarsa, öhdəsindən lazımınca gələ bilərəm”.

Ü.Cəfərov onu da diqqətə çatdırıb ki, indiyə qədər ictimailəşdirdiyi məsələlər Azərbaycan silahlı qüvvələrinin qüdrətlənməsinə yönəlib: "Kiminləsə şəxsi-qərəzliyim olmayıb. Bəyan etdiyim 100 məlumatdan 90-nı əlaqədar qurum tərəfindən təkzib olunmayıb. O xəbərlər həqiqətə müvafiq olmasaydı, məni məhkəməyə verərdilər. Ordudan heç nə istəmirəm. Ordunun yaxşısı da, pisi də bizimdir. Çalışmalıyıq ki, silahlı qüvvələrdəki problemlər islah olunsun”.

Ayyət Əhməd