“Barmaqla göstəriləcək şəxslərdəndir...”

Əli Məsimli və Vüqar Bayramov Nazim İmanovun direktor təyinatını alqışladı





Sabiq deputat, iqtisad elmləri doktoru Nazim İmanov Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun direktoru təyin olunub. Xatırladaq ki, Nazim İmanov vaxtilə AMİP sədrinin müavini olub və həmin partiyadan Milli Məclisə deputat seçilib. N.İmanov millət vəkili olduğu dövrdə bir çox iqtisadi layihələrin təklifində və qəbul olunmasında önəmli rol oynayıb.

Bəs görəsən, həmkarları məşhur iqtisadçı-alim haqqında nə düşünürlər, onun AMEA-nın İqtisadiyyat İnstitutuna direktor təyin olunmasına münasibətləri necədir?

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli eks-deputat Nazim İmanovu yüksək səviyyəli iqtisadçı adlandırıb: "Nazim müəllim pozitiv və yüksək intellekt sahibi adamların içində barmaqla göstəriləcək şəxslərdəndir və çiynində ağır məsuliyyət daşımağı bacaran adamdır. O, Azərbaycanda savadlı və faydalı iqtisadçı kimi tanınıb. Eyni zamanda ortada xidmətləri olan millət vəkili olub. Deputat olduğu zamanda mühüm qanunvericilik sənədlərinin hazırlanmasında iştirak edib. Şəxsən bir sıra iqtisadi qanunların müəllifi olub. Bir siyasətçi kimi də Azərbaycanın müstəqillik illərində aktiv fəaliyyət göstərib. Bu baxımdan hesab edirəm ki, N.İmanovun AMEA-nın İqtisadiyyat İnstitutuna direktor seçilməsi həmin institutun fəaliyyətinin dirçəlməsində, genişlənməsində və Azərbaycanın iqtisadi inkişafına təkan verən çalışmaların, tədqiqatların aparılmasında mühüm rol oynayacaq”.

İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov N.İmanovun Milli Məclisin yaddaqalan deputatlarından biri olduğunu deyib: "Nazim müəllimi uzun müddətdir tanıyıram. Onunla bir çox iqtisadi məsələlərlə bağlı parlamentdə müzakirələrimiz olub. İqtisadçı-alim kimi kifayət qədər güclü potensialı olan bir elm adamıdır. Onun İqtisadiyyat İnstitutuna direktor təyin olunması birmənalı şəkildə həmin qurumun fəaliyyətinə müsbət təsir göstərəcək. Təəssüf ki, həmin institut indiyə qədər iqtisad elminin inkişafına əhəmiyyətli təsir edə bilməyib. Baxmayaraq ki, sözügedən institut iqtisad sahəsində ciddi bir mərkəz hesab olunur. Güman edirəm, yeni təyinat mövcud problemlərin aradan qaldırılmasına imkan yaradacaq. Bu baxımdan N.İmanovun təyinatını müsbət dəyərləndirirəm və ona uğurlar arzulayıram. Ümid edirəm, dəyərli alim parlamentdə olduğu kimi İqtisadiyyat İnstitutunda da yaddaqalan rəhbər olacaq. Pozitiv məqamlardan biri də odur ki, 2014-cü ildə həm İqtisad Universitetinə, həm də İqtisadiyyat İnstitutuna yeni rəhbər təyin olundu. Etiraf etmək lazımdır ki, hər iki təyinat kifayət qədər uğurludur. Bu dəyişikliklər bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafına təkan verəcək”.

İsmayıl