Elşad İskəndərova vəzifə verildi





Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərov yenidən Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Baş katibi seçilib. Forumun İstanbuldakı Baş Qərargahından Lent.az-a verilən məlumata görə, İslam Əməkdaşlıq Təşkilatına bağlı beynəlxalq qurum olan forumun İdarə heyətinin bu barədə müvafiq qərarını DƏ-İKGF-nin prezidenti Əli Sarıkaya mayın 6-da imzalayıb.
Qərarda həmçinin E. İskəndərova forumun bu il keçiriləcək Baş Assambleyasının Təşkilat Komitəsinə başçılıq etmək də həvalə edilib. Fövqəladə və səlahiyyətli səfir diplomatik ranqında olan E. İskəndərov bu vəzifədə Azərbaycanı rəsmən təmsil edəcək.

Qeyd edək ki, İƏT-in 57 üzv ölkəsindən 41-də təmsil olunan forum beynəlxalq təşkilat statusunda fəaliyyət göstərir. Qurumun Baş Qərargahı Türkiyədə, Avrasiya Regional Mərkəzi isə Azərbaycanda diplomatik təsisat kimi akkreditasiyadan keçib. DƏ-İKGF növbəti Baş Assambleyasının 2014-cü ildə keçirilməsi haqqında qərar Forumun İdarə Heyəti tərəfindən bu ilin yanvar ayında qəbul edilib.