Dünya azərbaycanlılarını birləşdirən şəxsiyyət

Nizami Cəfərov: “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının inkişafında, apardığı mübarizə, ən nihilist “dostlarımızın” belə inkar edə bilməyəcəyi bir hadisədir”





Ümummilli liderimiz Heydər Əliyevin iradə və əzmi sayəsində bu gün azərbaycançılıq Azərbaycan dövlətinin milli-siyasi məfkurəsinə çevrilib.

Ümummilli liderimiz Heydər Əliyev fəaliyyəti boyu nə iş görübsə, orada azərbaycançılıq ideyasının izləri var. Bu ideyalar müstəqillik illərində inkişaf etdi, formalaşdı, müstəqil dövlətimizin dayaqlarına çevrildi. İnkişaf edən ölkəmizdə hansı sahəyə üz tuturuqsa, orada ümummilli liderimizin əməllərini görürük. Odur ki, hər birimiz əminliklə, qürur hissi ilə deyirik: "Biz Heydər Əliyevin formalaşdırdığı Azərbaycanın vətəndaşıyıq!”.

Heydər Əliyevin ideyalarını həyatda gerçəkləşdiririk. Və bu inkişafda dönə-dönə heyrətlə şahidi oluruq ki, ümummilli liderimiz xalqı, Vətəni üçün ağlasığmaz, bir insan ömrünə sığışa bilməyən böyük işlər görüb. Milli ideologiyamızın yaradılması da bu məsələlərdən biridir.

Azərbaycanın dövlət müstəqilliyini qazandığı, müasir dünya ilə çoxşaxəli əlaqələrini qurub inkişaf etdirdiyi dövrdə azərbaycançılığın iqtisadi, sosioloji və politoloji aspektləri diqqəti daha çox cəlb edir. Azərbaycançılığın bir ideologiya olaraq məqsədi bir sıra elmlərin nəticələrindən istifadə etməklə Azərbaycan və azərbaycanlılar həqqında elmi təsəvvür yaratmaq və onun dünyadakı universal mövqeyini müəyyənləşdirməkdir. Bu istiqamətdə ulu öndərimiz Heydər Əliyevin apardığı məqsədyönlü, uzaqgörən siyasəti tariximizin silinməz şanlı səhifələrinə və dövlətçilik ideologiyasının əsas bazasına çevrilib.

Azərbaycanın böyük tarixi şəxsiyyətlərinin hər biri azərbaycançılığı bir ideya olaraq görürdü. Heydər Əliyevin isə onlardan böyük fərqi ondan ibarət oldu ki, o, azərbaycançılığı dövlət ideologiyasına çevirib. O deyib ki: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir”.

Heydər Əliyev məhz siyasətçi idi və ömrünün sonuna qədər də öz vətəninin çiçəklənməsi, bütün dünyada layiqincə tanınması və qəbul olunması yolunda yorulmadan mübarizə apardı. O öz çıxışlarında dəfələrlə qeyd edib: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”. Heydər Əliyevin şəxsiyyətində təzahür edən milli iradə, möhtəşəm xalq ruhudur ki, Azərbaycanı hər cür iqtisadi, sosial-siyasi problemlərdən çıxararaq gələcəyə - əbədi müstəqilliyə aparır, Türk dünyasının fəxri olan Heydər Əliyev zəmanəmizin yetirdiyi dahi şəxsiyyətlərdəndir.

Heydər Əliyev hər dövrü, hər mərhələsi məktəb olan həqiqətən qeyri-adi bir ömür yaşamış, yalnız mənsub olduğu Azərbaycan xalqının, türk xalqlarının deyil, ümumən dünya xalqlarının təsəvvüründə özünün mükəmməl obrazını, aydın cizgiləri ilə seçilən möhtəşəm portretini yaratmışdır.

Müasir dünya yalnız iqtisadi, sosial-siyasi münasibətlər dünyası deyil, həm də etnik münasibətlər dünyasıdır. Odur ki, bu və ya digər xalqın ön sıralarda getməsi üçün tarixən qazandığı etnik potensialdan tələb olunan səviyyədə istifadə etməsi lazım gəlir.

Azərbaycanlılar dünyanın müxtəlif ölkələrində-Azərbaycanda, İranda, Rusiyada, Türkiyədə, Gürcüstanda, ABŞ-da, Kanadada, Hollandiyada, Ukraynada, Belarusda, İngiltərədə, Almaniyada və digər yerlərdə yaşasalar da, onları bir-birinə bağlayan olduqca möhkəm mənəvi-ideoloji vasitələr vardır: Bu, ana dilidir, ata yurdu Vətəndir, tarixən formalaşmış etnik-mədəni sistemdir. Eyni zamanda milli liderdir! Heydər Əliyevin siyasi fəaliyyətində müstəqil Azərbaycan dövlətinin daxili möhkəmliyin beynəlxalq nüfuzunu qorumaq nə qədər möhtəşəm yer tutursa, dünya azərbaycanlılarının milli birliyi, dünya xalqları arasında özünəlayiq mövqe qazanması da o qədər mühüm əhəmiyyət daşıyır. Görkəmli siyasi xadim dəfələrlə qeyd edirdi ki, müstəqil Azərbaycan Respublikasının inkişafında dünyanın müxtəlif ölkələrinə yayılmış azərbaycanlıların həmrəyliyi, mənəvi-ideoloji siyasi köməyi böyük rol oynayır. Bir xalq olaraq əsas vəzifələrimizdən biri həmrəyliyi gücləndirməkdən, həmin köməyin daha ardıcıl, daha intensiv xarakter almasını təmin etməkdən ibarətdir. Dünyanın müxtəlif ölkələrinə səfərlərində Azərbaycan icmalarının nümayəndələri ilə görüş zamanı onlara hərtərəfli dəstək verən ulu öndərimiz dünya azərbaycanlılarının milli bir uğrunda mübarizəni Azərbaycan dövləti siyasəti səviyyəsinə qaldırmışdı. Heydər Əliyev elə bir proqram hazırlamışdı ki, ondan sonra da bu siyasətin istiqamətləri aydın və məqsədyönlüdür.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin dövlət ideologiyasına çevirdiyi azərbaycançılıq dünya azərbaycanlılarının birliyi, mütəşəkkilliyi uğrunda yaradılmış əsaslı milli ideologiyadır: "Azərbaycançılıq təkcə ölkə ərazisində yaşayan insanların həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya dünya azərbaycanlılarını eyni ideya ətrafında səfərbər edib”.

Millət vəkili qeyd edib ki, azərbaycançılıq ideologiyası və dövlətçilik strategiyası ilə bağlı davamlı və fundamental araşdırmaların aparılması böyük əhəmiyyət daşıyır. "Bu işdə elmi tədqiqat müəssisələri və alimləri yaxından və fəal iştirak etməlidirlər. Ümumilikdə, azərbaycançılıq ideologiyası və dövlətçilik strategiyası məsələlərini hərtərəfli təhlil etmək Azərbaycanın gələcəyini proqnozlaşdırmaq baxımından çox böyük əhəmiyyətə malikdir”.

N.Cəfərov bildirib ki, Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının inkişafında, yeni tarixi şəraitə uyğun interpretasiya edilməsində - modern səviyyədə təfsirində və həmin ideologiyanın tarixdə ilk dəfə dönməz olaraq həyata keçirilməsində mənsub olduğu millətlə birlikdə apardığı mübarizə, ən nihilist "dostlarımızın” belə inkar edə bilməyəcəyi bir hadisədir. Heydər Əliyevin necə bir azərbaycançı olması, milli ideologiyamızın inkişafı, həyata keçirilməsi tarixindəki rolu barədə danışarkən yalnız bircə gerçəkliyi yada salmaq kifayətdir ki, o, məfkurə olaraq meydana çıxandan bəri həmişə istər ədəbi, istər siyasi romantik təsəvvürlərin tərənnüm obyekti olmaqdan o yana keçməmiş azərbaycançılıq ideallarına bir millətin müqəddəratını təyin edəcək qədər rəsmi məzmun-mündərəcə verdi: "Azərbaycançılıq - Heydər Əliyevin genişmiqyaslı fəaliyyətinin, sadəcə, tərkib hissələrindən biri deyil, həmin fəaliyyətin (əslində, mübarizənin!) əsası, başqa sözlə, mahiyyətidir. Və bu həm sovet dövründə, həm də müstəqillik illərində belə olmuşdur.

Sovet dövründə milli idealların həyata keçirilməsi üçün olduqca məhdud şəraitində Azərbaycan rəhbəri respublikanın iqtisadi-təsərrüfat həyatının canlandırılması, elmin, təhsilin inkişafı, ana dilinin, ədəbiyyatın, incəsənətin mövqeyinin yüksəldilməsi, - milli hərbi kadrların yetişdirilməsi, Azərbaycanın beynəlxalq miqyasda tanıdılması və s. kimi əhəmiyyətli tədbirlər görüb. Və böyük mütəfəkkir bütün bunları elə etmişdir ki, görülən tədbirlər sovet rejiminin əks reaksiyası, dağıdıcı müqaviməti ilə qarşılaşmasın. Azərbaycanın yeni rəhbəri yaxşı bilirdi ki, onun ürəyində millət sevgisi olan yaxın sələfləri çox zaman məhz siyasi-ideoloji manevr imkanlarının olmaması ucbatından həm özlərini, həm də xalqı problemlər qarşısında qoyublar.

Bütün ideologiyalar kimi azərbaycançılığın da heç zaman dəyişməyən metafizikası vardır. Bununla belə o da inkişaf edən, müasirləşən, dövrün müxtəlif miqyaslı konyuktur təzyiqləri ilə hesablaşan bir ideologiyadır. Azərbaycan xalqının ümummilli lideri öz tarixi fəaliyyətində azərbaycançılıq ideologiyasının dəyişməyən metafizikasından çıxış etməklə, ona əsaslanmaqla yanaşı, həyata keçirilmə iyerarxiyasına, metodlarına da xüsusi önəm verib.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Heydər Əliyev XX əsrin sonu XXI əsrin əvvəllərində:

1) azərbaycançılıq ideologiyasının öz təbii gücündə təzahürü üçün mədəni-mənəvi, ictimai-siyasi və ideoloji mühit yaratdı;

2) milli (ümummilli) lider olaraq həmin ideologiyanın nəzəri-metodoloji baxımdan inkişafına, zənginləşməsinə əhəmiyyətli töhfələr verdi;

3) azərbaycançılığı müstəqil Azərbaycan dövlətinin ideologiyasına çevirdi.

Beləliklə, yüz illər boyu mənəvi-mədəni (etnoqrafik), on illər boyu siyasi mübarizə həyatı yaşamış bir ideologiya qalib gələrək öz tarixinin yeni epoxasına daxil oldu. Ümummilli liderin bir tarixi xidməti həmin missiyanı reallaşdırmaq idisə, ikinci missiyası da azərbaycançılıq ideologiyası qarşısında yeni perspektivlər, üfüqlər açması olub”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb