Nadir Bayramlı: “Dünənki uşaqları hər gün efirdə göstərirlər”

“Ya qara siyahıya düşürsən, ya da pullu siyahıya”



Azərbaycan şou-biznesində bu gün o qədər müğənni adı çəkmək olar ki, saymaqla bitməz. Amma əvvəllər, yəni sovet dönəmlərində efirə çıxmaq, səhnədə çıxış etmək hər müğənniyə nəsib olmurdu. Bunun üçün seçilmək, istedad, maraqlı və normal repertuarın olması vacib idi. Elə ona görə də sənət adamlarına böyük hörmət və ehtiramla yanaşırdılar. Ancaq son illər bəzi alaq otuna bənzər sənətçilərin sayı çoxaldıqca, sənət və sənətkara olan qiymət də azalmağa başlayıb.

Ən əsası isə şou-biznes anlamı dəbə düşəndən əvvəlki sənətkarların, müğənnilərin bir çoxuna efirlərdə, mətbuatda, səhnələrdə məhdudiyyətlər qoyulmağa başladı. Son vaxtlar vaxtilə çox məşhur olan Nadir Bayramlı da efirlərdə demək olar ki, görünmür. Təxminən 10 il əvvələ qədər Nadir Bayramlı ən dəbdə, tələbatlı müğənnilərdən sayılırdı. Bu gün də bir çoxları istər efir məkanında, istər el şənliklərində onun mahnılarından istifadə etsələr də, Nadir Bayramlının efirə dəvət olunması az-az hallarda müşahidə olunur. Səbəb? Müğənni artıq sevilmirmi? Heç, bununla razılaşmaq olmaz. Çünki cəmiyyət arasında müğənni kifayət qədər sevgi və hörmət qazana bilib. Bəs onda niyə efirlər bu kimi müğənniləri efirlərə dəvət etmirlər, onların təbliğinə çalışmırlar? Axı onları sevənlər çoxdur. Cəmiyyətin böyük qismi, sadə insanlar bu gün də Baloğlan Əşrəfov, Ağadadaş Ağayev, Qədir Qızılsəs, Nadir Bayramlı kimi müğənnilərin ifasını sevərək dinləyir...

Elə "niyə efirlərdə yoxsunuz” sualı ilə Nadir Bayramlıya üz tutduq...

- Nadir müəllim, necəsiz? Haralardasız?

- Şükür Allaha, yaxşıyam. Haralarda deyəndə ki, elə işdə, gücdə.

- Amma görünmürsüz? Yəni telekanallarda nadir hallarda Nadir Bayramlını görmək mümkündür...

- Sözün düzü, dəvət olunan yerə gedirəm. Dəvət olunmayan yerə yalvarıb çıxa bilmərəm ki? Gərək telekanallar verilişlərə dəvət etsinlər ki, biz də çıxaq, görünək, oxuyaq... Sözün açığı, bəzi müğənnilərə telekanallarda diqqətsizlik, laqeydlik var. Ayrı-seçkilik edirlər. Mən də illərdi bu xalqa, millətimə xidmət edən sənətkar olmuşam. Dünənin uşaqlarını dəvət edirlər, amma biz unudulmuşuq sanki...

- Ağır gəlir belə münasibət?

- Təbii ki, ağır gəlir. Axı mən dünən sənətə, səhnəyə gəlməmişəm. O zamanlar, hələ sovet vaxtı hər müğənni efirə çıxa bilməyəndə, mən dövlət televiziyasında çıxış etmişəm. İndi bizi elə bil bir qara siyahı var, ora salıblar. Biz sənət adamları incə ruhlu insanlarıq. Qəlbimiz kövrəkdir. Qəlbimi qırıblar sanki... Yenə bu günümə də şükür edirəm. Əsas odur ki, el içində sevilirik.

- Problem nədir axı?

- Problem odur ki, bir çox kanallar müğənniləri kommersiya şəklində dəvət edirlər. Yəni gərək müəyyən məbləğ ödəsinlər ki, efirdə çıxış etsinlər. Düzdür, əvvəllər təbliğ olunmaq üçün hardasa pul xərcləmişəm. Amma bu gün Nadir Bayramlının tanınmağa ehtiyacı yoxdu axı... Bu yaşda da efirlərə pul verim ki, məni göstərin? Bu mənim yaşıma, sənətimə artıq yaraşmaz axı... Dünənin uşaqlarını hər gün efirdə göstərirlər. Heç bilinmir kim hansı lad üzərində mahnı oxuyur... Amma bizi unudurlar.

- Bəs neyləməyi düşünürsüz?

- Neyləyim ki? Neynəyə bilərəm ki? Kanallar çox qəribə bir qayda qoyublar. Bəzi müğənnilər ya onların qara siyahısına düşüblər, ya da pullu siyahıya. Mənimçün bir maraqlı tərəf odur ki, pul siyahısına düşən müğənniləri seçərkən hansı göstəricilər əsas götürülür? İndi hər şeyin yeri dəyişib. Yaxşıyla pisin yerə səhv düşüb. Bu gün Şuşanın işğalı günü idi. Mənim "Vətənə getməyim gəlir” adlı böyük bir kompozisiyam var. Cahangir Mehdiyevin əsəri. Ona klip də çəkdirmişəm, film kimi. Amma heç olmasa, belə günlərdə kanallar o klipi göstərmirlər, o mahnını efirlərdə səsləndirmirlər. Bu mahnı ki, vətənpərvərlik ruhunda yazılıb, vətəni sevməyi təbliğ edir. Buna görə də pul istəyirlər.

Deyirlər, ödənişlidi? Vətən üçün ifa olunan əsər də bizim telekanallarda ödənişli olub. Görün, bu kanalların vəziyyəti nə gündədir. Bircə məni hərdən "Xəzər” TV-yə, ya da ildə bir-iki dəfə "Space” TV-yə dəvət edirlər. O birilərin heç yadına düşmürəm. Mən özüm də heç vaxt kiməsə xahiş edib, "siz Allah, məni efirə dəvət edin” sözünü demərəm. Bircə vətənpərvərlik mövzusunda olan bu mahnıya görə bir-iki dəfə zəng etmişəm ki, heç olmasa, torpaqlarımızın işğalı günlərində bu klipi verin. Deyirlər ki, proqrama salınmayıb.

- Maddi durumunuz necədir?

- Şükür bu günümüzə də. Əvvəllər toylara çox dəvət edirdilər, daha yaxşı idi.

- Yəni efirdə yoxsuz deyə dəvət az olur?

- Yox, ümumiyyətlə indi toylara dəvət azalıb. Mən elə baha da getmirəm. Ev sahibinin imkanını nəzərə alıram. Sənət dostlarım da deyir ki, toya dəvətlər hamıda azalıb.

- Bəs yaradıcılıq yenilikləriniz var? Bəlkə ruhən küskünlük yaradıcılığınıza də təsir edib.

- Bilirsiz, ümumiyyətlə ümumi şəkildə götürsək, yaradıcılıq işlərimi davam edirirəm. Yeni mahnılar hazırlamışam. Bu yaxınlarda yeni diskim də işıq üzü görəcək. Efirlərdən laqeyd, soyuq münasibət görəndə təbii ki, bu mənə təsir edir, küskün düşürəm. Amma əsas odur ki, Allah bizə kömək olsun, pis əməllərdən uzaq etsin. Məni Nadir Bayramlı olaraq yetərincə tanıyıb sevirlər. Demək ki, bu illər ərzində əbəs yerə çalışmamışam. Əsas xalqın sevgisini qazanmaq lazımdı.

Tahirə