Şəhid anası...

Sərvinaz Həsənli, yazıçı - publisist



(Əvvəli keçən sayımızda)

- Mən əslində sizi xəbərdar eləməkçün gəlmişəm.- deyə Şahnəzər sözünə davam elədi.- Ermənilər böyük qırğınlara hazırlaşırlar. Yenə qan tökməyə susayıblar. Bütün ermənilərə, ən çox da cavanlara,komsomolçulara təzə, zavoddan yenicə buraxılmış silahlar gətirilib paylanılıb. Moskvada oturanlar bunları dişinəcən silahlandırıb sizin üstünüzə göndərəcək . Başınıza bir çarə qılın. Ən çox Qorbaçov onları təhrik eləyir. Qorbaçovu da, arvadı Rayisanı da ermənilər satın alıblar. Hətta deyilənə görə, Qarabağı almaqçün Raisaya çox bahalı, qiyməti olmayan bir böyük brilyant üzük bəxşiş veriblər. Bir sözlə, tədbir görün. Ermənilər bizi qırdılar, axırımıza çıxdılar. Barı siz salamatlığınızı düşünün.

Mirzə Baxış müəllim fikirli-fikirli əllərini ağarmış saçlarında gəzdirə-gəzdirə dilləndi:

- Axı, biz quşvuran tüfənglə, yabayla, dəhrəylə tankların, topların qarşısına necə çıxaq?. Bizim də silahlarımız olsaydı, görüm bu tülküdən qorxan ermənilər bizim öfkəli cavanlarımızın qabağına çıxa bilərdilərmi?. Onların alçaqlığı da bundadır ki, xəyanətlə, hiyləylə işlər görürlər. Üzbəüz durub mərdi-mərdanə, kişi kimi vuruşmurlar. Buna onların hünəri çatmır... Bir də əsas məsələ bu da deyil. Axı, biz dağ başında, səhrada yaşamırıq. Bu ölkənin qanun qaydaları var. Dövlət öz vətəndaşlarının malını, canını qorumağa borcludur. Bizim hamımızın yadındadır, Leninin bolşevik qoşunu Azərbaycanı işğal eləyib Azərbaycan Cumhuriyyətini çökdürəndə onun qoşununu tərksilah eləyib vətəndaşların malını, canını qorumağı boynuna götürdü. İndi Azərbaycan Respublikasının ayrıca qoşunu yoxdur. Hər şey Moskvaya tabedir.. Moskva da bizi qorumağa borcludur... Amma əvəzində Moskva neyləyir?... erməniləri ən müasir silahlarla silahlandırıb bizim milləti qırğına verir. Bax, sovet dövlətinin iç üzü budur...

Mirzə Baxış müəllimin üz-gözü qızarmışdı. Danışdıqca həyəcanından tərləyirdi.

- Bir böyük dərdimiz də var... Üz-gözünün tərini dəsmalıyla silib nəfəsini dərəndən sonra yenidən monoloquna davam elədi. - Bu dərdimizi siz də bilirsiniz. Amma yenə də yadımızdan çıxarmamalıyıq... Həmin Moskva bizə elə adam təyin eləyir ki, respublikanın başında elə xaraktersiz, əlbuyruqçularını oturdur ki,onlar milləti müdafiə eləyə bilməsin. Heç istəsələr də müdafiə eləyə bilmirlər... Onlar bir növ vergiyığan rolunu oynayırlar. Bütün beşillik planları vaxtından qabaq, artıqlaması ilə yerinə yerirməkdə, xalqın sərvətini talayıb Moskvaya göndərməkdə mahirdilər... Bax, dərdlərimiz bitib tükənən deyil. Xain ermənilər bu vəziyyətimizdən istifadə eləyib hər dəfə bizim torpaqlarımızın böyük hissələrini müxtəlif adlarla,cürbəcür bəhanələrlə işğal eləyirlər. Baxın, bu xəritəyə baxın...- deyib pencəyinin görünməyən iç cibindən qatı kəsilmiş, solğun bir xəritə çaxardı.- Buna diqqətlə baxın. Görün, ruslar bizi işğal etməmişdən qabaq Azərbaycanın sərhədləri hardan harayacandı... İndi bugünkü xəritəyə baxın,- deyib solğun, ağarıb şəffaflaşmış barmaqlarını divardan asılmış xəritəyə tuşladı. Biz Moskvaya vaqonlarla ardı-arası kəsilmədən pambıq, taxıl, üzüm, neft, ağ qızıl, qara qızıl, daha nələr... nələr daşıyıb göndəririk, amma ermənilər bunun mində birini də verməyiblər. Əvəzində yalnız bizim hesabımıza torpaqlarını , sərhədlərini genişləndiriblər. Bunları düşündükcə adamın başı çatlayır... ən pisi də odur ki, heç bir şey eləyə bilmirik. Əli-qolu bağlı oturmuşuq. Hər tərəfdən yollarımız bağlanıb...

- Ay Mirzə, dediklərinin hamısı doğrudur... Bu deyilənlər bizim də həmişə fikrimizdən keçir. Yenə də bu məsələni belə boş buraxmaq olmaz. Sən bir etibarlı adamlar tap. Danışaq. Bir tədbir tökək...

Milləti qırğına vermək olmaz, axı...- deyə bu balaca iclasa oxşayan danışıqlarına bir növ yekun vurdu.

İndi o gözəl, xoşbəxt günlər nə qədər uzaqlarda qalmışdı... Nələr yaşandı... Bu kənddə nə bir qohum-əqrıba qaldı, nə də arzuları, ümidləri. İndi onların tikdiyi ev də , qohum-qonşunun evləri də işğal altındaydı. Orada ermənilər yaşayırdı.

O firavan, xoşbəxt günlərdən cırılıb xırda-xırda bölünmüş fotolar kimi kiçik hissələr qalmışdı. Bu parçalanmış hissələrin hərəsini bir dərədən yığıb əvvəlki bütövlüyü, canlılığı geri qaytarmaq mümkün olmayacaqdı...

Elə bir amansız və quduz düşmənə rast gəlmişdilər ki...

Dünənki narkotik, silah alverçiləri olan quldurlar indi qədim türk yurdu olan Qarabağda”erməni fədailəri” adı altında fəaliyyət göstərirdilər. Bu silahlı quldurlarda namus, qeyrət, mərdlik anlayışı yox idi. Günahsız körpələrə belə rəhm etmirdilər. Onları qorxudub əl-qolunu bağlayan da elə bu idi... Hər kəndin başı papaqlıları səhərəcən yatmayıb kəndə növbəylə keşik çəkirdilər. ..

...Təsəlli ala biləcəyi yeganə şey oğlunun yanında olması idi. Oğluyla bərabər, ana - baladan çox, iki döyüş yoldaşı kimi səngərlərdə vuruşurdular. Əslində kəşfiyyat xarakterli bu döyüş tapşırığını alanda o özü bu kəndi təklif eləmişdi. " Komandir, bizim Kotuz kəndinin çox əlverişli strateji mövqeyi var.Oğlumla mən o yerlərin hər qarışına bələdik. Kəndin üst yanındakı dörd yolayrıcından düşmənin canlı qüvvəsinin və texnikasının hərəkət istiqamətlərinin düzgün müşahidəsini aparmaq mümkündür. Bizim bağın ayağındakı yarğanlıqda çoxlu kollar var. Oradan asanlıqla qarşı tərəfdəki yolları izləmək mümkündür...”-dedi.

Komandir razılaşdı. " Yaxşı, çavuş, tapşırığa əməl eləyin...” O , hərbi qaydada təzim eləyib çıxmaq istəyəndə yaşlı komandir əliylə işarə eləyib onu saxladı. Ata qayğıkeşliyiylə onlara baxıb - " Tomris xanım, özünüzdən və uşaqlardan muğayat olun. Çoxları vətən üçün ölməyi qəhrəmanlıq hesab eləyir. Amma başa düşmürlər ki, vətənə ölülər yox.. nə isə...ölmək yox, döyüş tapşırığını sağ-salamat yerinə yetirmək daha vacibdir. Sizə uğurlar...” - dedi.

... Yarğanın üst tərəfində, iri kolluqların arxasında oturub qarşı tərəfi, dörd yolayrıcını diqqətlə gözdən keçirdilər. Üş nəfərlik kiçik kəşfiyyat dəstəsi düşmənin hərbi qüvvələrinin mövqeyini öyrənmək tapşırığıyla gəlsə də o, həm də öldüsü-qaldısı bilinməyən ərindən xəbər tutmaq istəyirdi. Gizli bir ümid qəlbini isidirdi... bəlkə bir şey öyrənə bildim. Kəndə hücum zamanı elə qarmaqarışıqlıqlar yarandı ki... Uzaqlardan yeri-göyü titrədən rus toplarının , "qrad”larının gurultusu eşidilirdi...

Qonşuları Bəyim xala balaca qız nəvəsinin əlindən tutub qaça-qaça qışqırırdı: " Ay başınıza dönüm, bu ruslar bizi almanları qıran kimi qırırlar. Biz də nemesmiyik? Görmürlərmi, biz də sovetlərdənik, bunlar kordumu?.. Yazıq arvad elə bilirdi ki, kinolardakı kimi, ancaq alman faşistlərini belə gurultulu toplarla məhv eləmək olar. Sovet adamlarına, özünün dediyi kimi, əliyalın sadə camaata heç quş tüfəngi ilə də atəş açmaq olmaz... Başlarına gələnləri davalı kinoların davamı kimi qavrayırdı...

Yaddaşında qalan buydu ki, təhlükəli cəbhə yollarında ruslar təlaş içərisində almanların bombmardman elədiyi kəndlərdən uşaqlı-böyüklü vahiməylə qaçırdılar. Hər anı ölümlə dolu bu yollarda balaca-balaca sarıbaş rus uşaqları, ümidsiz qadınlar, qocalar əllərində tələsik bağlanmış düyünçələr, bağlamalar üzü şərqə doğru axışıb nicat tapmaq ümidiylə arxalarına baxmadan irəliləyirdilər. Faşist təyyarələri göydən başlarına aramsız bombalar yağdırır, ətrafda ardı-arası kəsilmədən mərmilər partlayırdı. O zaman onlar nə qədər ruslara sığınacaq verdilər. Müharibənin aclıq illərində sonuncu tikələrini o qaçqın ruslarla yarı böldülər. Sonralar da,- müharibə qurtarıb dinclik illərində, qaçqın ruslarla yanaşı yaşayanda da,- davalı kinolara baxanda isti ocaqlarından dərbədər düşmüş rus qaşqınlarının ağlar vəziyyətinə ürəkdən yanıb başına bağladığı çil-çil, sətin şalının ucuyla yaşarmış gözlərini silirdi. " Allah heç bəndəsinə göstərməsin, qaçqınlıq böyük dərddi...”- deyirdi. Amma, allah şahiddir ki, o rus qaçqınlarından heç birisinin burnu-qulağı kəsilməmişdi, gözləri almanlar tərəfindən çıxarılmamışdı. Doğmalarının meyidlərinin ermənilər

tərəfindən eybəcər hala salındığını görməmişdilər. Hamilə qadının doğram-doğram edilmiş qarnından çıxarılan çağasının başını anasının gözləri qabağında kəsməmişdilər. Erməni faşistləri daha qəddar idilər. Bunları görməsələr də, o qaçqın rus uşaqlarının böyüyüb vaxtilə onlara müharibənin ağır illərində həm sığınacaq, həm də çörək verənləri ermənilərlə köməkləşib öz yurdundan-yuvasından qovacaqlarına inanmazdı.

Biçarə Bəyim xalanı sonradan bizim Milli Ordunun əsgərləri meşədən donmuş halda tapmışdılar. Qolundan tutub ermənilərdən qaçırdığı qız nəvəsiylə birlikdə qışın şaxtasında buz bağlamışdılar..

Elə bir vahimə,xaos varıydı ki... Başlarına yağan dəmir və insan parçaları heç nəyi düşünməyə imkan verməmişdi... Toplarla, tanklarla əliyalın, silahsız insanlara hücuma keçmişdilır. Əsil müharibəydi. Filmlərdə gördükləri alman-sovet müharibəsindən fərqi ondaydı ki, o kinolarda hər iki tərəfin güclü silahları, illərlə təlim görmüş nizami qoşunu varıydı. Orda sovetlər tərəfində azərbaycanlılar da ruslarla birlikdə almanlara qarşı vuruşmağa məhkum idi... və sair, və ilaxır... həm də ən axırıncısı, o kinoları evdə oturub seyr edəndə, nə qədər qızğın gülləbaran olsaydı da, adamın özü ölmürdü. Başına həqiqi insan parçaları yağmırdı. Hər şey ekranın o biri tərəfində qalırdı...

Elə onda... ərini də kəndin kişiləriylə birlikdə yük maşınlarına doldurub harayasa, ölümə apardılar...

... Yalın ayaqları şişmişdi. Cətinliklı yeriyirdi. Kətik meşələrini neçə gün idi ki, ac-susuz dolanırdı.Yaz, yay aylarında, lap elə payızınson aylarınacan bu qədim meşələrdə istənilən qədər cır meyvə, ya da giləmeyvə tapıb yemək mümkün idi. Amma indi... Fevralın adamın sümüklərini donduracaq şaxtalarında qardan, buzdan , bir də havayı ölümdən başqa bu meşələrdə nə tapmaq olardı ki...

Belə şaxtalarda uçan quşlar da havada uça-uça donurdular...

Bu alçaq erməni faşistləri qətliam törətməyin vaxtını da düzgün tapmışdılar. Təbiətin ən amansız soyuqlarında elə təbiətin özüylə əlbir olub qəddar işbirliyi yapmışdılar... Aclıqdan və soyuqdan yeriyə bilməyib taqətdən düşdüyü vaxtda meşədə donmuş bir qız meyidinə rast gəldi... Körpənin sıxılmış ovcunda qupquru qurumuş çörək parçası varıydı. Bu bir parça qurumuş çörəyi görəndə gözləri azacıq ümidləndi. Qızın balaca barmaqlarını nəfəsiylə isidərək zorla aralayıb çörəyi götürdü. Yazıq balam... keç günahımdan. Gücüm tükənib - deyib daşa dönmüş çörəyi ağız suyu ilə isladaraq çeynəməyə başladı. Mən də bu uşaq kimi buralarda donub öləcəyəm... Amma bəlkə... ölmədim...

İçində zəif bir " bəlkə”... ümidi yaşayırdı. Ayağa qalxıb şişmiş ayaqlarını sürüyə-sürüyə ölümdən bacardığı qədər uzaqlaşmağa çalışırdı. Hərəkətsiz qalmaq şaxtadan, qardan da qorxulu idi...

... Səkkiz aylıq ayrılıqdan sonra doğma evinə uzaqdan baxırdı. O, öz doğma evinə daha gedə bilməzdi. İndi onun evində düşmənlər yaşayırdı.

Gözündəki durbinlə bağçasında gözəl, ətirli güllər əkdiyi, hər qarışı ona əziz olan evini diqqətlə nəzərdən keçirirdi... Sonra bir anlığa sanki yerində donub qaldı. Evin böyründəki gül-çiçəklik dağıdılmışdı, onun sevdiyi gül ləklərinin yrerində tonqal qalamışdılar. Yanıq yerləri tala-tala qaralırdı. " Yəqin çoxdan yandırıblar...”- deyə fikrindən keçirdi.

Arabir həyətdə ermənilər, onların yanında da silahlı rus əsgərləri görünürdü. " İkiüzlü sovet əsgərləri...” Boğazında nəyinsə düyünləndiyini hiss elədi... " Evim qalıb əyriyə, həm yeyə, həm səyriyə... Sizi görüm...- deyə onları fikrində qarğadı...

Durbini gözündən aralayıb yenidən kolların arxasında,kiçik dəftərçəsində qeydlər aparan Muradla Səlimin yanında, dizlərini qatlayıb oturdu. Muradla Səlim demək olar ki, yaşıd idilər. Hər ikisi Bakıdakı ali hərbi məktəbdən məzun olmuşdular. Diplomlarını alar-almaz döyüş bölgəsinə gəlmişdilər.

O , sukeçirməz meşin çantasını açıb içindəki yeməyi çıxardı. Elə bu süfrə əvəzi səhra çantasının üstündəcə soyuq qəlyanaltını yeməyə başladılar. Bu an onlar bəlkə də tarlada çöl işlərindən yorulub nahara çıxmış ailə kimiydilər. O da çalışqan balalarını yemləyən anaya bənzəyirdi.

Axşamın düşməyini gözləyirdilər... Görüləsi işlərini bitirib qərara almışdılar ki, gecəyarısı, kimsəyə görünməmək üçün qaranlıqda geriyə qayıtsınlar...

(Davamı gələn sayımızda)