"Azərbaycanda dini ekstremist yuvalar azalmayıb, əksinə artıb" - Tədqiqatçı

"Suriyaya gedib, qanunsuz silahlı dəstələrə qoşulan insanların oradan qopub, geri qayıtması müşkül məsələdir”.
Bunu "Sherg.az”a Suriyada öldürülən Səid adlı azərbaycanlı haqqında danışarkən tanınmış hüquqşünas-tədqiqatçı İlqar Altay deyib. 
Onun sözlərinə görə, həmin şəxslərin ideoloji tərəfdən beyinləri yuyulub və ölümə qədər orada olmalıdırlar:
"Həmçinin, oradan qopmaq, o terror dəstələrindən qaçmaq elə də asan deyil və amansız cəzalandırılır. Nəhayət, qaça bilsə belə, öz ölkəsində onu cinayət məsuliyyətinə cəlb olunmaq təhlükəsi gözləyir. Bu cəza hər bir ölkədə var. Ona görə, Suriyaya getmiş insanların geriyə öz ölkəsinə qayıdışı çox nadir halda baş verir.
Suriyaya gedib terror dəstələrinə qoşulma səbəbləri də müxtəlifdir. Əsas İŞİD və digər terror qruplarının islam amilindən və maddi imkanlardan istifadə edərək güclü təbliğat qurması, öz ölkəsində yaşayış imkanlarının zəifliyidir. Düşünürəm ki, keçmiş MTN bu cür vətəndaşların Suriyaya getməsinin qarşısını almaqda səhlənkarlıq göstərib və bəzi hallarda siyasi, maddi mənfəət naminə onların getməsinə imkan da yaradıb. 
Bu gün bizim vətəndaşların Suriya döyüş bölgəsinə getməsinə az təsadüf oluna bilər. O mənada ki, oraya getmək əhəmiyyətini itirib, terror dəstələri məğlub, çöküş durumundadır və dövlət xüsusi xidmət, sərhəd orqanları çıxışa nəzarəti xeyli gücləndiriblər.
Azərbaycanda dini ekstremist yuvaların qalması və təhlükəsi azalmayıb, əksinə artıb. Baxmayaraq ki, Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu istiqamətdə çalışır və mütəmadi olaraq, xeyli terrorçu ekstremist zərərsizləşdirir. Radikalçılıq elmi təhlil, kriminoloji nöqteyi-nəzərdən ekstremizm və terrorun əsası rüşeymidir".
Qeyd edək ki, Suriyada daha bir azərbaycanlı öldürülüb. Belə ki, İdlibdə gedən döyüşlərdə "Sultan” cəbhəsində iştirak edən Səid adlı azərbaycanlı aldığı güllə yarasından ölüb.
Aysel Aslan