Rövşən Lənkəranski və “Lotu Quli”nin dəstələri arasında qarşıdurma..." - Ölüm halları

İlqar Altay:" R. Lənkəranski isə mərd və xarizmatik təsirli kriminal kimi ortaya çıxıb, yüksəlib və bəzi biznesləri müxtəlif qüvvələr tərəfindən daha da qaldırılıb. O, “Lotu Quli”nin liderliyini də qəbul etməyib"
"İndi Rövşən rəhmətə gedib, Quli isə həbsdən azad olub. Ona görə, bir sıra "razborka"lar lazım olacaq ki, hər kəs öz yerini bilsin”



"Rövşən Lənkəranskinin adamları və "Lotu Quli”nin dəstəsi arasında kəskin qarşıdurmalar müşahidə olunur”.

Bunu "Sherg.az”a iki kriminal qrup arasındakı çəkişmələrin Azərbaycana təsirlərini izah edərkən kriminalist İlqar Altay deyib. 

O bildirib ki, qarşıdurmanın kökü Lənkəranskinin azadlıqda Qulinin isə həbsdə olduğu dövrdən başlayıb:

"Görünür, bu iki şəxs əvvəldən təsir dairəsi uğrunda mübarizədə olub. "Lotu Quli” Azərbaycan kriminalının da daxil olduğu postsovet məkanına nəzarət edən Rusiya mafiya liderləri tərəfindən "taclandırılıb” və dəstəklənib. Təbii ki, Azərbaycanda bütün kriminal sfera da ona həvalə edilib. R. Lənkəranski isə mərd və xarizmatik təsirli kriminal kimi ortaya çıxıb, yüksəlib və bəzi biznesləri müxtəlif qüvvələr tərəfindən daha da qaldırılıb. O, "Lotu Quli”nin liderliyini də qəbul etməyib. İndi Rövşən rəhmətə gedib, Quli isə həbsdən azad olub. Ona görə, bir sıra "razborka"lar lazım olacaq ki, hər kəs öz yerini bilsin”.

Bu prosesdə çəkişmələrin artacağını istisna etməyən İ.Altay diqqətə çatdırıb ki, hətta ölümlə nəticələnən hallar olacaq:

"Bunun da Azərbaycan cəmiyyətinə təsirsiz ötüşəcəyini inkar etmək olmaz. Çünki həbsxanada olan bəzi dustaqlar bu qrupların təsiri altındadır. Həmçinin, ölkənin bir çox gəncləri və idmançıları da kriminal qruplarla əlaqəlidir. Əlavə olaraq, bir sıra biznes strukturları, sahibkarlar, hətta məlumatıma görə, bəzi məmurların da kriminal qruplarla əlaqəsi var.

Kriminal aləm sərhəd tanımır və kriminal avtoritetlər çoxdan postsovet məkanını aşıb, Avropaya çıxıblar. Onların Avropa ölkələrində biznes strukturları, öz şəbəkələri hətta döyüşkən qrupları da mövcuddur. Avropada narkoticarətə, qadın alverinə, saxta siqaret, içki istehsalı satışı, qaçaqmalçılıq kimi çirkli işlərə, restoran ticarət strukturlarına malikdirlər”.

Aysel Aslan