Çirkdən, natəmizlikdən yaranır

Qız uşaqları daha asan bitlənir
Uğurlu müalicə üçün ailə üzvlərinin təmasda olduğu şəxslərin də müalicəsi lazımdır



Bakıda bitlər yayılıb. Bu səpkili xəbərlər getdikcə artır. Yazar Sevinc Elsevər də özünün feysbuk hesabında bu məsələyə toxunub və o, bitin yayılmasını son vaxtlar ərəb turistlərin axını ilə əlaqələndirib: "Bakı məktəblərini bit götürüb gedir. Apteklərdə ön sıralarda növbənöv bit dərmanları düzülür və hətta apteklərdə dərman növbəsində dayananların azı ikisi bit dərmanı haqqında soruşur” .

Sevinc xanımla yenidən əlaqə saxlayıb, fikirlərini öyrəndik: "Abşeron rayonunda yaşayıram. Burda neçə aptekdə növbədə durarkən şahidi olmuşam. Üstəlik özüm əczaçılardan soruşmuşam, hamısı təsdiqləyib. Biz biti 90-ların əvvəllərində aclıq, müharibə dövründə görmüşdük. Əmim, bibim uşaqları əsgərlikdən gələndə özləri ilə bit gətirirdilər və ailələrə düşürdü. Həmişə deyirlər ki, bit aclıq və müharibədə yayılır. İndi o dəhşətli illərin aclığı, çörək, sabun, şampun qıtlığı yoxdu. Rayonlarda qaz var, hətta kəndlərin də böyük əksəriyyətində qaz var. O zamanlarda qaz yox idi. Hamam yandırmaq böyük, təntənəli rituala çevrilmişdi. Qohum-qardaşdan kimsə hamam yandıranda Oğuz eli başına yığışardı. Hamamının üstündən tüstü çıxan adam ən xoşbəxt, ən zəngin adam idi. İndiki vəziyyət o vəziyyət deyil. Səbəbi düşündüm, ölkədə son ildə yeganə dəyişiklik ərəblərin ölkəmizə axınıdı. Ona görə onlarla əlaqələndirdim. Fikrimin ciddi əsası yoxdu. Bütün Bakı ərəblərin natəmizliyindən dad edirdi”.

- Bəs bitlənmə nədən yaranır? Onun fəsadları nələrdir? Bit yayılan zaman nə etmək lazımdır?

Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, istər uşaq bağçaları, istər insanların kütləvi toplaşdığı yerlər, ictimai nəqliyyatda sanitar-gigiyena qaydalarına ciddi riayət olunmalıdır: "Bit çirkdən, natəmizlikdən yaranır: "Bit düşən insan vaxtlı-vaxtında yuyunmur, çimmir. Təhsil müəssisələrində uşaqların sayına uyğun paltar asılan yerlər yoxdursa, bu səbəbdən də bit yayıla bilər. Bit ictimai nəqliyyatda keçə bilər. Uşaq bağçaları, məktəblər, insanların kollektiv toplaşdığı yerlərdə ciddi nəzarət olmalıdır. Geyim əşyaları və yataq dəstləri fərdi formada istifadə olunmalı, eyni zamanda, markerofkalanmalı, nişanlanmalıdır. Təmizlik qaydalarına ciddi riayət olunmalıdır”.

Türkiyəli dermatoloq Funda Atamanın qeydlərinə görə, bitlər insanların düşündüyünün əksinə, hoppana və uça bilmir. Üç cüt ayağı olan 2 mm-dən balaca kiçik, qanadsız böcəklərdir. İlk zamanlar sirkə kimi bilinən yumurtaların yaranması ilə ortaya çıxır. 

Yaxın təmas, daraq, geyimlər, yaylıq, papaq, cib telefonu, qulaqcıq kimi əşyalarla yayıla bilir. Ev heyvanları isə insan biti üçün daşıyıcı deyil: "Bütün dünyada bitlər dərmanlara qarşı müqavimət göstərmələri ilə bilinən bir problemdir. Bit gündə 5 dəfə pəncələrini dəriyə keçirərək qan əmir. Qan əmdikdən sonra gənə kimi şişməsə də, həzm etdiyi qanın təsiri ilə pas rəngi alır. Bitin tüpürcəyi və nəcisinin dəriyə təması qızartı və qaşıntıya, bəzən də iltihablı yaralara səbəb ola bilir. Dişi bit 1 aylıq həyatının hər bir günündə təxminən 6 ədəd yumurta qoyur. Bitlər yumurtadan ortalama 1 həftədə çıxır. Bit müalicəsinin həftədə bir dəfə təkrarlanmasının səbəbi də budur. Baş biti uşaqlarda daha çox görülür. Baş biti ən çox boyun və qulaq arxası saç dərisində olur. Qız uşaqları daha asan bitlənir”.

Dermatoloqun sözlərinə görə, baş biti qan əmmə əsnasında hansısa bir xəstəlik yaymır. Amma bədən biti həyat şəraiti pis, baxımsız insanlarda görüldüyü üçün müharibə vaxtı, ya da kasıb toplumlarda tif kimi yoluxucu xəstəliklərə səbəb olur. Bitlərin təmizlənmə üsulundan danışan F.Ataman deyir ki, müvəffəqiyyətli bir müalicə üçün ailə üzvlərinin təmasda olduğu şəxslərin də müalicəsi lazımdır:

"Saç bantlarının, daraqların, fırça, papaq, yastıq, ev və maşında olan oturacaqların baş qoyulan hissələrinin silinməsi və yuyulması vacibdir. Dərmanlar quru saça sürtülməlidir. Bit su ilə qarşılaşınca, nəfəs yollarını bağlayır və yarım saat nəfəs almadan qala bilir. Nəfəs yollarını bağladığı üçün dərman bitə təsir etmir və öldürmür. Dərmanlar nəfəs yolunu iflic edərək təsirli olur. Yumurtalarda ilk 4 gün sinir sistemi inkişaf etmədiyi üçün bu iflicedici dərmanların təsiri olmaz. Buna görə qalıcı təsirli dərmanlar istifadə edilməli və ya 1 həftə sonra müalicə təkrarlanmalıdır. Saçların kəsilməsi bitin çox olduğu durumlarda düşünülə bilər. Mexaniki təmizləmə, yəni bit və sirkələrin əllə artlanması, sıx dişli bit daraq ilə darama dərman istifadə etmədən faydalı ola bilər. 

Bit darağı ilə darayarkən saçı su, sirkə, zeytun yağı, ya da saç kremi ilə nəmləndirmək işinizi asanlaşdıracaq. Bu darama işi 3-4 gündən bir 15-30 dəqiqə arayla təkrarlanmalıdır. Saç təmizləndikdən sonra 2 həftə daha davam edilməlidir. Vazelin və ya mayonez ilə həftədə bir dəfə, ən az 10 dəqiqə saçların sürtülməsi də dərmana ehtiyac görülməyən alternativ üsullardandır. Bu vasitələr saça bol sürtülməlidir, beləcə, bit nəfəs ala bilməz və ölər. Həmçinin 30 dəqiqə ərzində saç qurutma aləti ilə isti hava tətbiq edərək, bitlərdən azad olmaq olar”.

Şəymən