Radioloqun sözlərinə görə, uşaqların zorakılığa məruz qalması psixoloji travmadan əlavə həm də fizioloji fəsadlar yaradır.
"Bir həkim, bir ana olaraq artıq bu cəmiyyətdən qorxuram" - Radioloq
Aynurə Muradova:"Bir dəfə bir qadın azyaşlı qızı yanıma müayinə gətirdi və özünü onun qaynanası kimi təqdim elədi. İşin üstü açılanda məlum oldu ki, həmin qadının əri evlərinə qonaq gələn qızı zorlayıb"
Radioloqun sözlərinə görə, uşaqların zorakılığa məruz qalması psixoloji travmadan əlavə həm də fizioloji fəsadlar yaradır.
Uşaqlara qarşı cinsi zorakılığın artması bütün ictimai narahat edən məsələdir. Az qala valideynlər uşaqlarını məktəbə göndərməyə belə çəkinir. Uşaqların həyətdə oynaması, qohum- qonşunun qapısını açması isə artıq tarixin arxivinə qovuşub. Hər an təşviş keçirən valideynlər övladlarını bir an belə gözlərinin önündən ayırmır, çünki ətraf korlanıb. Atanın qızına, qardaşın bacısına tamah saldığı bir cəmiyyətdə yaşayan analar niyə də övladlarını yad bir insana etibar etsin? Qeyd edək ki, Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorlanma hadisəsi ilə bağlı iddialar son günlərin ən çox müzakirə edilən mövzularından oldu.
Adıçəkilən məktəbdə 1-ci sinif şagirdinin 10-cu sinif şagirdləri tərəfindən zorlanması barədə xəbəri ilk yayan isə uşağın valideynləri, yaxınları deyil, övladı həmin məktəbdə oxuyan digər valideynlər oldu. Onlar aksiya keçirib hadisəni ictimailəşdirdilər. Lakin sadəcə mediada müzakirə edildi, bir neçə xəbər və açıqlama ilə iş bağlandı. Həmin açıqlama və xəbərlərdə doğan suallar isə hələ də, cavabsız qalıb.
Son zamanlar uşaqların cinsi istismara məruz qalması kimi faktların artmasından ciddi narahatlıq duyan radioloq Aynurə Hidayətqızı rayon yerlərində azyaşlı qızlara qarşı zorakılıq hallarının daha çox rast gəlindiyini deyib.
Onun sözlərinə görə, təcavüz sonrası hamilə qalan azyaşlıların ailəsi bu olayı gizlətmək üçün uşaqları rayon xəstəxanalarına aparmır, birbaşa Bakıya gətirir:
"Bu cür pasiyentlərim çox olub. Təbii olaraq 12-13 yaşlı qızların hamiləliyin təsbiti üçün ultrasəs müayinəsinə gətirilməsi məndə təəccüb doğurur və istər- istəməz ağlıma təcavüz faktoru gəlir. Ancaq həmin qızı yanıma gətirən qadınlar bunu məndən gizlədirlər. Azyaşlı qızların təzə gəlin olduğunu iddia edirlər. Uşaqların özü ilə kontakta girməyə çalışsam da, onlar heç bir sualəma cavab vermir. Ürkək baxışları ilə səssizcə dayanırlar. Müayinəyə gələn qızların bu dərəcədə qorxması da əslində elə onların zorakılıq qurbanı olduğunun bir göstəricisidir”.
Özəl uşaq sığınacaqlarından birinin rəhbərliyi ilə yaxın münasibəti olduğunu qeyd edən radioloq deyib ki, ora atılan uşaqların tükürpədici taleləri var:
"Sığınacaq rəhbəri mənə psixoloji travma yaşayan 4 yaşlı bir oğlan uşağının atası tərəfindən zorakılığa məruz qaldığını eşidəndə sözün həqiqə mənasında böyük şok keçirdim. Atası ilə anası ayrı yaşayan bu uşağ psixoloji test zamanı təkrar- təkrar atasının onu çox istədiyini deyirmiş. Söhbət zamanı məlum olub ki, atası qızının zorakılığı dərk etməməsindən istifadə edərək ona qarşı əxlaqsız hərəkətlər edirmiş. Sığınacaq rəhbərliyi hadisəni ictimailəşdirib, anasınə çağırandan sonra ana məhkəmə yolu ilə uşağın ata ilə görüşünü məhdudlaşdırır. Demək istədiyim odur ki, azyaşlı uşaqlara qarşı zorakılıq faktları mediada, sosial şəbəkələrdə işıqlandırılan hadisələrlə bitmir. Gizli qalan o qədər təcavüz halları var ki...”
Aynurə xanımın sözlərinə görə, valideynlər maksimum dərəcədə uşaqları ilə maraqlanmalı, onlarla dostluq etməyi bacarmalıdır. Əks halda özünəqapanan uşaqlar yad təsirlərə tez düşür. Analar uşaqlarına məktəbdə, küçədə tanımadığı insanlarla ünsiyyətdə olmamağı tövsiyyə etməlidir. Əgər kimsə onlara yaxınlaşsa, suallar versə, dərhal valideynlərini məlumatlandırmalıdır. Adətən təcavüzkarlar öz qurbanlarını törətdikləri çirkin əməl barədə heç kimə heç nə deməməyi tələb edir. Hədə qorxu gələrək onu ata- anasını öldürəcəyi, biyabır edəcəyi ilə təhdid edir:
"Hamiləliyin ən dəqiq müəyyənləşdirilməsi ultrasəs müayinəsi zamanı bəlli olduğu üçün valideynlər zorakılıq nəticəsində hamilə qalan övladlarını bizim yanımıza gətirməyə məcbur olurlar. Yəni qohum- qonşu hadisədən xəbər tutmasa belə, biz həkimlər çox şeyin şahidi oluruq. Və bacardığımız qədər hüquq mühafizə orqanlarını məlumatlandırırıq ki, hadisə ilə bağlı araşdırma aparsınlar və cinayətkarlar qanun qarşısında öz cəzalarını çəksinlər. Bir dəfə bir qadın azyaşlı qızı yanıma müayinə gətirdi və özünü onun qaynanası kimi təqdim elədi. Qadının hərəkətlərindən şübhələndiyim üçün faktla bağlı hüquq mühafizə orqanlarını məlumatlandırdım. İşin üstü açılanda məlum oldu ki, həmin qadının əri evlərinə qonaq gələn qızı zorlayıb.
Qadın da ərinin günahını ört- basdır etmək üçün qızı abort etdirmək üçün Bakıya gətirib. İnandırım sizi, hər dəfə bu cür faktlarla rastlaşanda çox böyük sarsıntı keçirdirəm. Bir həkim, bir ana olaraq artıq bu cəmiyyətdən qorxuram. Elə zəmanətə çatmışıq ki, övladlarıma tapşırıram ki, küçədı, blokda tanımadığı insanlarla danışmasınlar, yaşlı insanlara kömək etsələr belə onları qapılarına qədər müşaiət etməsinlər. Blokun qapısından ötürüb, geri qayıtsınlar. Mən zorakılıq faktorları ilə bağlı sadəcə hüquq mühafizə orqanları ilə yox, səhiyyə və təhsil işçiləri ilə də ünsiyyətdə olmağa çalışıram. Amma problemin əsas həlli valideyn məsuliyyətindən keçir. Valideynlər uşaqlarına daha çox diqqət ayırmalı, onların hər anını nəzarətdə saxlamalıdır. Tez- tez problemləri ilə maraqlanmalı, ona ailəsindən başqa yaxın bir kimsənin ola bilməyəcəyinə inandırmalıdır”.
Cinsi istismara məruz qalan uşaqların dəhşətli travmalarla üzləşdiklərini qeyd edən Aynurə xanım hesab edir ki, problemin qarşısını almaq üçün mütləq təhsil ocaqlarında maarifləndirici təlimlər aparılmalıdır.
Radioloqun sözlərinə görə, uşaqların zorakılığa məruz qalması psixoloji travmadan əlavə həm də fizioloji fəsadlar yaradır. Təcavüz qurbanı olan qız uşaqlarında vaxtından əvvəl qadınlaşma prosesi gedir. Bəzən ötən əsrlərdə qız uşaqlarının 13-14 yaşında evlənməsini misal gətirib erkən nikahlara belə haqq qazandırırlar. Ancaq aradan neçə on illiklər, yüz illiklər keçib. O vaxtın insanı ilə müasir insanın formalaşması arasında çox böyük fərq var. Onların orqanizmi daha dəyişkən olub. Kiçik yaşlarında təcavüzə məruz qalan qız uşaqlarının uşaqlığında çapıqlar yaranır ki, bu da bəzi hallarda qanaxma ilə nəticələnir.
Abort zamanı isə onların uşaqlıqlarının çıxarılması təhlükəsi yaranır, bəzən də uşaqlıq travmaya məruz qaldığı üçün sonsuzluq baş verir.
Həkim təcavüzün oğlan uşaqları üçün də çox təhlükəli fəsadlar yaratdığını deyib. Onun sözlərinə görə, uşaq vaxtı zorakılığa məruz qalan oğlan uşaqları böyüdükcə cinsi azlıq nümayəndəsinə çevrilir: "Bir pasiyentim vardı. Müayinə zamanı mənə öz həyatını danışmışdı. Uşaq vaxtı bir neçə dəfə qonşularının təcavüzünə məruz qalıb.
O artıq böyüdükcə özündən asılı olmadan qadınlardan daha çox kişilərə maraq göstərməyə başlayıb. Qadın kimi yeriyib, bəzənib, saçını, dırnağını uzadıb. Əməliyyatla sinəsini böyütdürüb və daimi olaarq kişilərlə əlaqədə olub.
Azyaşlı uşaqların daha çox məktəblərdə təcavüzə məruz qaldığını iddia edən Radioloq hesab edir ki, məktəblərdə psixoloqların işi gücləndirilməlidir. Beş- altı təhsil mərkəzinin çıxmaq şərti ilə digər məktəblərdə psixoloqların işi çox zəifdir. Müəllimlər, sinif rəhbərləri öz davranışlarına, uşaqlarla rəftarlarına diqqət yetirməlidir”.
Şəymən