ABŞ-da AXC-nin 100 illiyi ilə bağlı rəsmi qərar verildi

Nebraska ştat rəhbərliyindən mühüm bəyannamə...




ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar bəyannamə imzalayıb. Qubernator 2018-ci ilin 28 may tarixini rəsmi olaraq, Azərbaycan Milli Günü elan edib. Paralel olaraq ştat sakinlərini bu əlamətdar günü qeyd etməyə çağırıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən xəbərə görə, sənəddə 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk demokratik respublika kimi tarixə düşdüyü vurğulanıb. Həmçinin, bütün vətəndaşlara bərabər hüquqlar vermiş ilk dövlətlərdən biri olduğu diqqətə çatdırılıb. Eləcə də, respublikanın həmin dövrdə dünyanın bir çox demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı bildirilib. Bəyannamə Nebraska ştatının dövlət katibi Con Qeyl tərəfindən də imzalanıb.

Millət vəkili, tarixçi-alim Fəzail İbrahimli "Şərq”ə açıqlamasında deyib ki, Azərbaycanın istənilən uğurunun dünyada qəbul olunması dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir. Deputatın sözlərinə görə, belə qərarlar Azərbaycanı dünyada müstəqil imici olan dövlət kimi tanıdır: 

"ABŞ-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı rəsmi qərarın verilməsinin mühüm siyasi tərəfləri var. Dünyada qadınların seçmək və seçilmək hüququ tanınmayanda məhz yüz il əvvəl Azərbaycanın milli dövləti qadınlara seçki haqqı verib. Amerikada möhtəşəm tariximizin gündəmə gəlməsi olduqca önəmlidir. Çünki bununla demokratik amillərin nə qədər ali prinsip olduğu və dövlət idarəçiliyində mühüm rol oynadığı vurğulanır. Bu, həm də bizə demokratiyadan "dərs keçmək” istəyən bir sıra dövlətlərə verilən ən gözəl cavabdır. Yüz il əvvəl Qərb dünyası yatanda bizim babalarımız demoktarik prinsiplərlə yaşayıb. 

Nebraska ştatının qərarı tariximizin qədimliyini, özəlliyini və Avropa dəyərlərindən öndə olmasını gündəmə gətirmək baxımından önəmlidir. Çox böyük uğurdur. Hesab edirəm ki, hər bir azərbaycanlının dövlətçilik tariximizlə fəxr etməyə haqqı var. "Haqq əzilər, üzülməz” deyirlər. Gec-tez Azərbaycanın bütün həqiqətləri dünyada tanınacaq. Cümhuriyyət yaradan bir xalqın dəyərlərinin Avropa dəyərlərindən daha üstün və qədim olduğu bəlli olacaq”.

İsmayıl