Mübarizə qızışır, Kreml silkələnəcək
Putinin prezidentlik dönəmi ağır keçəcək
Rusiyanın müxtəlif şəhərlərində Aleksey Navalnının təşkilatçılığı ilə etiraz aksiyaları start götürüb. Aksiyalarda yeni seçilən prezident Vladimir Putin nəzərdə tutularaq "O, bizim üçün çar deyil” şüarları səsləndirilib. Aksiyaların 80 şəhərə yayılacağı deyilir. Aleksey Navalnının federal qərargahının rəhbəri Leonid Volkov deyib ki, mitinqlər Rusiyanın siyasi həyatından tam uzaqlaşdırılmış adamların aksiyasıdır:
"Biz seçkinin saxtalaşdırıldığına əminik. Kreml obyektiv həqiqətin mövcudluğunu inkar etmək üzərində qurulub”. Xatırladaq ki, Rusiyada keçirilən aksiyalardan öncə hüquq-mühafizə orqanları aktivistlərin həbsini sürətləndirib. Navalnının köməkçisi Boris Pavlov da polis tərəfindən saxlanılıb. Krasnoyarsk, Çelyabinsk, İrkutsk və Yakutskda 200-ə yaxın adam həbs olunub. Onu da vurğulayaq ki, etirazlar fonunda dünən Rusiyada prezident Vladimir Putinin andiçmə mərasimi keçirilib. Paralel olaraq Rusiya hökuməti də istefa verib. Lakin Putin baş nazir postuna yenidən Dmitri Medvedyevin namizədliyini irəli sürüb.
"Rusiya beynəlxalq həyatın nüfuzlu iştirakçısıdır”
Putin inaqurasiyanın keçirildiyi zala "Korteş” adlı yerli avtomobillə gəlib və Böyük Kreml Sarayında 5 min qonağın qarşısında dördüncü dəfə and içib. Andiçmədən sonra çıxış edən Putin bir sıra maraqlı məsələlərə toxunub. Bəyan edib ki, Rusiyanın dinc və çiçəklənən gələcəyi üçün hər şeyi etməyi öz borcu və həyatının mənası hesab edir. Onun sözlərinə görə, Rusiya öz maraqlarını müdafiə etməyi və vətən üçün qüruru dirçəltməyi bacardı: "Ölkənin təhlükəsizliyi və müdafiə qabiliyyəti etibarlı şəkildə təmin olunub. Rusiya beynəlxalq həyatın güclü, aktiv, nüfuzlu iştirakçısıdır. Bizə həyatın bütün sahələrində sıçrayışlar lazımdır”. Prezident yeni dönəmdə dövlətin prioritet hədəflərinin təhsil və səhiyyənin keyfiyyətinin artırılması, həmçinin anaların və uşaqların mühafizəsinin təşkili olduğunu bildirib: "Rusiya ailəsinin ehtiyaclarına yönələn müasir sosial siyasəti aktiv şəkildə aparacağıq. Təhsil və səhiyyənin keyfiyyətini artıracağıq. Xüsusi diqqəti isə ənənəvi ailə dəyərlərinə ayıracağıq”.
Ruslar Putinin hansı siyasətindən narazıdır?
Putinin əsas uğurları və uğursuzluqları açıqlanıb. "Levada Sentr” şirkətinin keçirdiyi sorğuya əsasən, ruslar Putinin qazandığı ən böyük uğurun Rusiyanın yenidən böyük gücə çevrilməsi olduğunu bildiriblər. İnsanların Putindən narazılığının əsas səbəbi isə gəlirlərin sadə insanların maraqlarına uyğun bölüşdürülməməsi olub. Vətəndaşların fikrincə, hakimiyyət sadə insanların qayğısına az qalır. İnsanları narazı salan başqa məqam isə reformlara ayrılan xərclər, əməkhaqları, təqaüdlər, sosial yardımların az olması, iqtisadi böhranın bitməməsidir.
"Sistem transformasiyası baş verməyəcək”
Rusiyalı politoloq Abbas Qalyamov deyib ki, Rusiyada iqtisadiyyatın vəziyyəti pisləşib. Ona görə də hansısa reformların olacağı gözlənilir. Amma bu, taktiki xarakter daşıyacaq və sistemin bir insanın siyasi iradəsinə bağlılığı dəyişməyəcək: "Sistem transformasiyası baş verməyəcək. Putin ölkəni konservativ çoxluğun üstünlüyü ilə idarə edəcək və liberal azlığa təzyiq göstərəcək. Nəticədə iqtisadiyyat pisləşəcək, sosial pessimizm artacaq. Hakimiyyətdə dəyişikliklər olsa belə, bu heç nəyi dəyişməyəcək. Bütün sistem Putinin əlində cəmləşib. Hökumət, sadəcə, texniki orqan sayılır”.
Ermənistan da yavaş-yavaş tabelikdən çıxır
Rusiyalı politoloq Mixail Oreşkin də Putinin hazırkı prezidentlik dönəminin onun üçün ən ağır zaman olacağını deyib: "Putin imicini rus torpaqlarını bərpa edən şəxs kimi formalaşdırıb. O, indiyə qədər hansısa torpağı güclü şəkildə Rusiyaya birləşdirməyib, əksinə, itirib. Buraya Ukraynanı aid etmək lazımdır. İndi mərhələli şəkildə Dnestryanı itirilir. Ermənistan da yavaş-yavaş tabelikdən çıxır. Belarus və Qazaxıstandan isə danışmağa dəyməz. Televiziyalarda görüntüdə isə Putin qalibdir və Krımı Rusiyaya birləşdirib. Putinin fikrincə, o, Suriyaya girməklə çox şey əldə edib. İstəyirdi ki, Qərb onunla danışığa başlasın. Qərb onunla danışmağa başladı, amma bu, gözlənilməyən dildə oldu”.
"Navalnı rus əhalisini ayağa qaldıra bilir”
Rusiyadakı olayları "Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynli deyib ki, Navalnı və digər sadə rusları narahat edən əsas məqam Rusiyada prezident səlahiyyətlərinin hədsiz çox olmasıdır. Ekspertin fikrincə, Kreml rəhbərinin qeyri-məhdud səlahiyyətləri müxalifləri küçələrə töküb: "Onların "biz çar istəmirik” şüarları birbaşa bu məqama diqqət çəkmək üçündür. Bir sıra tanınmış müxaliflərin qətli, həbs olunması, təzyiqlərə məruz qalması insanları təşvişə salır.
Navalnı deyir ki, Rusiyada demokratik seçki keçirilmir, alternativlik təmin edilmir. Ona görə də seçki yolu ilə iqtidarla mübarizə aparmaq mümkün deyil. Navalnı rus əhalisini ayağa qaldıra bilir. Partiya mənsubluğu olmasa da, Rusiyanın bütün şəhərlərində istədiyi vaxt mitinq təşkil edir. Hazırda Rusiyanın real müxalifəti məhz Navalnıdır.
O istəyir ki, Rusiyada ciddi islahatlar keçirilsin və seçkilər saxtalaşdırılmasın. Hakimiyyət xalqın iradəsi ilə formalaşsın”. Analitik bildirib ki, Navalnı ara-sıra mitinqlər, etiraz aksiyaları keçirməklə hələlik sadəcə "məşq” edir. Çox güman ki, bir müddət sonra əsl yarışa girəcək. Görünür, bunun üçün ictimai-siyasi şərait tam yetişməyib. Hökumət müxalifləri qorxutmağa çalışsa da, Navalnı mübariz adam olduğu üçün heç nədən çəkinmir. İndiki aksiyalar Rusiyanı titrətməsə də, nə vaxtsa titrəyiş baş verəcək”.
İsmayıl