Yerlilərə qarşı ayrı-seçkilik edilir
Azərbaycanda çalışmaq istəyən əcnəbilərin sayı ildən-ilə artır. Öz kadrlarımız arasında işsizlik problemi yaşansa da, bəzi iri xarici şirkətlər məhz əcnəbi mütəxəssislərə üstünlük verir. Təbii ki, əcnəbilərin aldıqları əmək haqqı da Azərbaycan vətəndaşlarının məvacibləri ilə müqayisədə xeyli artıq olur. Bu da həmin sahədə çalışan yerli mütəxəssislərin haqlı narazılığına səbəb olur.
Yerli qanunlara görə, işəgötürən işçiyə peşəkarlıq səviyyəsinə və gördüyü işə görə əmək haqqı ödəməlidir. Xarici ölkə vətəndaşına eyni işə görə çox, yerli işçiyə isə az əmək haqqı verilirsə, bu, Əmək Məcəlləsinin kobud şəkildə pozulmasıdır.
Əmək Məcəlləsinin 16-cı maddəsində əmək münasibətlərində ayrıseçkiliyin yolverilməzliyi barədə norma tətbiq edilir. Həmin normaya görə, əmək münasibətlərində vətəndaşlığına, qulluq mövqeyinə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi qəti qadağandır.
Bu əmələ görə şirkət cinayət məcəlləsinin vəzifədən sui-istifadə etmə və ya inzibati xətalar məcəlləsinin əmək qanunvericiliyinin pozulması maddəsinə görə məsuliyyət daşıya bilər.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimlinin sözlərinə görə, xaricdən ölkəmizə əcnəbilər gətirilir deyə, yerli işçilərimiz işsiz qalır: "Mənim əlimdə dəqiq məlumatlar var ki, Azərbaycanda birgə müəssisələr Əfqanıstandan, Pakistandan, Hindistandan çox ucuz işçi qüvvələri gətirirlər. Onları buradakı şirkətlərdə işlədirlər. 10-15 nəfər bir otaqda qalır. Bunun nəticəsində də yerli mütəxəssislərimiz işsiz qalır”.
Deputat bildirib ki, Azərbaycanda tikinti sektorunun 70-80 faizində şənbə və bazar günləri də işlər görülür. "Ya da insanlar 7-8 saatdan çox işlədilir. İnsanlar istismar olunur. Qara mühasibatlıq tərtib olunur. İnsanların həyatı gedir. Bu çox çətin və ağır məsələdir. Bunu yoluna qoymaq lazımdır”.
T.Kərimli deyib ki, ölkəmizdə çalışan əcnəbi şəxslərə yerli mütəxəssislərdən çox maaş verilir. "Yerli mütəxəssislərimizin maaşı onlarınkından çox aşağıdır. Bu halı da aradan qaldırmaq üçün müəyyən addımlar atılmalıdır.
Vətəndaşların Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bu işin içində olan bir hüquq müdafiəçisi kimi problemi dəfələrlə qabartdığını deyib: "Hasilatın pay bölgüsü haqqında sazişdə aşkar göstərilib ki, işçilərin əməyə cəlb olunması Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçirilməlidir. Hətta bununla bağlı ayrıca sənəd də var. Ancaq transmilli şirkətlər bu qaydaların heç birinə əməl etmirlər. Bu proses 90-cı illərdən üzü bura gedir. Dəfələrlə öz hesabatlarımızda bu problemə toxunmuşuq”.
S.Məmmədovun sözlərinə görə, ən çox əməkhaqqı alan, yüksək yaşayış şəraiti ilə təmin olunan Qərbi Avropa ölkələrindən gələn işçilərdir. "Bizim yerli işçilərlə müqayisədə onlar 4-5 dəfə artıq maaş alırlar. Sonrakı sıralama isə Şərqi Avropadan, Banqladeş, Fillipin, Malayziya, Hindistan və Afrika ölkələrindən gətirilən işçilərdir. Bu ənənənin ideya rəhbəri isə BP şirkətidir. Mənsub olduğu ölkə bütün dünyaya demokratiyadan "dərs” keçsə də, açıq-aşkar qanunsuzluğa yol verirlər. Onlar ancaq öz vətəndaşlarına qarşı ədalətli davranır, onların haqlarını müdafiə edirlər. "Statoil” şirkəti də işçi hüquqlarını kobud şəkildə pozurdu, sonradan bu şirkət Azərbaycandakı fəaliyyətini dayandırdı. Bakı-Tbilisi-Cehyanın tikintisini aparan podratçı şirkətlər də azərbaycanlı işçilərə qarşı bu qədər ədalətsiz davranırdı. Hətta orada əcnəbi işçilərlə bizim yerli işçilərin qida rasionu belə fərqli idi”.
S.Məmmədov deyib ki, sadəcə neft şirkətləri yox, digər sahələr üzrə fəaliyyət göstərən şirkətlər də azərbaycanlılara qarşı bu cür ayrı-seçkilik edir.
Bəzi yerli şirkətlərin də xaricdən dəvət olunan mütəxəssisə yerli işçilərdən daha çox əməkhaqqı verilməsi hallarına gəldikdə isə Liqa sədri deyib ki, bunun obyektiv səbəbləri var: "Bəzi şirkətlər hər hansı bir sahə üzrə Azərbaycanda mütəxəssis olmadıqda həmin sahə üzrə xaricdə sayılıb- seçilən şəxslərdən birini müvafiq vəsait müqabilində dəvət edir. Onu əvəzləyə biləcək azərbaycanlı olmadığı üçün həmin adam yerli şərtlərlə uyğunlaşmayacaq. Onlarla ayrıca müqavilə bağlayır.
Ancaq ölkədə həmin işi görə biləcək mütəxəssis varsa, o zaman əcnəbiyə yüksək maaş verilməməlidir. Bu həm bizim Konstitusiyamızın, həm də tərəfdar çıxdığımız beynəlxalq normaların tələbidir”.
Şəymən