Sərhəddə yaşayan əhali sevinəcək

Gürcüstanla birgə sərhəd məntəqəsinin yaradılması faydalı olacaq



Gürcüstan və Azərbaycan "Bir kəmər - bir yol” təşəbbüsü çərçivəsində birgə sərhəd məntəqəsi yaratmağı planlaşdırır. Bu barədə Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze Asiya İnkişaf Bankının Direktorlar Şurasının iclası zamanı deyib.

O bildirib ki, Gürcüstan Asiya İnkişaf bankının maneəsiz ticarət təşəbbüsünü tam dəstəkləyir: "Məhz bu baxımdan da biz Azərbaycanla ilk birgə sərhəd məntəqəsinin tikintisinin mümkünlüyünü nəzərdən keçiririk”.

Qeyd edək ki, Çin 2013-cü ildə tarixi İpək yolunun inkişafını nəzərdə tutan "”Bir kəmər - bir yol”” təşəbbüsünü irəli sürüb.

Yeni layihənin iqtisadi baxımdan hər iki ölkə üçün səmərəli olacağını deyən iqtisadçı-ekspert Fuad İbrahimov "Şərq”ə bildirib ki, bu qəbildən olan layihələr sərhəd zonasında yaşayan əhali üçün olduqca faydalıdır: 

"Belə layihələr həmçinin ticarət, biznes və idxal üçün də müsbət effektlər verə bilər. Layihənin ictimai modelindəki məqamlara baxıb müəyyən araşdırma aparmaq olardı. Təbii ki, layihə çərçivəsində müəyyən məhdudiyyətlər də olacaq. Amma nə qədər məhdudiyyət olsa da, bu cür layihələr alqışlanmalıdır. Konkret zaman və məkan çərçivəsində layihəni izləmək lazımdır. Həyata keçəndən sonra onun perspektivləri və digər müsbət hallarını daha dəqiq demək olar”.
Yeganə