Tahir Kərimli:"Maşın şou” tipli verilişlər Azərbaycan xalqının əxlaqına ciddi zərbə vurur”Əhməd Qəşəmoğlu:"İndi yayımlanan şou-proqramlar, “Maşın şou” kimi verilişlər mənəvi aşınmaya xidmət edir"
ATV telekanalında yeni mövsümə başlayan "Maşın” realiti şousu efirə yayımlanan ilk gündən qalmaqalları, müzakirələri ilə yenidən gündəmi zəbt edib. Xüsusilə, iştirakçıların proqramda qeyri-etik ifadələrdən, təhqirlərdən istifadə etməsi sosial şəbəkə istifadəçilərinin müzakirə obyektinə çevrilib. Əksəriyyət isə nə qədər reytinqli olsa da, belə verilişlərin efirdə yayımlanmasının tərəfdarı deyil.
Bu barədə "Sherg.az”a danışan millət vəkili Tahir Kərimli "Maşın şou”ya baxmadığını, arabir qısa çarxlara rast gəldiyini deyib.
Deputat da bu tipli şou-proqramlara mənfi münasibət bəsləyir:

"Belə verilişlərin təsisçiləri özlərinə bəraət qazandırırlar ki, Azərbaycan xalqı necədirsə, onun televiziyası da, mətbuatı da eyni səviyyədədir. Halbuki Azərbaycan xalqını yetişdirən məhz bu resurslardır. Qınamaq məqsədilə deyil, sadəcə sual edirəm: Niyə belə verilişlər baxımlı olur? İnsanlar dava-dalaşı, uyğunsuz ifadələrin səsləndirildiyi şou-proqramları niyə maraqla izləyir? Proqramların təsisçiləri, telekanal rəhbərləri isə nəzərə almalıdırlar ki, televiziya tərbiyə məktəbi olmalıdır. Azərbaycanın milli dəyərlərini, adət-ənənələri gözləmək lazımdır. Telekanallar şəxsiyyət formalaşdırmaq əvəzinə, qeyri-etik verilişlərlə şəxsiyyəti məhv edirlər.
Efirlərdə yayımlanan verilişlərdə elə nüanslar ortaya çıxarılır ki, sanki Azərbaycan cəmiyyəti sadəcə bunlardan ibarətdir. Halbuki cəmiyyətin 80-90 faizi dava-dalaşa, qeyri-etik fikirlərə, mübahisələrə meylli deyil. Telekanallar isə xalqın qulağını, gözünü onların mədəniyyətinə uyğun olmayan şeylərə öyrəşdirirlər”.
T.Kərimli hesab edir ki, televiziyalarda, sosial şəbəkələrdə təşkilati məsələlərdə məşğul olanlar pul, tanınmaq, reytinq naminə hər cür biabırçılığa imza atmamalıdır:
"Baxın, xalqı hansı səviyyəyə çatdırırlar. Azərbaycan xalqı belə deyil, insanlarımızı, dəyərlərimizi uçuruma sürükləmək olmaz. Savadı, mədəniyyəti, ailə tərbiyəsi olmayan şəxslər efirlərdə bir-birlərinə ağzına gələni deyirlər. Mənəviyyatı korlamaq üçün belə addımların vüsət alması kifayətdir. Bu məsələlər mənə çox təsir edir. "Maşın şou” tipli verilişlər Azərbaycan xalqının əxlaqına ciddi zərbə vurur”.
Sosioloq Əhməd Qəşəmoğlu isə söyləyib ki, "Maşın şou” tipli şou-proqramların bütün ölkənin diqqət mərkəzinə gətiriləcək səviyyədə hazırlanması yolverilməzdir:"Belə verilişlər sadəcə əyləncə xarakterli olmalıdır. Azərbaycanda isə "Maşın şou” kimi verilişlərin mahiyyəti tamam başqa cür olur. Şou-proqramların ölkənin diqqət mərkəzinə gətirilməsini düzgün hesab etmirəm. Çünki orada çəkilən insanlar tanınan şəxslərdir. Rayon yerlərində bir qədər tanınan şəxsə elə münasibət bəsləyirlər ki, sanki o qeyri-adi insandır. Ona görə, həm rayonlarda, həm də kəndlərdə bu cür verilişlərin təsiri altına düşən şəxslər çox olur.
Televiziya verilişlərinin cəmiyyətə təsir etməsi o zaman müsbət ola bilər ki, burada əhaliyə mənəvi zənginlik baxımından yaxşı nüanslar aşılansın. İndi yayımlanan şou-proqramlar, "Maşın şou” kimi verilişlər mənəvi aşınmaya xidmət edir. Bu baxımdan həmin verilişlərin efirləri zəbt etməsinin tərəfdarı deyiləm”.
Aysel Aslan