Adil Qeybulla: “Bu yoluxucu, keçici xəstəlik deyil. Sadəcə olaraq talassemiya irsi yolla sonrakı nəsillərə ötürülə bilər. O baxımdan da talassemiyalı uşaqlar ana bətnində təyin oluna bilir”
Talassemiya daşıyıcılarının ailə qurması risklidir
Sevinc Əlifəttahzadə: “Nikahdan əvvəl məcburi tibbi müayinənin nəticələrinə uyğun hərəkət etmək lazımdır”
Adil Qeybulla: “Bu yoluxucu, keçici xəstəlik deyil. Sadəcə olaraq talassemiya irsi yolla sonrakı nəsillərə ötürülə bilər. O baxımdan da talassemiyalı uşaqlar ana bətnində təyin oluna bilir”
Adil Qeybulla: “Bu yoluxucu, keçici xəstəlik deyil. Sadəcə olaraq talassemiya irsi yolla sonrakı nəsillərə ötürülə bilər. O baxımdan da talassemiyalı uşaqlar ana bətnində təyin oluna bilir”
Azərbaycanda nikahdan öncə tibbi müayinə məcburiləşdirilsə də, bir sıra cütlüklər müayinənin nəticələrindən asılı olmayaraq, evlənmək qərarından daşınmırlar. Nikaha daxil olmaq istəyən cütlüklərin talassemiya daşıyıcısı olduğu aşkar olunsa da, onlar ailə qurmağa üstünlük verirlər ki, bu da talassemiya xəstəsi olan uşaqların dünyaya gəlməsinə zəmin yaradır.
Qeyd edək ki, may ayında nikaha daxil olmaq üçün 15651 nəfər müayinə olunub.
Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, müayinə olunanlardan 428 nəfərdə talassemiya daşıyıcılığı, 23 nəfərdə sifilis, 14 nəfərdə QİÇS xəstəliyi aşkarlanıb:
"Hər ikisində talassemiya daşıyıcılığı olan 4 cütlük aşkarlanıb”.
Z.Əlimirzəyeva qeyd edib ki, 2015-ci ildən indiyə qədər ümumilikdə 418 min 757 nəfər müayinə edilib. Onlardan 15692 nəfərində talassemiya daşıyıcılığı, 1438 nəfərdə sifilis, 345 nəfərdə QİÇS aşkarlanıb. 153 cütlüyün isə hər ikisində talassemiya daşıyıcılığı müəyyən olunub”.
Direktorun sözlərinə görə, bu müddətdə 153 cütlükdən 8-i ailə qurmaqdan imtina edib, digərləri ailə qurublar. Müraciət edən 112 cütlükdən 69 hamilə qadında perinetal müayinə aparılıb. 16 xəstə uşaq, 41 talassemiya dayışıcısı, 12 sağlam döl aşkarlanıb. Xəstəlik aşkarlanan 16 döl tibbi abortla götürülüb. Qalan hamilələr nəzarətdədir.
Pediatr-hematoloq, tibb üzrə fəlsəfə doktoru Sevinc Əlifəttahzadə isə talassemiya daşıyıcılarının ailə qurmasının riskli olduğunu deyib. Onun sözlərinə görə, belə cütlüklərin ailə qurması talassemiya xəstəsi olan uşaqların dünyaya gəlməsinə səbəb olur. S.Əlifəttahzadə hesab edir ki, nikahdan əvvəl məcburi tibbi müayinənin nəticələrinə uyğun hərəkət etmək lazımdır: "Nikahdan əvvəl məcburi tibbi müayinənin tətbiqi çox gözəl haldır. Əgər insanlar bu qaydaya düzgün əməl edərsə, dünyaya talassemiyalı uşaq gəlməyəcək”.
Məlumat üçün bildirək ki, talassemiya xəstəsi sağlam şəxslə ailə qurarsa, uşaqları normal doğular. Talassemiya xəstəsi talassemiya daşıyıcısı olan biri ilə evlənərsə, övladının da talassemiya xəstəliyi ilə doğulma ehtimalı 50 faizdir.
İki talassemiya daşıyıcısı evlənərsə, uşaqlarının 50 faiz talassemiya daşıyıcısı, 25 faiz xəstə, 25 faiz isə sağlam doğulacağı ehtimalı var. İki talassemiya xəstəsi evləndiyi halda isə bütün uşaqları xəstə doğular.
İrsi xəstəlik olan talassemiyanın son illər Azərbaycanda geniş yayıldığını deyən tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, nikahdan öncə tibbi müayinənin məcburiləşdirilməsi bu xəstəlik daşıyıcılarının üzə çıxmasına şərait yaradır: "Əvvəllər insanlar nikah öncəsi yoxlanmırdılar. Yalnız talassemiyalı uşaq doğulandan sonra valideynlər gedib yoxlanırdı və bu zaman aydın olurdu ki, hər iki valideyn talassemiya daşıyıcısıdır. Talassemiya proqramı çıxdıqdan sonra nikaha girənlərin yoxlanışı proqrama daxil oldu, belə aşkarlanma da təbiidir. Yəni bu yoluxucu, keçici xəstəlik deyil. Sadəcə olaraq talassemiya irsi yolla sonrakı nəsillərə ötürülə bilər. O baxımdan da talassemiyalı uşaqlar ana bətnində təyin oluna bilir. Əgər uşaq talassemiyalıdırsa, onun doğuşuna icazə verilmir. Talassemiya daşıyıcıları evlənincə, bu xəstəlik daşıyıcısı olan uşaqların da doğulma şansı çoxdur”.
Professor deyib ki, talassemiyanın ən ağır formalarına əksər hallarda bir-biri ilə qan qohumluğu olan nikahlarda təsadüf edilir. Talassemiya nəsildən-nəslə keçən çox ağır irsi qan xəstəliyidir: "Belə xəstələrdə lazım olan miqdarda hemoqlobin hasil olmur, qanla birlikdə bədənə dəmir də köçür ki, bu da orqanizmdə dəmir artıqlığı yaradır. Dəmir artıqlığı 11 yaşından sonra insanın qara ciyərini, ürəyi, sonra endokrin sistemini zədələyir. Belə uşaqlarda cinsi yetişkənlik əlamətləri əmələ gəlmir. Yığılmış dəmir ürək-damar çatışmazlığının inkişafı nəticəsində xəstənin ölümünə səbəb olur”.
Pediatr Vaqif Qarayev də talassemiya xəstələrinin evlənməsini məqsədəuyğun saymır. Onun fikrincə, cütlüyün hər iksində daşıyıcılıq varsa, doğulacaq uşağın xəstə olma ehtimalı yüksəkdi: "Belə bir fikir var ki, iki talassemiya daşıyıcısı evlənərsə, 25 faiz hallarda uşaq xəstə doğulacaq, yəni hər dörd hamiləlikdən birində. Bu halın birinci hamiləlikdə baş vermə ehtimalı da istisna deyil. Ona görə də, dünyaya xəstə uşaq gətirməmək üçün cütlüklər ciddi fikirləşməlidir. Düzdür, indi bətndaxili müayinə ilə də xəstəliyi aşkar etmək olur, lakin istənilən halda risklidir! İnsan hüquqları ilə məşğul olanlar yenə məhəbbəti, sevgini qabardacaqlar. Gəlin, bir həqiqəti unutmayaq... Bizdə ailə nəslin davam etməsi üçün qurulur. Sağlam nəsil almaq üçün isə mütləq şəkildə valideynlər sağlam olmalıdır!!!”.
Millət vəkili Musa Quliyev isə deyib ki, nikaha daxil olmaq istəyən insanları tibbi müayinələrin nəticələrinə əməl etməyə məcbur etmək olmaz: "Azərbaycan demokratik, hüquqi dövlətdir. Burada insan haqları hər şeydən yüksəkdir. Ümumiyyətlə, demokratik, hüquqi dövlətlərdə insan haqları cəmiyyətin haqqından yüksəkdə tutulur. Əgər insanın haqqı cəmiyyətin haqqından aşağı olarsa, cəmiyyət insanı əzər. Cəmiyyət bütövlükdə hüququ, azadlığı olan insanların toplusundan ibarətdir. Ona görə də o haqqı könüllü olaraq insanlara vermək lazımdır ki, kim istəyər, nikah qurar, kim istəyər, qurmaz”.
Onun sözlərinə görə, dünya təcrübəsi göstərir ki, nikah öncəsi müayinə aparılan ölkələrdə xəstəlik və daşıyıcı aşkar olunanların 90 faizindən çoxu ya ailə qurmaqdan imtina edir, ya dünyaya uşaq gətirmir, ya da müalicə olunaraq xəstə uşağın dünyaya gəlməsinin qarşısını alır: "Bu gün tibb o qədər inkişaf edib ki, əgər insan xəstəlik daşıyıcısı olduğunu bilsə, hamiləliyin müəyyən dövründə tibbi müdaxilə edib dünyaya sağlam uşaq gətirməsi mümkündür. Bundan qorxmaq lazım deyil və heç bir halda da qadağalar qoymaq olmaz. Qadağa qoyulsa, insanlar ümumiyyətlə müayinədən keçməz və qanuni nikaha da girməzlər”.
M.Quliyevin fikrincə, maarifləndirmə işinə daha çox diqqət yetirmək lazımdır.
Şəymən