5 dövlət Azərbaycanın ən yaxın müttəfiqləridir

Respondentlər Türkiyə, Pakistan, Gürcüstan, Səudiyyə Ərəbistanı və ABŞ-ın adlarını çəkib
Sorğu iştirakçılarının 56 faizi 2016-cı ildə Qarabağda müharibənin başlanmasını mümkün hesab edir


"Atlas” Araşdırmalar Mərkəzi 2015-ci ilin sonu üçün "Xarici siyasət və təhlükəsizlik” mövzusunda 500 respondent arasında sorğu keçirib.

"Şərq” qəzeti xəbər verir ki, bu barədə sözügedən Mərkəzin sədri, politoloq Elxan Şahinoğlu "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması baxımından 2015-ci ilin yekunlarına və 2016-cı ildəki perspektivlər” mövzusunda keçirdiyi dünənki mətbuat konfransında bildirib. Ekspertin sözlərinə görə, sorğuda ilk olaraq "Hansı dövlətlər Azərbaycanın müttəfiqləridir” sualına cavab axtarılıb: "Respondentlərin əksəriyyəti 5 dövlətin adını çəkib: Türkiyə, Pakistan, Gürcüstan, Səudiyyə Ərəbistanı və ABŞ. "Dağlıq Qarabağda müharibə başlayarsa, hansı dövlətlər Azərbaycana hərbi dəstək verəcək” sualına respondentlərin 82 faizi Türkiyənin adını çəkib. Sonrakı yerlərdə Pakistan (10 faiz) və Səudiyyə Ərəbistanı (8 faiz) gəlir. Sorğunun III - "2016-cı ildə Dağlıq Qarabağ danışıqlarında irəliləyiş gözləyirsiniz” sualına respondentlərin 86 faizi "xeyr”, 14 faizi "bəli” cavabını verib. Bu sualın davamı olaraq, "2016-cı ildə müharibə başlaya bilər” sualına isə respondentlərin 56 faizi "Müharibə mümkündür”, 23 faizi "Müharibə ehtimalı azdır”, 21 faizi isə cavab verməkdə çətinlik çəkdiklərini bildiriblər”.

Bundan başqa, E.Şahinoğlunun sözlərinə görə, "Azərbaycan NATO, Avropa İttifaqı, yoxsa Avrasiya İqtisadi Birliyinə inteqrasiya olmalıdır” sualının cavabı da maraq doğurub: "Respondentlərin verdikləri cavab belə bölünüb: NATO və Avropa İttifaqı - 72 faiz, Avrasiya İqtisadi Birliyi - 16 faiz, 12 faiz isə seçimlərdə çətinlik çəkdiyini deyib. Beləliklə, sorğunun nəticələrindən aydın olur ki, Azərbaycan vətəndaşları Türkiyə və Qərblə daha sıx inteqrasiyaya üstünlük verirlər. Bu onunla əlaqədardır ki, Türkiyə və Qərb, o cümlədən NATO və Avropa İttifaqı Azərbaycanın inkişafının sabitliyində maraqlıdır. Doğrudur, ABŞ və Avropa İttifaqı Azərbaycanın demokratikləşməsi və insan haqlarının qorunması tələbini də irəli sürür, ancaq Vaşinqton və Brüssel bunun Azərbaycanın zəifləməsi hesabına başa gəlməsini istəmir. Əksinə, zəifləyən və sabitliyi pozulan Azərbaycan müxtəlif istiqamətlərdən hədəf götürülə biləcəyindən, bu, Qərbin maraqlarına cavab vermir”.

Ayyət Əhməd