İradə Cavadova:" Tüfənginin atəşə hazır vəziyyətdə saxlanmasının səbəbləri araşdırılmalıdır. 5 yaşlı uşağın ov tüfənginə gücünün çatması, onu atəş açacaq dərəcədə istifadə edə bilməsi sual altındadır "
"5 yaşlı uşağın "törətdiyi” cinayət ciddi araşdırılmalıdır. Burada silahın sahibi də məsuliyyət daşımalıdır”.
Bunu "Sherg.az”a Ağsuda 5 yaşlı uşağın ov tüfəngi ilə anasını güllələməsindən danışarkən vəkil İradə Cavadova deyib.
O diqqətə çatdırıb ki, azyaşlı bu hadisədə məsuliyyət daşımır:
"Ov tüfənginin atəşə hazır, dolu vəziyyətdə saxlanmasının səbəbləri araşdırılmalıdır. Üstəlik bu hadisədə 5 yaşlı uşağın ov tüfənginə gücünün çatması, onu atəş açacaq dərəcədə istifadə edə bilməsi də sual altındadır. Prokurorluq bunu tam aydınlaşdırandan sonra qərar verilə bilər. Tüfəngin ağırlığı, böyüklüyü, 5 yaşlı uşağın tüfəngi tutma qabiliyyəti dəqiqləşdirilməlidir. Ov tüfənginin rəsmiləşdirilib, rəsmiləşdirilməməsi də sual altındadır. Silah rəsmiləşdirilibsə, sahibi saxlama qaydalarına riayət etməli idi. Ona görə, tüfəngin sahibi ciddi məsuliyyət daşıyır”.
İ.Cavadova xatırladıb ki, qonşu Türkiyədə silahdan istifadə bir növ dəb halını alıb:"Qardaş ölkədə sıravi vətəndaşlar da silahdan istifadə edirlər. Bəzi bölgələrin adətlərinə uyğun havaya atəş açmaq ənənəsi get-gedə yayılır. Türkiyədə dəfələrlə azyaşlı uşaqların əlinə silah verilməsi, havaya atəş açılması nəticəsində bədbəxt hadisələr baş verib. Bu adət-ənənə olsa belə, insanların həyatı üçün təhlükə törətdiyindən yolverilməzdir. Belə hallar nümunə olmamalıdır”.
Qeyd edək ki, Ağsu rayonun Bico kənd sakini, 1992-ci il təvəllüdlü İmaməliyeva Samirə Sədaqət qızı 5 yaşlı oğlu tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində güllə yarası alıb. Məlumata görə, iki uşaq anası olan Samirə İmaməliyeva divanda yatan zaman beş yaşlı oğlu ov tüfəngini götürərək onu oynadıb və ehtiyatsızlıq səbəbindən qəflətən açılan atəş nəticəsində faciəli hadisə baş verib. Qadın başından aldığı xəsarət səbəbindən hadisə yerində dünyasını dəyişib.
Aysel Aslan