"500 baldan az toplayanlar ali məktəbə qəbul olunmamalıdır ! " - AÇIQLAMA

"Çünki 700 ballıq şkalanı 5 qiyməti ilə müqayisə etsək, belə çıxır ki, 1-2 qiyməti almış abituriyentləri gələcəyin kadrları hesab edirik""Belə çıxır ki, riyaziyyatdan 0 bal toplayan tələbə riyaziyyat müəllimliyinə qəbul ola bilər"
"1992-ci ildən bu günə qədər keçid ballarında artım olmaması bəzi insanlarda arxayınlıq yaradır”.
Bunu "Sherg.az”a təhsil eksperti Kamran Əsədov deyib. 
O bildirib ki, qəbul balları çox aşağı olsa da yenə plan yerləri boş qalır:
"Ali məktəbə hazırlaşan abituriyentlərin və onların valideynlərinin çoxu ailə büdcəsini hesablayır, az balla müəyyən universitetə düşəcəyini bilir. Ona görə, yüksək bal toplayanların artması üçün dövlət prinsipiallığını ortaya qoymalı 500 baldan az toplayanların heç biri ali məktəbə qəbul olmamalıdır. Çünki  700 ballıq şkalanı 5 qiyməti ilə müqayisə etsək, belə çıxır ki, 1-2 qiyməti almış abituriyentləri gələcəyin kadrları hesab edirik.
Digər tərəfdən DİM ali məktəblərə qəbul imtahanı elan etdikdə şərt qoyub ki, 5 fənnin birindən 0 bal toplayan şəxs ixtisas seçimində iştirak edə bilər. Belə çıxır ki, riyaziyyatdan 0 bal toplayan tələbə riyaziyyat müəllimliyinə qəbul ola bilər. Özü hər hansı bilik və bacarıqlara nail olmayan şəxs necə kadr olacaq? Bunun nəticəsidir ki, müəllimlərin diaqnostik qiymətləndirməsində 45 faiz müəllimin öz ixtisaslarında minimum biliklərə malik olduğu aşkara çıxdı.
Hesab edirəm ki, öncədən müəyyən olunmuş qəbul şərtləri boş yerlər qalsa belə dəyişməməlidir. DİM keçid balını əvvəl 250 bal elan edir, sonra 200-ə endirir. Boş yer qaldığını görəndə isə 150-ə qədər azaldır. Biz plan yeri doldurmamalıyıq, əmək bazarı üçün kadr hazırlayırıq. Abituriyent ali məktəbə qəbul ola bilmirsə, kollecə, peşə məktəbinə getsin. Təəssüf ki, mentalitetə görə, cehiz olaraq, hamıda diplom olmalıdır”.
Qeyd edək ki, 2017-ci il ali məktəblərinə qəbul imtahanının nəticələrinə əsasən bəzi universitetlərdə keçid balları 150-ə qədər azaldılıb.
Aysel Aslan