İqtisadçılar hesab edir ki, belə olan halda vətəndaşlar yenə “qara bazar”a axışacaq
500 dollarlıq limit doğru deyil
Şəxsiyyət vəsiqəsi ilə dollar almaq böyük vaxt aparacaq
İqtisadçılar hesab edir ki, belə olan halda vətəndaşlar yenə “qara bazar”a axışacaq
İqtisadçılar hesab edir ki, belə olan halda vətəndaşlar yenə “qara bazar”a axışacaq
Azərbaycanda nağd xarici valyuta əməliyyatları üzrə nəzarət çərçivəsinin sərtləşdirilməsi və bununla da milli valyutaya spekulyativ təzyiqlərin azaldılmasını təmin etmək məqsədi ilə növbəti addım atılıb.
Azərbaycan Mərkəzi Bankı nağd xarici valyuta əməliyyat qaydalarına dəyişiklik edib. Mərkəzi Bankın İdarə Heyəti bununla bağlı 28 iyun 2006-cı il tarixli qərarı ilə təsdiq olunmuş "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nı ləğv edib, yeni "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nı qəbul edib.
Yeni qəbul edilmiş Qaydalara əsasən mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır.
İndiyə qədər qüvvədə olmuş Qaydalara əsasən isə mübadilə şöbəsində bir müştəriyə 5000 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılırdı.
Ekspertlər hesab edirlər ki, valyuta bazarında baş verən proseslər ona gətirib çıxaracaq ki, yaxın vaxtlarda valyutadəyişmə məntəqələrində manat verib xarici valyuta alanda və ya dollar verib manat istəyəndə, şəxsiyyət vəsiqəsini təqdim etmədən keçinmək olmayacaq.
İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramov isə hesab edir ki, bu addımla Mərkəzi Bank dollara olan tələbi inzibati yolla tənzimləməyə və öz valyuta ehtiyatlarına qənaət etməyə çalışır: "Amma kifayət qədər kiçik məbləğin limit kimi seçilməsi valyuta satışında ciddi çətinliklər yaradacaq. Belə ki, şəxsiyyət vəsiqəsi ilə dolların satılması valyutadəyişmə məntəqələri üçün əlavə zaman alacaq və bu, onların işini çətinləşdirəcək. Nəticədə valyutadəyişmə məntəqələrinin qarşısında uzun növbələrin yaranacağı gözlənilir. Bu qərarın icrasında ən böyük risk "qara bazarın” yaranması ilə bağlıdır. Şəxsiyyət vəsiqəsi və ya növbəyə dayanaraq dollar almaq istəməyənlər "qara bazar”da daha yüksək kursla valyuta almaq məcburiyyətində qala bilərlər. Çünki qeydiyyatsız valyuta almaq istəyənlər qeyri-leqal yollar axtaracaq. Şəxsiyyət vəsiqəsi ilə dolların satılmasının 500 dollar deyil, daha yüksək məbləğdə olması daha məqsədəuyğun idi. Xarici valyutaya tələbin hər gün artdığını nəzərə aldıqda Mərkəzi Bankın 500 dollarlıq limiti seçməsi doğru qərar deyil. Xarici valyutaya tələb yüksək olduğu üçün ən azı 5000 dollardan artıq valyutanın alınmasına görə şəxsiyyət vəsiqəsinin tələb olunması daha məqsədəuyğun idi”.
V.Bayramovun sözlərinə görə, bu addımdan sonra qara bazarın yaranmaması üçün Mərkəzi Bank valyutadəyişmə məntəqələrini və bankları xüsusi avadanlıqla təmin etməlidir ki, şəxsiyyət vəsiqəsi ilə dollar alışı vaxt aparmasın: "Bir sıra inkişaf etmiş ölkələrdə şəxsiyyət vəsiqəsi ilə dollar satışı həyata keçirilir, amma şəxsiyyət vəsiqəsini xüsusi avadanlığa yaxınlaşdırmaqla onu qeydə alır. Bu da qısa zamanda elektron formada məlumatın hazırlanmasına səbəb olur. Prosesin elektronlaşmasına ehtiyac var ki bu, növbələrin və ajiotajın yaranmasına səbəb olmasın. Bu gün Mərkəzi Bank eyni zamanda kommersiya banklarına xarici valyuta məzənnələrini müstəqil şəkildə müəyyənləşdirmək hüququ verib. Bununla da, Mərkəzi Bank əslində tələb artdığı halda manatın ucuzlaşmasına start verdi. Düzdür, Mərkəzi Bank bununla həmçinin "qara bazar”ın qarşısını almağa çalışır. Amma reallıq bundan ibarətdir ki, bu artıq manatın dollara nisbətən daha da ucuzlaşması mesajıdır”.
İqtisadçı-ekspert Samir Əliyev də Mərkəzi Bankın dollar satışını dayandırmasına sosial şəbəkədə reaksiya verib. Mərkəzi Bankın hər gün dollar satışı həyata keçirdiyini vurğulayan ekspert deyib ki, bu satış bazarın ehtiyacını ödəmək qabiliyyətində deyil: "Valyuta bazarının ikinci ən böyük donoru olan Neft Fondu isə yeni ildə hələki dollar satışı etməyib. Fond dövlət büdcəsinə bu il ümumilikdə 6 milyard manat və ya indiki məzənnə ilə təxminən 3,9 milyard dollar transfer edəcək. Məzənnədə dəyişiklik olmasa, Neft Fondunun aylıq öhdəliyi 321 milyon dollar olacaq. Deməli, Fond hər ay bazara bu qədər dollar satacaq. Yəqin, yaxın günlərdə satış baş tutacaq.
Ancaq hazırda ölkənin maliyyə bazarında baş verənləri izah etmək çox çətindir. Görünən odur ki, məqsədli şəkildə manatın ucuzlaşdırılması prosesi gedir. Bu ucuzlaşma təkcə neftin ucuzlaşması və kapital axını ilə bağlı deyil. Hərgah, bu iki amil kifayət qədər güclüdür və uzun müddət manatı təzyiq altında saxlayacaq”.
Ekspert artıq son günlər üçüncü amilin, yəni spekulyasiyanın proseslərə diktə etməyə başladığını nəzərə çatdırıb: "Üzən məzənnə rejimində, hətta idarə olunan olsa belə, spekulyasiya imkanları genişlənir. Hazırda spekulyasiyanın qiymətlərə təsiri artıb. Spekulyasiya daim məzənnə sabitliyini pozur, məzənnə oynaması kəskin olur. Yəni dolların bahalaşdığı bir şəraitdə bir anlığa manatın qısamüddətli bahalaşması baş verə bilər. Belə halın baş verməsi tam mümkündür. İndiki vəziyyətdə hökumətin kənardan seyirçi mövqedə durması başadüşülən deyil”.
Yeni tələb yalnız limitin 5000 ABŞ dollarından 500 ABŞ dollarınadək endirilməsi ilə əlaqədardır
Son zamanlar Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən bank fəaliyyətini tənzimləyən hüquqi-normativ bazaya edilən dəyişikliklərlə bağlı bəzi kütləvi informasiya vasitələrində qeyri-dəqiq şərhlər dərc edilir. Bu barədə "APA-Economics”ə AMB-dən bildirilib. "Bununla əlaqədar olaraq, AMB bildirir ki, daha çevik tənzimləmə rejiminin tətbiqi məqsədilə Mərkəzi Bankın bir sıra normativ xarakterli aktlarına dəyişikliklər edilib. "Bank kapitalının və onun adekvatlığının hesablanması” və "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması” Qaydalarına edilmiş dəyişikliklər bankların topladığı əhəmiyyətli maliyyə ehtiyatlarını daha səmərəli və çevik istifadə etməsinə imkan verəcəkdir. Bundan başqa, Mərkəzi Bank tərəfindən "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması” Qaydaları yeni redaksiyada qəbul edilib. Qaydaların tələblərinə görə mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır. Bu tələb əvvəllər də mövcud idi və yeni tələb yalnız limitin 5000 ABŞ dollarından 500 ABŞ dollarınadək endirilməsi ilə əlaqədardır. Bu tələblə, aparılan valyuta əməliyyatlarının həcmi məhdudlaşdırılmır.
Bundan əlavə bildiririk ki, banklar tərəfindən bütün kreditorlar, o cümlədən əhali qarşısında öhdəlikləri müqavilə şərtlərinə uyğun olaraq və hər hansı məhdudiyyət olmadan icra olunur.
Mərkəzi Bank, situasiyaya uyğun olaraq prudensial tənzimləmə çərçivəyə, eləcə də normativ xarakterli aktlara dəyişikliklər etməyə davam edəcəkdir. Bütün dəyişikliklər barədə ictimaiyyət ətraflı məlumatlandırılacaqdır”, - deyə açıqlamada bildirilir.
Şəymən