Təhsil Nazirliyi: "Ödənişli təlimlərə müəllimlər könüllü qoşulurlar"




Təhsil Nazirliyi sosial şəbəkələrdə müəllimlərin işə qəbulu imtahanlarında zəif nəticə göstərmiş namizədlərin, eləcə də müsahibə mərhələsi üçün əlavə ödənişli hazırlığa cəlb olunması ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirliyin sektor müdiri Cəsarət Valehovun Lent.az-a verdiyi xəbərə görə, bu məlumatların heç bir əsası yoxdur: "Hazırda dövlət sifarişi əsasında regionlarda 8 fənnin (Azərbaycan dili, riyaziyyat, tarix, coğrafiya, fizika, kimya, biologiya, informatika) məzmunu üzrə 120 akademik saatlıq ixtisasartırma təlimlərinə start verilib. Təlimlər dekabr ayınadək davam edəcək. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TIPII) bu prosesin monitorinqini və yekun qiymətləndirməsini təşkil edən qurum kimi fəaliyyət göstərir".


C. Valehov deyib ki, hazırda TİPİİ-də ödənişli əsaslarla təqdim edilən proqramların isə bu işə heç bir aidiyyəti yoxdur. Ödənişli təlimlərə müəllimlər könüllü qoşulurlar. Məsələn, "Həyat bilgisinin tədrisi metodikası" proqramı müəllimlərin çoxsaylı müraciətlərinə əsasən hazırlanıb və uğurla həyata keçirilir.