Deputatdan sərt açıqlama: "Azərbaycanın səbri tükənərsə..."





"Ermənistan hər zaman təxribatlarla məşğuldur və düşmənin işğalçılıq siyasəti beynəlxalq təşkilatlar, dünya birliyi tərəfindən qəbul olunur”.

Bunu "Sherg.az”a son günlər cəbhə xəttində baş verən təxribatların artması, cəbhədən şəhid xəbərinin gəlməsindən danışarkən millət vəkili Məlahət İbrahimqızı söyləyib. 

O xatırladıb ki, BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarda erməni təcavüzü ilə bağlı qətnamələr, müxtəlif bəyanatlar qəbul olunub:

"Ermənistan hər zaman təxribat axtarır. Düzdür, 1994-cü ildə tərəflər arasında atəşkəs imzalanıb. Amma indiyə qədər də erməni rəhbərliyi bu razılaşmaya riayət etmir, işğalçılıq siyasətini davam etdirir. Ermənilər anlamır ki, Azərbaycan ordusu güclüdür, dünya miqyasında ilk əllilikdə olan ordudur. Bizim gücümüz bir neçə ay əvvəl həyata keçirilən Günnüt əməliyyatında da, 2016-cı il aprel döyüşlərində də düşmənə bəlli oldu.

Azərbaycan dövlətinin siyasi, Silahlı Qüvvələrimizin isə hərbi gücü torpaqlarımızı işğaldan azad etmək üçün yetərlidir. Sadəcə olaraq, Azərbaycan dövləti, Ali Baş Komandan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Müharibə hər kəsin də anladığı kimi dağıdıcı prosesdir. 

Əgər hərbi əməliyyatlar başlayarsa, hər iki ölkəyə dağıdıcı təsirlər göstərəcək. Ona görə, Azərbaycan xalqı dünyada multikultural dəyərlərlə zəngin olması ilə seçilir. Bizim ərazilərimizdə tarix boyu milli zəmində problem olmayıb. Ermənistan isə şovinist, irqçi, monoetnik, separatçı mövqe tutan, işğalçı dövlətdir.

Son günlər cəbhə xəttində vəziyyətin gərginləşməsi danışıqların aktivləşdirilməsi məsələsinin gündəmə gəlməsi ilə əlaqədardır. Ermənistan həmişə olduğu kimi atəşkəsə əməl etmir, destruktiv mövqe nümayiş etdirir. Ona görə, Azərbaycanın səbri tükənərsə, hərbi əməliyyatlara başlamaq məcburiyyətində qalacaq. Bu zaman düşmənə layiq olduğu cavabı verəcəyik və torpaqlarımızı müharibə yolu ilə də olsa, işğaldan azad edəcəyik”.

Qeyd edək ki, Füzuli istiqamətində düşmənin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Alışov Səməd Anar oğlu şəhid olub. Məlumata görə, o, Qəbələ rayonunun Zirik kəndində doğulub. Fiziki məhdudiyyətli bir qardaşı var.

Aysel Aslan