Sabiq XİN başçısı: "Düşmən bu məlumatı məqsədli şəkildə yayıb”







"Rusiyanın Ermənistana kreditlə verdiyi 200 mln. dollar dəyərində silah tədarükü başa çatdırılıb. Bu barədə məlumatı isə Ermənistan Müdafiə Nazirliyi məqsədli şəkildə yayımlayıb”.

Bunu "Sherg.az”a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib. 

Onun fikrincə, sözügedən kredit müqaviləsi 2015-ci ildə imzalanıb:

"Kredit müqaviləsinin üç il sonra yenidən gündəmə gətirilməsinə səbəb odur ki, Ermənistan Rusiyanın köməyindən istifadə etdiyini göstərməyə çalışır. Düşmən ölkənin Rusiya ilə münasibətlərində problem mövcuddur. Ermənilərin məqsədləri odur ki, Rusiyanın bu ölkənin üzərindəki təhlükəsizlik "çətirini” saxlayaraq, Qərbə inteqrasiya etsinlər. Bu isə rəsmi Moskvanın xeyrinə olmadığından qəbul etməyəcək. Ona görə, Rusiyadan silah tədarükünün başa çatdırılması ilə bağlı bəyanat hərbidən daha çox siyasi mahiyyət daşıyır. Birmənalı demək düzgün olmaz ki, Ermənistan-Rusiya arasında əməkdaşlıqlar güclənir. Amma məqsədli şəkildə gündəmə gətirilən bu məlumata tənqidi şəkildə yanaşmaq lazımdır”.

Qeyd edək ki, rəsmi İrəvan və Moskva arasında imzalanmış kredit sazişi üzrə Rusiyanın Ermənistana 200 mln. dollar dəyərində silah tədarükü başa çatdırılıb. Ermənistanın müdafiə naziri David Tonoyan bildirib ki, dost münasibətləri olan Ermənistan və Rusiya arasında bir çox müqavilələr bağlanılsa da, lazım gəldikdə sazişlərdəki bəzi müddəalar yenidən nəzərdən keçirilə bilər.

Xatırladaq ki, 200 milyon dollar dəyərində Rusiya istehsalı olan silahların alınması üçün nəzərdə tutulmuş qeyd olunan kredit sazişi (illik 3 faizlə) iki ölkə arasında 2015-ci ilin iyununda imzalanıb.

Aysel Aslan