Abort daha təhlükəsiz üsuldur

Qadınlar özləri kimlərinsə məsləhəti ilə apteklərdən dərman alıb istifadə edirlər



Azərbaycanda dərmanla uşaqsalma adəti hələ də öz aktuallığını qoruyur. Xüsusən də rayonlarda gənc qadınlar bu üsuldan istifadə edirlər. Qadınlar bir-birindən öyrənərək, dərmanla uşaq salmağa cəhd edirlər. Döl zəif tutmuş qadınlarda dərmanla "düşük” baş tutsa da, çox zaman bu, qanaxma və ölümlə nəticələnə bilir. Bəzi qadınlar sadə hamiləlik testi pozitiv çıxandan sonra həkim müayinəsindən keçmədən ev şəraitində dərmanla hamiləliyi sonlandırmağa can atırlar.

Bu da qadınların həyatı üçün təhlükəlidir. Qadınlar kontraseptiv vasitələrdən istifadə etməklə daha asan yolla arzuedilməyən hamiləliyin qarşısını alacağını düşünsələr də, bir çox hallarda bu onlara canı bahasına başa gəlir. Lənkəranda dünyasını dəyişən 20 yaşlı hamilə qadının da ölüm səbəbi məhz bu dərman preparatları olub.

16 həftəlik hamilə olan Günay Ümüd qızı İbrahimova evdə hamiləliyini ləğv etmək üçün dərman qəbul edib. Dərman qadına və onun bətnində olan uşağa mənfi təsir edib. Xəstəxanaya müraciət etdikdə isə artıq gec olub. Nəticədə hər ikisi xəstəxanada dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hamiləliyin evdə dərman üsulu ilə sona yetirilməsi II Dünya müharibəsi illərində gündəmdə idi. Həmin dövrlərdə Hindistan, Çin kimi ölkələrdə bu dərmandan çox istifadə edilirdi. O vaxtlar "RU-486” və ya başqa adla desək, "mifepriston” adı verilən bu dərman həb şəklində olub Fransa və Avropa ölkələrində hamiləliyin ən erkən dövrlərində təsir edərək, sonlanmanı təmin edirdi.
Sonradan bu dərmanların istifadəsinə qadağa qoyuldu. Çünki hamiləliyi sonlandıran bu dərmanlar qadınların həyatı bahasına başa gəlirdi.

Mütəxəssislərin fikrincə, hamiləliyin ev şəraitində hər hansı bir üsulla sona çatdırılması tibbi baxımdan qadağandır.Ümumiyyətlə, həkimlər hamiləliyi sonlandırmaq üçün xüsusi bir dərmanın olmadığını iddia edir. Onların iddiasına görə, qadınların istifadə etdiyi "Cytotec” isə mədə üçün olan bir preparatdırr: "Cytotec” uterus tonusunu artırdığı, uşağın düşməsinə səbəb ola biləcəyi üçün hamilə qadınlara məsləhət görülmür. Buna görə də bəzi qadınlar bundan hamiləliyin sonlandırılması üçün istifadə edirlər. Əslində isə hamiləliyin sonlandırılması "Cytotec”in əks göstəricisidir. Yəni hamilə qadınlara bu dərmandan istifadə etmək olmaz. Ancaq təəssüf ki, bəzi xanımlar bundan öz "faydaları” üçün yararlanmaq istəyirlər. Dərman istifadə olunandan 2-3 saat sonra ağır qanaxma başlayır. Bundan sonra huşun itməsi, baş gicəllənməsi və daha çox qan itkisi müşahidə edilir. Bu da qadının sağlamlığı üçün çox təhlükəlidir.

Radioloq Aynurə Hidayətqızı da "Şərq” ə açıqlamasında həkimlərin hamiləliyin sonlandırılması üçün bu cür dərmanlardan istifadə etmədiyini deyib. Onun sözlərinə görə, abort daha təhlükəsiz üsuldur: 

"Qadınlar özləri kimlərinsə məsləhəti ilə apteklərdən alıb istifadə edirlər. Hamilə qadınlar iki səbəbdən dərman vasitəsilə hamiləliyini sonlandırmağa çalışır. Ya aborta getməyə maddi imkanı olmur, ya da ki ailədə kiminsə bu hamiləlikdən xəbərdar olmasını istəmir. Guya ki, xəbəri yoxmuş və öz-özünə qanaxma olub və hamiləlik sonlanıb”.

16 həftəlik hamiləlik zamanı dölün əməlli-başlı əli-ayağı bilinən, ürək döyüntüləri olan uşaq olduğunu vurğulayan radioloq hesab edir ki, dərman qəbulu zamanı qanaxmanın olması gözləniləndir: 

"Səhiyyə Nazirliyinin göstərişi ilə abortlara ciddi qadağa qoyulub.  Döl neçə həftəlik olur olsun abort yolverilmzədir. Ancaq fövqəladə vəziyyət yaranarsa, həkimlərin göstərişi ilə hamiləlik sonlandırıla bilər. Qalan hallarda aborta icazə verilmir. Çünki abortlar ya döl qız olduğu üçün edilir, ya da doğulacaq uşaq nikahdankənar olanda. Bəzən də boşanma zamanı qadın hamilə olanda uşağı dünyaya gətirmək istəmir. Əgər səbəb maddi problem deyilsə, deməli, həkimlər 4 aylıq uşağı abort etməkdən imtina etdiyi üçün xanım bu işi "türkəçarə” yolu ilə həyata keçirmək istəyib. Hamiləliyin sonlandırılması üçün istifadə edilən dərmanları isə hər orqanizm götürmədiyi üçün qana zəhərlənmə verir. İkinci əks göstəriş isə qanaxmanın baş verməsidir. O dərmanların tərkibinə nə qatıldığı bəlli olmadığı üçün qəbulu məsləhət görülmür. Əgər cütlüklər uşaq istəmirsə, qorunsunlar. Yox əgər övlad istəyirlərsə, cinsi ayrıseçkilik etməsinlər”.

Həkimin sözlərinə görə, təzyiq altında olan qadınlar görür ki, əri birinci uşağına yaxşı baxmır, ailəsi ilə maraqlanmır. O da məcbur qalır ki, ikinci uşağı dünyaya gətirməkdən imtina etsin. Hamilə qaldıqda da bu cür ev şəraitində sonlandırmağa çalışır ki, ərinin xəbəri olmasın.

Şəymən