Valideynlər , DİQQƏT ! "Azyaşlı övladlarınıza maşın verməyin ! - Ağır qəzalar can alır






"Avtomobil qəzalarınının artması insanların məsuliyyətsizliyindən qaynaqlanır”

Bu sözləri "Sherg.az”a nəqliyyat eksperti İlqar Hüseyinli bildirib.

Onun qənaətincə, qəzaların artmasının ilk səbəbi yay mövsümünün başlaması ilə əlaqədar olaraq əhalinin kəskin şəkildə şəhərlərdən rayonlara axın etməsidir:

"Bu zaman vətəndaşlar azyaşlı, yol hərəkəti qaydalarını tam olaraq bilməyən uşaqlarına nəqliyyata vasitəsini təhlükəli yollarda idarə etmək üçün verirlər. Bununla bağlı insanlarda uzun vaxtdır ki, rahatlaşma yaranıb. Bundan başqa rayonlara gedənlər yol hərəkəti qaydalarına əməl etmirlər. Sürücülər tərəddüd etmədən sərxoş halda sükan arxasında əyləşirlər. Bunların da sonu yol qəzası, ölüm və yaralanma hadisəsi ilə nəticələnir. Məsələnin əsas acınacaqlı tərəfi valideynlərin sürücülük vəsiqəsi olmayan uşaqlara avtomobil idarə etməyə icazə verməsidir.

Bununla bağlı ötən gün İmişli rayonunda azyaşlı uşağın maşınla yol qəzası hadisəsi törətməsi ilə iki nəfər dünyasını dəyişdi, üç nəfər də ağır yaralandı. Burada da günah uşağın valideynlərindədir. İlk əvvəl bunun qarşısı alınmalıdır. Digər məsələ isə Azərbaycanın yolları təmir olunub, yüksək sürət üçün optimal vəziyyət yaranıb. Beləliklə də sürücülərin yollarda sürət həddini lazımsız yerlərdə aşması xoşagəlməz hallara yol açır. Son aylarda qəzaların artmasında bu hallar əsas faktor kimi rol oynayır. Vətəndaşlar bunlara diqqət etsə, sağlamlıqları üçün yaxşı olar”.

Qeyd edək ki, ötən iki gündə daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. İyulun 21-dən 23-dək ölkədə 172 cinayət faktı qeydə alınıb, onların da 29-u "isti izlər”lə açılıb.Əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Ölkənin avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 17 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Kənan Eynuroğlu