"Azərbaycan və Türkiyə qardaşlığını dünya dövlətlərinə göstərir"






"Türkiyə və Azərbaycan rəsmilərinin Prezident seçkilərindən sonra ilk səfərləri bir-birinə etməsinin səbəbi bu iki dövlətin dostuq və qardaşlığının göstəricisidir”

Bunu"Sherg.az”a Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfərini şərh edərkən politoloq Mübariz Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə rəsmilərinin seçkilərdən sonra ilk olaraq Azərbaycana səfər etmələri artıq ənənə halını alıb:

"Yəni Türkiyə rəsmiləri vəzifəyə təyin olunandan sonra ilk səfərlərini Azərbaycana edirlər. Əvvəl bu bir qayda oldu, sonra ənənəyə çevrildi. Artıq bu proses üçüncü seçkidir ki, belə davam edir. Bu, iki dövlətin bir-birinin xalqına bir mesajdır. Beləliklə göstəririk ki, biz bir-birimizə hər zaman yaxın olan iki dövlətik. Hər zaman bizim xalq bütün dövlətlər tərəfindən hörmətlə qarşılanıb. Bundan başqa Azərbaycanın bütün müştərək beynəlxaq layihələri və müqavilələri Türkiyə ilə birlikdə baş tutub. Bunun tək səbəbi məhz iki dövlətin iki xalqın bir-birinə əziz olmasından irəli gəlir. 

Ona görə də, bu iki dövlət prezident seçkilərindən sonra ilk səfərlərini bir-birilərinə edirlər. Artıq bu formalaşmış ənənə qarşlıqlı variant halını alır. Hazırda da Azərbaycan xalqında Türkiyəyə böyük sevgi var, həm də Türkiyədə Azərbaycana böyük sevgi var. Bununla da hər zaman bu iki dövlət dostluq, qardaşlığını bütün dünya dövlətlərinə göstərmiş olur”.


Qeyd edək ki, Türkiyə xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana rəsmi səfəri başlayıb. Onu hava limanında Azərbaycan rəsmiləri və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb. Səfər çərçivəsində xarici işlər naziri Mövlud Çavuşoğlunun baş nazir Novruz Məmmədov, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub. Çavuşoğlu-Məmmədyarov görüşündən sonra Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin birgə mətbuat konfransı nəzərdə tutulur.

Kənan Eynuroğlu