Ərdoğan Məsud Özilə böyük dəstək verdi
Xəbər verdiyimiz kimi, Almaniya yığma komandasının türk mənşəli futbolçusu Məsud Özil millidəki karyerasını bitirib. Bu haqda futbolçunun özü tvitter hesabında yazıb. Onun sözlərinə görə, belə qərarın səbəbi Almaniya Futbol Federasiyasının ona qarşı haqsız münasibətidir. Özil əlavə edib ki, o, alman yığmasının formasını qürur və sevinclə daşıyırdı, amma indi hər şey dəyişdi.
Futbolçu bildirib ki, bu qərarı qəbul etmək onun üçün çox çətin olub: "Almaniya Futbol Federasiyasının yüksəkvəzifəli məmurları mənim türk köklərimə hörmət etmirlər və məni siyasi təbliğata xudbincəsinə çəkirlər. Daha buna dözməyəcəm”. Məlumat üçün deyək ki, bu ilin mayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyada olarkən Məsud Özillə görüşüb. Daha sonra Almaniya Futbol Federasiyasının başçısı Qrindel Raynxard onların görüşü haqqında tənqidlə çıxış edib. Alman futbolçu həmçinin, Ərdoğanla şəkil çəkib və bunu onda iki - alman və türk ürəyinin olması ilə izah edib.
Almanlar milli davranışı həzm edə bilmirlər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan futbolçu Məsud Özilin qərarı ilə bağlı açıqlam verib. Futbolçu ilə telefonla danışan Ərdoğan vurğulayıb ki, almanlar milli davranışı həzm edə bilmirlər: "Özilin hərəkəti millidir, gözlərindən öpürəm. Almaniya milli komandasının və onun rəhbərliyinin illər boyu həmin komanda üçün tər tökən bir idmançı üçün bu cür irqçi davranışı qəbuledilməzdir. Bunun adı qısqanclıq, dözümsüzlükdür”.
Dünya şöhrətli yazıçı Özilə dəstək verdi
Dünya şöhrətli yazıçı Paulo Kuelyo irqçi və təzyiq səbəbindən Almaniya milli yığmasından gedən türk əsilli almaniyalı futbolçu Məsud Özilə dəstək verib. Məlumata görə, Kuelyo özünün "Twitter” səhifəsində "Arsenal”ın futbolçusuna dəstək olaraq paylaşım edib. O, Məsud Özilin yığmadan getməklə bağlı yazdığı məktuba istinad edərək yazıb: "Uduzanda miqrant olurdum. Özil, keçmişdə və indi nə olduğu haqqında nə desələr də, sən həmişə qazanacaqsan”.
Almaniya hökumətinin sözçüsü: "Merkel Məsud Özilə böyük dəyər verir”
Almaniya kansleri Angel Merkelin sözçüsü Steffen Seibert bildirib ki, hökumət Məsud Özilə böyük dəyər verir. Hökumət sözçüsü deyib ki, Almaniya kansleri Özilin milli komandadan ayırlmaqla bağlı qərarına hörmətlə yanaşır: "Bu qərar bizim hökumətlə bağlı deyil. Onun öz seçimidir, biz də hörmətlə yanaşırıq. Rəsmi səviyyədə Özilə qarşı heç bir yanlış mövqe yoxdur”.
Özilə Türkiyədən daha bir dəstək: "Hər kəs birləşməlidir”
Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörən Özillə bağlı bəyanatında bildirib ki, türk futbolçu Məsud Özil və ailəsinə tam dəstək veriləcək: "Onun məruz qaldığı rəftarı, təhdidləri və mənşəyi ucbatından alçaldıcı mesajları pisləyirik. İctimaiyyət qarşısında olsun və ya olmasın, hər bir oyunçu alçaldılma, ayrı-seçkilik və nifrət məzmunlu ismarıclara qarşı müdafiə olunmalıdır. Beynəlxalq futbol aləminin bütün üzvləri irqçiliyə qarşı birləşməli, qorxmadan mübarizələrini davam etdirməlidir”.
İsmayıl