Rəşad Məcid: “Düşünürəm ki, “525-ci qəzet” Azərbaycan mətbuat tarixində qalacaq və biz də bu qəzetlə qürur duyuruq”Yusif Rzayev: “Artıq “525-ci qəzet” çağdaş Azərbaycan mediasında fakta çevrilib, bunu heç kim dana bilməz”
Azərbaycan mətbuatında özünəməxsus üslub və xəbər siyasəti ilə seçilən "525-ci qəzet”in yaranmasının 23-cü ili tamam olub. Qəzetin ilk sayı 1992-ci ilin 17 noyabrında nəşr olunub. 1996-cı ilə kimi həftəlik nəşr olunan qəzet, 1996-98-ci illərdə həftədə 3 dəfə çap olunub. 1998-ci ildən isə gündəlik oxuculara çatdırılır. Gündəlik, 8 səhifəlik qəzetin xüsusi şənbə buraxılışları ədəbiyyat sahəsinə həsr olunur və 32 səhifə həcmində işıq üzü görür. İlk sayı Milli Dirçəliş Gününə təsadüf edən bu qəzetin adının seçilməsi də maraqlı olub. Belə ki, qəzeti öncə "Sabah”, "2x2” adı ilə çap etdirmək istəsələr də, hər iki adda qəzet qeydiyyatdan keçdiyi üçün başqa ad seçməli olublar. Daha sonra qeydiyyatdan keçən "525-ci qəzet” olduqlarını öyrənəndə redaktorlar qəzetin adını "525-ci qəzet” qoymağa qərar veriblər. Sözsüz ki, populyar bir qəzetin 23 il mövcud olması ciddi ictimai-mədəni hadisədir, mətbuat tariximizin parlaq bir səhifəsi, istiqlal havasının var olması, mətbuat azadlığının nəbzinin hələ vurması deməkdir. Bu qəzeti 23 il yaşatmaq, onu təhlükələrdən sovuşdurub, daşlı-kəsəkli yollardan keçirib, burulğanlardan qoparıb bugünə gətirib çıxartmaq, sözün həqiqi mənasında, qəhrəmanlıqdır.
Ötən bu 23 ildə "525” yeni mətbuat mühitindəki qəzet bolluğundan sıyrılıb çıxaraq ölkənin sayılıb-seçilən qəzetlərindən birinə çevrilib. Bu qəzet Azərbaycan gerçəkliyini əks etdirən, oxucularını ictimai maraq çevrəsində olan hər cür informasiya ilə təmin edən, dövlətçiliyimizin qorunmasında və inkişafında ayrıca media payı olan, dəqiq, qərəzsiz, vicdanlı, ədalətli yazıları ilə böyük hörmət qazanan, yalan və böhtandan uzaq olan, insanın şəxsi həyatına sevgi ilə yanaşan - bir sözlə, jurnalistikanın beynəlxalq yaradıcılıq prinsiplərini rəhbər tutan bir mətbuat orqanıdır. Azərbaycan mətbuatı tarixində öz yeri, dəsti-xətti və xüsusi çəkisi olan "525-ci qəzet” 23 illik fəaliyyəti dövründə çox şərəfli bir yol keçmiş, respublikamızın ictimai-siyasi, mədəni və sosial həyatını geniş oxucu auditoriyası üçün obyektiv işıqlandırmış, təhsil və mədəniyyət işçilərinin, elm xadimlərinin sevimli mətbuat orqanına və onların səsini ictimaiyyətə çatdıran tribunaya çevrilib. Bu qəzet Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatında baş verən hadisələri dolğun işıqlandırması, dövlətimizin apardığı uğurlu daxili və xarici siyasəti obyektiv qiymətləndirib xalqa düzgün çatdırması, dərin analitik yazıları, sanballı araşdırmaları ilə fərqlənərək xalqın sevimlisinə çevrilib. Rəngarəngliyi, aktual mövzuları ilə oxucuların dərin sevgisini qazanan "525-ci qəzet” mətbu sözün məsuliyyətini dərindən dərk edən və jurnalistikanın şərəfli ənənələrini yaşadan qəzet kimi davamlı olaraq milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində əvəzsiz xidmətlər göstərib. Bugünkü və sabahkı tarixçilərimizin inamla müraciət edə biləcəyi, eyni zamanda ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına və təbliğinə də önəm verən ensiklopedik mənbədir. Müstəqillik dövrü mətbuatının ilk qaranquşlarından olan qəzetin 23-cü ad günündə onun nəşrində və bu günə gəlib çatmasında böyük əməyi olan insanların düşüncələrini oxucularla bölüşmək istədik.
Qəzetin baş redaktoru Rəşad Məcid "525-ci qəzet”in 1992-ci ilin 17 noyabrında çap olunduğunu bir daha xatırladıb: "Həmin gün də "Azadlıq” meydanında mitinq var idi. Və biz elə çap etdiyimiz ilk min nüsxəni həmin mitinqdə pulsuz payladıq. Bu gün mitinq iştirakçılarının da yadından çıxmayıb. Bu günün özündə də mənə həmin günün xatirələri ilə bağlı öz fikirlərini bildirənlər var. "525-ci qəzet” o gündən Azərbaycan mətbuatında özünəməxsus bir iz qoyub və bu gün də həmin izlə gedir. "525-ci qəzet” ilkin reklamını və ilk oxucularını elə orada qazandı. Qəzet bütün çətinliklərə rəğmən həmişə ölkə mətbuatının öncül qəzetlərindən biri olub. Azərbaycanın müstəqillik tarixi də "525-ci qəzet”in inkişaf dinamikası ilə üst-üstə düşür.
Bu gün "525-ci qəzet”i bir məktəb adlandırırlar. Bu da təsadüfi deyil. Azərbaycanda bir neçə nəsil jurnalistlərin yaranmasında rolu olub, Azərbaycan mətbuatının inkişaf tarixi "525”-in çətinlikləri, uğurları ilə üst-üstə düşüb. Bu mənada düşünürəm ki, "525-ci qəzet” Azərbaycan mətbuat tarixində qalacaq və biz də bu qəzetlə qürur duyuruq. Qəzet həm senzura dövründə, həm də ondan sonrakı çətin mərhələlərdə özünü qorumağı bacardı. Həm ölkədə, həm ölkə xaricində böyük nüfuzlu media orqanı kimi tanındı. Bu qəzetdə çalışanlar jurnalistika sahəsində olduğu kimi hökumət qurumlarında da çalışırlar. Həm də eyni zamanda Azərbaycanda bir sıra media orqanında rəhbərlik edənlərin sırasında da "525”-çilər də var, mən onların hər birini təbrik edirəm. Kənar adamların dediyinə görə, "525-ci qəzet” bir məktəbdir və mən hesab edirəm ki, bu məktəbi keçənlər jurnalistika sahəsində uğur qazana bilər”.
Rəşad Məcidin sözlərinə görə, "525-ci qəzet” bu günə kimi ağır zəhmət, əziyyət hesabına başa gəlib: "Hər gün qəzet çıxartmaq hər gün bütün proseslərin içərisində olmağı tələb edirdi. Bu baxımdan qəzet bu günə çox insanların, jurnalistlərin zəhməti, əziyyəti, istedadı hesabına başa gəlib. Bir an da ruhdan düşməmək, geri çəkilməmək, işindən qürurlanmaqdan doymamaq ona gətirib ki, müxtəlif illərdə "525” həmişə ilk qəzetlər sırasında olub”.
"525-ci qəzet”in 23 yaşını təntənəli şəkildə qeyd etmədiklərini vurğulayan qəzetin baş redaktoru və təsisçisi Rəşad Məcid qəzetin 25 illik yubileyini keçirmək niyyətində olduqlarını vurğulayıb: "525”in yubileyinin qeyd olunub-olunmayacağı barədə hər il mənə çox suallar ünvanlanır. Hər dəfə də deyirəm ki, "Biz 10 illiyimizi geniş qeyd eləmişdik. Orada Azərbaycanın siyasi, ədəbi-bədii dairələrinin tanınmış simaları da iştirak etmiş, ürək sözlərini demişdilər. 20 illikdə düşündük ki, 10 illiyin təlatümləri hələ də üstümüzdən keçməyib. Ona görə də ad günlərini öz aramızda qeyd edirik. Allahın köməkliyi ilə 2 ildən sonra 2017-ci ildə böyük bir yubiley tədbiri ilə qəzetin 25 illiyini qeyd edəcəyik. 23 yaşımız münasibəti ilə "525-ci qəzet”in indiki və keçmiş əməkdaşlarını təbrik edirəm”.
Baş redaktor 23 yaşlı "525-ci qəzet”in bugünə qədərki uğur sirlərini bu cür xarakterizə edib: "525-ci qəzet” mətbuatımız üçün çətin olan, ziq-zaqlı bir zamanda müəyyən mənada yerini qoruyub saxlayıb. Ola bilsin ki, bu 23 ildə əldə etmək istədiyimiz çox şey alınmayıb. Təəssüf ki, Azərbaycanın mətbuat, qəzet bazarında belə problemlər yaşandı. Qəzetlər iqtisadi gücə çevrilə bilmədilər. Amma hər halda, "525” ölkədə tanınmağa, nüfuz qazanmağa nail oldu, bunu bacardı. Biz özümüz demirik, bu gün müxtəlif insanlar "525”-i məktəb adlandırırlar. Burada işlədiklərindən qürur duyur, çap olunmağın nüfuz olduğunu söyləyirlər. "525” yaşlıların, ədəbi-bədii elitanın sevdiyi və oxuduğu bir qəzetdir. Onu da deyim ki, çətinlikdən də xali olmamışıq. Kədərli, pessimist vaxtlarımız da çox olub. Hər halda "525” nə qədər zəifləyibsə, kədərli məqamlar olubsa da, çalışmışam ki, şənbə nömrəsi özünün səviyyəsini qoruyub saxlaya bilsin. Azərbaycanın ən dəyərli adamlarının yazılarını orada çap edirik. Uğurlarımızın səbəbinə gəldikdə isə hər zaman dözümlü, tolerant xarakterə sahib olduğumuz üçün insanların rəğbətini qazana bilmişik”.
Gələcəklə bağlı elə də böyük planları olmadığını vurğulayan baş redaktor qeyd edib ki, yeganə istəkləri qəzeti sakitcə qoruyub-saxlamaq, yeni gənclər cəlb etmək və "525-ci qəzet”in yoluna qaldığı yerdən davam etməkdir: "Son illər yeni media nümunələri özünü göstərməkdədir. Hansı ki, bu medianın fəaliyyətindən razı deyiləm. Onlar Azərbaycan mətbuatının klassik dəyərlərinə kölgə salır, Azərbaycan dilinin qorunması, informasiyanın satılmasında qeyri-peşəkarlığa yol verirlər. Buna rəğmən saytımızın daha da təkmilləşdirilməsinə çalışacağıq ki, Azərbaycan mediasında öz çəkimizi itirməyək.
Əlimizdən gəldiyi qədər ölkəni informasiya ilə təmin etməyə, dilimizin qorunmasında iştirak etməyə, oxucuların maarifləndirilməsi istiqamətində xidmət göstərməyə çalışırıq. Qısası, sakitcə öz işimizlə məşğuluq”.
Baş redaktor deyib ki, bu gün həmçinin "525-ci qəzet”in nəzdində yaranan "Qol.az” saytının da yarandığı gündür, 7 yaşı tamam olur. O üzdən saytın əməkdaşlarını da təbrik edib.
"525-ci qəzet”in 23 illiyi münasibətilə qəzetin baş redaktorunun müavini Yusif Rzayevin fikirlərini də öyrəndik.
"525-ci qəzet” nəşrə başlayandan bu qəzetdə çalışdığını deyən Y.Rzayev az qala ömrünün yarısının bu qəzetdə keçdiyini vurğulayıb: "Bu mənada mənim qəzetin 23 illik fəaliyyətinə qiymət verməyim ya düz olmaz, ya da ancaq subyektiv yanaşma olar. Amma hər halda geriyə baxanda daha çox pozitiv düşünmək lazımdı məncə. Ən azı ona görə ki, 23 ildir qəzet fəaliyyət göstərib, qalxmalar da olub, enmələr də, əsas odur ki, fəaliyyət göstərib. Artıq "525-ci qəzet” çağdaş Azərbaycan mediasında fakta çevrilib, bunu heç kim dana bilməz. Düzdür, 23 il əvvəl nəşrə başlayanda bizdən qəzetin 23 il sonrası haqda soruşsaydılar, yəqin ki, daha iddialı düşünərdik. O vaxt qəzetin gələcəyini indikindən qat-qat perspektivli görürdüm. Düşünürdüm ki, Azərbaycanda media iqtisadi cəhətdən güclü bir struktur olacaq, amma belə olmadı. Bir şey də var ki, o vaxt "525”lə bir vaxtda nəşr olunan qəzetlərin əksəriyyəti indi yoxdur. Bu isə bizə müəyyən mənada pozitiv düşünmək üçün rəvac verir. Məncə, dəyər!”.
Baş redaktorun müavini "525-ci qəzet”in ilk nəşr tarixini belə xatırlayır: "Qəzetin ilk sayı 10 min tirajla nəşr olundu və Azadlıq meydanında Milli Dirçəliş Günü ilə bağlı keçirilən mitinqdə paylandı. İlk say çox orijinal idi və elə ilk gündən diqqəti çəkdi. Bu haqda neçə illərdir o qədər danışmışam ki....”
Son 20 ilin media üçün o qədər də cəlbedici, münbit olmadığını deyən Y.Rzayev bu illər ərzində hansısa KİV-in maksimum hədəflərinə nail olmadığı qənaətindədir: "Biz də həmçinin. Minimum hədəf isə o olub ki, qəzet yaşasın. Məncə, buna da pis-yaxşı nail olmuşuq”.
Qeyd edək ki, Yusif Rzayev 1992-ci il 17 noyabr tarixindən "525”-də çalışır. Eyni qəzetdə 23 il işləmək isə zarafat deyil. Bəs görəsən, bu illər onu yormayıb ki? Bəzən yorulduğunu, hətta hər şeyi atıb, jurnalistikadan belə getmək istədiyini deyən Rzayevin sözlərinə görə, 23 il bir yerdə işləmək az deyil və bu, hər adamın da işi deyil: "Əlbəttə, işdən bezdiyim, yorulduğum vaxtlar da olub, ümumiyyətlə, jurnalistikadan uzaqlaşmaq istədiyim anlar da. Amma bunlar birbaşa "525”-dəki vəziyyətlə yox, mətbuatın ümumi vəziyyəti ilə bağlı olub. İnsan işinin, zəhmətinin bəhrəsini görməyəndə ürəkdən sevinə bilmir, gördüyü işdən zövq ala bilmir, ürəkdən işləyə bilmir”.
"525-ci qəzet”in Azərbaycan mediasında yerinə gəldikdə isə baş redaktorun müavini bunu tək bir faktla izah edib: "Bu gün Azərbaycanda çox az KİV tapılar ki, orada nə vaxtsa "525”-də işləmiş, ilk yazılarını "525”-də yazmış, heç olmasa, bir nəfər çalışmasın. Məncə, təkcə elə bu fakt "525”-in Azərbaycan mediasındakı yerini göstərir”.
Gələcək planlardan danışanda isə o plan yox, arzularının olduğunu qeyd edib: "Arzum təkcə "525”-ə aid deyil. Mən çox istəyərdim ki, Azərbaycanda çoxlu peşəkar, iqtisadi cəhətdən güclü, azad media orqanları olsun”.
"525-ci qəzet”in redaktor müavini Aydın Bağırovdan da qısaca münasibət öyrəndik:
"525” mənim üçün sıradan bir qəzet, iş yeri deyil. "525” mənim ikinci evimdir. Mənim 35 illik ömrümün yarısından çoxu, düz 18 ili "525”-lə bağlıdır. Bu qəzetin böyük bir məktəb olduğunu çox adam etiraf edir. Şəxsən mənə gəlincə, "525”-in həm jurnalist kimi, həm də bir fərd olaraq yetişməyimdə böyük rolu olub”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb