Kənar qüvvələrin Aşuradan sui-istifadəsinə yol vermək olmaz
Aşura günü hər hansı şəkildə ağlamaq, özünü döymək, çılğınlıq yaratmaq islamın mədəni görüntüsünə, prinsiplərinə uyğun deyil. Demək olar ki, ölkənin bütün elmi din xadimləri, savadlı ziyalıları bu görüşdədir. Əksəriyyət haqlı olaraq hesab edir ki, Aşura günü qanvermə aksiyasının keçirilməsi özünü döyməkdən daha çox savab qazandırar.
Elə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Dini Komitənin rəhbəri Mübariz Qurbanlı da Aşura günü qanvermə aksiyasının keçirilməsini çox müsbət addım adlandırıblar. Xüsusən, vurğulanır ki, məktəb yaşlı uşaqların, azyaşlı körpələrin həmin yerlərə aparılması, arzuolunmaz ayinlərə cəlb edilməsi həm qanunlarımıza, həm də dinimizə ziddir. O baxımdan ictimaiyyətin hər təbəqəsi bu məsələyə həssas yanaşır və müsəlmanlar arasında maariflənmənin zəruri olduğunu bəyan edirlər.
Tanınmış politoloq Məhəmməd Əsədullazadə vurğulayıb ki, Azərbaycan xalqı daima Aşuranı sülh şəraitində qeyd edib və heç bir kənar qüvvələrin bundan sui-istifadəsinə imkan verməyib:
"Aşura milli birliyimizin simvolu halına gəlib. Təəssüf ki, müəyyən mərkəzlər islamafobiya yaratmaq, dinlə terroru eyniləşdirmək məqsədi ilə müsəlman toplumlar arasında təbliğat apararaq, onları yanlış yola sapdırmağa çalışıblar. Lakin Azərbaycanda radikalizmlə güclü mübarizə aparılır. Hesab edirəm ki, Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə məscidlərdə və digər yerlərdə dini radikalizmlə mübarizə ilə bağlı söhbətlər və seminarlar təşkil edilməli, müsəlmanlar savadlı din xadimləri tərəfindən bilgiləndirilməlidir".
"Avropa.info" saytının baş redaktoru Ruslan Bəşirli də "Şərq"ə açıqlamasında bildirib ki, Aşura gününün mahiyyəti ilə bağlı elmi konfranslar, tədbirlər daha çox olmalıdır:
"Bu tədbirlər tarixçilərin və din alimlərinin birgə iştirakı ilə reallaşmalıdır. Mətbuat da bu məsələyə ciddi fikir verməli, ardıcıl məqalələr yazmalıdır. Bu cür işlərlə insanların maariflənməsinə yardımçı olmaq olar. "Avropa.info" saytı olaraq hər il Aşura günü ilə bağlı xüsusi yazılar veririk. Ancaq bir-iki saytın fəaliyyəti ciddi effekt verə bilməz. İşi daha geniş spektrdə həyata keçirmək lazımdır".
Baş redaktorun fikrincə, Azərbaycanın hər bir bölgəsi, şəhər və kəndləri maarifləndirmədən payını almalıdır: "Aşura günü bölgədəki məscidlərdə elm adamlarının və tarixçilərin tədbirləri təşkil olunmalı, bütün müsəlmanlar ora dəvət edilməlidir. Savadlı din xadimlərini də maarifləndirmə prosesinə cəlb etmək lazımdır.
Cahil və xaricdən ilhamlanan mollaları bacardıqca prosesdən kənar saxlamalıyıq. Çünki baş verən neqativ halların və cəhalətin yayılmasında məhz o cür mollaların payı var. Savadsız mollalar topluma sağlam görüş öyrədə bilmirlər. Nəticədə Aşura günü müşahidə etdiyimiz baş yarma, sinə vurma kimi islama zidd hərəkətlər meydana çıxır. Bir şeyi vurğulamaq lazımdır ki, İmam Hüseyn özündən sonrakılara baş yarmaq, qan çıxarmaq kimi mənasız adətlər buraxmayıb. Bir insanın öz bədəninə zərər yetirməsi Allahın əmrlərinə qarşı gəlməkdir".
İsmayıl