Sakit müharibə: Yarası dərindir

Bayağı musiqi deyib ötməyək, milli-mənəvi dəyərlərimizə sahib olmalıyıq
"Musiqi zövqümüz korlandıqca, strateji mövqeyimizi əldən vermiş oluruq. Bunlar insanın davranışına, zövqünə, həyat tərzinə ciddi təsir edən amillərdir"


Gənclərin musiqi zövqü ürəyimizi açmır. Bu, dünənin, bu günün məsələsi deyil. Zamanla, mühitlə, texnologiyaların inkişafı ilə həyatımıza daxil olan bəlalar artıq ruhumuza da qənim kəsilib. Küçədə, nəqliyyatda, ictimai yerlərdə qulağımıza dəyən yad səslərin bizi hara aparacağı bəllidir. Böyük mədəniyyətin beşiyi olan Azərbaycan aydınları bu mənzərəyə seyrçi qala bilməz. Elə suallarımıza cavab tapmaq üçün mütəxəssislərlə həmsöhbət olduq.

Sosioloq Lalə Mehralı "Şərq"ə açıqlamasında gənclərin musiqi zövqü barədə maraqlı fikirlər söylədi: "Bu gün gənclik o qədər dinamik həyat tərzinə öyrəşib ki, bu, musiqi zövqümüzə də təsirini göstərib. Sosiallaşmaq, sosial media bu və ya digər şəkildə uşaqlarımızın musiqi zövqünə təsirini göstərir. Ona görə də hər bir ailədə valideynlər kiçik yaşlarından uşaqların musiqi zövqünü formalaşdırmaq üçün müəyyən üsullardan istifadə etməlidirlər. 

Bizim evdə demək olar ki, klassik musiqilər dinlənilir, nə müasir müğənni tanıyıram, nə də mahnı dinləyirəm. Amma baxıram ki, övladım müasir rep deyənləri xoşlayır. Bəzən ailədən aşılanmaq məsələsi arxa plana keçir. Hərçənd ki, ailədə, avtomobildə də, evdə də o musiqilər dinlənilir. Bizim qədim mahnılar - istər yerli klassiklər, istər dünya klassikləri onlara bir qədər yorucu gəlir. Zamanla ayaqlaşma prinsipinə bəzən qatıla bilmirəm. 

Bunun üçün də bu və ya digər səbəblərim var. Çünki elə dəyərlər var ki, onu zamanla nə aşındırmaq olur, nə də itirmək. Musiqi dəyərləri məncə belə bir anlayışdır. Düzdür, valideynlər nə qədər istəməsə də, gənclərimiz müasir musiqləri dinləyir, amma seçim imkanını da onların ixtiyarına buraxmaq olmaz. Yəni iki müasir musiqi dinləyirsə, onu içindən ən yaxşısına yönləndirmək lazımdır. Adlarını bilmədiyim müasir müğənnilərin bir çoxunun övladım tərəfindən dinlənilməsini istəməzdim. Çünki onların ifa etdiyi musiqilər mənəviyyatımızı korlayır. Çalışmaq lazımdır ki, daha geniş auditoriyası olan musiqilər dinləsin. 

Onun da tərəfdarı deyiləm ki, uşaqlar bir qayda olaraq qadağan və seçim etmək məcburiyyətində qalsınlar. Milli kökə bağlı olmaq vacibdir, ancaq təkcə milli musiqini yox, dünya klassikləri barədə də uşaqlara zaman-zaman məlumat verməyə borcluyuq. Yeri gəlmişkən, biz nə qədər ailə daxilində uşağın şəxsiyyət olaraq formalaşmasına təsir edə biliriksə, bir o qədər də ətraf mühitin təsiri qaçılmazdır. Biz axı övladlarımızı kənar təsirlərdən təcrid edə bilmirik. Amma məsələn, övladlarımızın dost, yoldaş seçimində də diqqətli olsaq, təbii ki, hərtərəfli seçimlərinə kömək etmiş olarıq. Onların valideynləri ilə də ünsiyyətdə olmaq lazımdır. Rep deyəndə hamımızın ağlına qeyri-ciddi musiqi gəlir. Amma hər bir janrın səviyyəlisi olur. Onun zövqünün formalaşdığı vaxtda ona qadağalar qoymaq bir qədər radikal addım olardı". Bəzən istəmədən də bayağı musiqiləri eşitməyə məcbur qalırıq. 

Bunun da bəlli səbəbləri var. Küçədə, gündəlik həyat tərzimizdə, ictmai nəqliyyatdan istifadə edərkən qeyri-ixtiyari bayağı musiqiləri dinləyirik. Təbii ki, burada yüksək səslə təqdim olunan musiqi bəzən bizim əsəblərimizi tarıma çəkir. Amma buna müdaxilə etməyə gücümüz yetmir. Bu məsələyə də L.Mehralının fərqli baxışı var:

 "Həqiqətən bəzən hüquqlarımız pozulur. İstəmədən bayağı musiqiləri dinləməyə məcbur qalırıq. Küçədə yüksək səslə mahnı qoymaq ətrafdakıların hüquqlarını pozmaq deməkdir. Bir sözlə, onlar bizim rahatlığımızı pozmuş olurlar. Bu isə mənəvi işgəncə deməkdir. Bəzən toylara gedəndə qulağıma pambıq tıxamaq məcburiyyətində qalıram. Ya da hansısa mağazanın önündən keçəndə nəyə görə qulaqlarımı tıxamalıyam? Birbaşa olaraq insan sağlamlığına zərərdir. Bəziləri üçün ətrafdakıların rahatlığını pozmaq insanların əlində su içmək qədər asan olub. Üstəlik də bu, onlar üçün ciddi problem deyil, sanki belə olmalıdır. 

Minlərlə insanın rahatlığını pozmağa heç kimin ixtiyarı yoxdu. Bunu edən insanlar nəzərə almalıdır ki, digərlərinin rahatlığını pozmuş olur".

Tanınmış professor Əhməd Qəşəmoğlunun isə mövzu ilə bağlı öz düşüncələri var: 

"Əslində bu çox yaralı, bəlkə də ən mühüm məsələlərdən biridir. Bilirsiz, musiqiyə ilk baxışdan əhəmiyyətsiz bir anlayış kimi baxanlar da var. Amma musiqi ruhu formalaşdıran, milli ruhu oyadan, qəlb aləminin duyğular sistemini inkişaf etdirən çox güclü bir mexanizmdir. Ona görə hansı musiqi indiki vaxtda daha çox dəbdədir, gənclərimiz onunla məşğuldur. Bu bəlkə böyük bir strateji məsələdir. İnsanları ruhən kökləyir və konkret bir istiqamətə yönəldir. Bir milləti məhv etmək üçün onun təhsilini, musiqisini çökdürmək yetərli gəlir. Ona görə də bəzi kənardan olan qüvvələr məhz millətin mənəvi dəyərlərini işgəncəyə məruz qoymaq strategiyasından istifadə edirlər. Çünki mədəniyət sistemində aşılanma gedəndə həmin yerdə öz maraqlarını daha çox həyata keçirə bilirlər. Bu sahədə də ən öndə duran məsələ musiqidir. Təəssüf ki, milli ruhumuzu oynadan zurna aləti demək olar ki, bu gün unudulub. Ermənilər də görür ki, bizlərin yadından çıxıb, yiyəsiz qalıb, oğurlayıb özününkü kimi təqdim etməyə çalışırlar. Sizə bir faktı qeyd edəcəm, Tiflisdə olarkən bir xoşagəlməz olayın şahidi oldum. Bizim "köçəri" musiqisini "kaçari", "uzundərəni" "zumberi" adı ilə məclisdə təqdim edirdilər. Buna görə onlarla mübahisəmiz də olub. Saz olsun, balaban olsun, bunlar milli ruhu oyadan musiqi alətlərimizdir. Sadəcə, milli dəyərlərimizə, milli musiqimizə sahib çıxmağı bacarmalıyıq. Artıq bayağı musiqilərin bu qədər həyatımıza, gənclərimizin musiqi dünyasına daxil olması həyəcan təbili çalmaq üçün səbəb olmalıdır. Bu artıq SOS-dur. Həyəcan siqnalı çalınırsa, gecikmədən reaksiya verilməlidir. 

Bayağı musiqi deyib ötməyək. Milli-mənəvi dəyərlərimizi də yavaş-yavaş itiririk və sadəcə seyr edirik. Fikrimi bir sözlə yekundlaşdırmaq istəyirəm ki, əvvəllər müharibələrdə düşmənin qarşısına top-tüfənglə çıxmaq vacib idi. İndi zəmanə dəyişib. Bu cür yumşaq metodlarla da düşmən qarşısına çıxmaq olar. Ona görə də musiqi aləminin korlanmağını sakit müharibəyə bənzətmək olar. Musiqi zövqümüz korlandıqca, strateji mövqeyimizi əldən vermiş oluruq. Bunlar insanın davranışına, zövqünə, həyat tərzinə ciddi təsir edən amillərdir. Təəssüf ki, bu günün gəncliyi sağında-solunda ancaq bayağı musiqilər eşidir. Televiziyalarda, radiolarda, sosial şəbəkələrdə bayağı musiqilərin təbliği gedir. Axşama qədər "şit" müğənnilər özlərini bu məkanlarda təbliğ edirlər, ucuz şoular düzəldilir. Bu da gənclərin psixologiyasına təsir edər. Digər tərəfdən ən əsası dəyərlər itir. Ailələrdə milli musiqini təbliğ etmək ənənəsi itib. Hətta milli musiqinin daşıyıcıları azalıb. Nə valideyn uşağa milli musiqi təbliğ edir, nə məktəb, nə də televiziyalar.

 Ona görə də gənclərdə, uşaqlarda bayağı musiqiyə meyl artıb. Bu, təkcə gənclərin günahı deyil. Məsuliyyəti bu sahəyə nəzarət edən şəxslər də daşıyır. Təəssüf ki, kim bu gün hansı hava ilə oynayır, bunu müəyyən etmək çətinləşib. "Yeddi oğul istərəm" filmindən bir sitat gətirim. Orda qeyd olunur ki, uşağın beşiyinin başında saz çalınmalıdır. Bunlar səbəbsiz deyilməyib. Uşaq körpəlikdən musiqi sədalarını eşitməyə başlayır və bu onda müəyyən musiqi zövqü formalaşdırır. Məhz həyata atılan zaman musiqi zövqü də onun həyat tərzinə təsirini göstərmiş olur. 

Əslində 5 yaşına qədər uşaqda musiqi zövqü formalaşır. Ona görə də bu sahədə ciddi addımlar atılmalı, layihələr nəzərə alınmalıdır. Yəni beşiyin başından diqqətli olsaq, bayağı musiqi zövqümüzü «işğal» etməz. Bu məsələyə ciddi yanaşmaq lazımdır".

İlahə Əhmədqızı