"Qarabağ TV"dən gözləntilər böyükdür

Ekspert və şərhçilər internet televiziyasının əsas istiqamətlərini sadalayıb, yol göstərirlər (Əvvəli ötən sayımızda)




Yeni fəaliyyətə başlayan "Qarabağ TV" əsas hədəflərinə çatmaq, Azərbaycan həqiqətlərini və Qarabağın erməni işğalında olması faktını dünya mediasının diqqətinə çatdırmaq istiqamətində növbəti addımını atıb. Dövlət başçısı İlham Əliyevin "ən yaxşı müdafiə hücumdur” taktikasına istinad edən onlayn TV virtual dünyada erməni informasiya müharibəsini neytrallaşdırmağı və daha çox xarici jurnalistlərin TV-nin nümayəndəsi olmasına zəmin yaratmağı qarşısına məqsəd qoyub. "Qarabağ TV"-nin təsisçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin verdiyi məlumata görə, hazırda Cənubi Amerikada fəal iş qurublar. Ekvadorda politoloq Vladimir Perez, Venesuelada Guillermo Miguelena və Kolumbiyada jurnalist və iş adamı Omar Salcedo rəsmən "Qarabağ TV"-nin nümayəndəsi olaraq fəaliyyətə başlayıblar. 

Avropa və Amerika Birləşmiş Ştatlarında, Türkiyədə, İranda və yaxın şərq ölkələrində də nümayəndəlik açmaq barədə danışıqlar aparılır: "10 gün içərisində Amerikanın 2, Avropanın 3, Rusiyanın 4 və Ukraynanın 4 xəbər saytında Qarabağ həqiqətləri, Azərbaycana qarşı erməni təcavüzü, Xocalı soyqırımı, BMT-nin Ermənistan tərəfdən icra olunmayan qətnamələri və digər mövzulara dair məqalələrimiz dərc edilib. 

30 il ərzində Ermənistanın Azərbaycana işğalçı siyasəti nəticəsində doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüş 1 milyondan çox insanın səsini, Qarabağın işğal altında olmasını, müharibənin iqtisadiyyatımızla yanaşı, milli-mədəni abidələrinə vurduğu ziyanlar, Qarabağ mədəniyyəti, Qarabağ tarixi barədə dünyaya əsl həqiqətləri göstərmək üçün "Qarabağ TV" verilişlər və araşdırma yazıları (www.karabakh-tv.org) saytı vasitəsilə 13 dildə dünyaya yaymaqda davam edir”. Baş redaktorun sözlərinə görə, Azərbaycan diasporunun da "Qarabağ TV"-yə böyük mənəvi dəstəyi var: "Almaniya, Amerika, İsveç, Danimarka, Rusiya, Türkiyə, İsrail, Fransa və digər ölkələrdə yaşayan azərbaycanlılar "Qarabağ TV"-nin könüllüləri olaraq fəal işləyirlər. Biz "Qarabağ TV" olaraq informasiya lobbisi sistemini qurmuşuq və yaxın gələcəkdə artıq bizim dünyanın əksər ölkələrində xarici jurnalistlərdən ibarət lobbimiz yaranacaq. Bu gün "google” və digər axtarış sistemlərində, "Facebook”, "Twitter” və digər şəbəkələrdə "Qarabağ TV"-nin məlumatları, paylaşımları əlçatan səviyyədədir. "KarabakhTV” haştağı ilə daha çox insanın Qarabağ barədə məlumat əldə etməsinə nail olmaqdayıq. 

Düşmənimizin özünü güclü saydığı zamanlar sona çatıb. Hazırda "Qarabağ TV" və komandası, ətrafında olan dostları və diasporumuz vasitəsilə ermənilərin informasiya müharibəsi neytrallaşmaq üzrədir. Biz dayanmaq niyyətində deyilik və hədəfimiz Şuşadan canlı yayım etmək və qələbə xəbərini dünyaya yaymaqdır”. Bununla bərabər Z.Əliyev vurğulayıb ki, bu gün Azərbaycan dövləti olaraq üzləşdiyimiz haqsız işğala qarşı mübarizədə informasiya sahəsində boşluqlar özünü göstərməkdədir.

 Uzun müddətdir ki, Qarabağla bağlı saytlar QHT-lər tərəfindən layihə çərçivəsində yaradılırdı. Lakin qrantın müddəti keçəndən sonra onların hostinq və domen ödənişlərinin edilməməsi səbəbindən saytlar bağlanır: "Bu gün virtual məkanda Qarabağla bağlı bir neçə dilli saytların və ümumiyyətlə, adi internet televiziyasının olmaması bizim düşmənə qarşı zəif nöqtəmizin olduğunun göstəricisidir. İnternet şəbəkəsində Qarabağla əlaqədar məlumatlar azdır, böyük bir qismi isə təəssüf ki, Azərbaycana məxsus deyil. Nəzərə alsaq ki, informasiya mübarizəsi sahəsində son illərə qədər nailiyyətlərimizlə sevinməyimizə əsasımız çox deyil, o halda məsələnin aktuallığını göz önündə canlandırmaq daha da asan olar. 

Xarici media, QHT-lər, ictimai fikirdə Qarabağ barədə məlumatsızlıqlar özünü göstərir. Bizə qarşı informasiya aparan qüvvələr var. Onların böhtan xarakterli yazıları əsasən erməni lobbisinin təsiri altında hazırlanır. Psixoloji müharibənin tərkib hissəsi olan informasiya müharibəsi yalan, hədələmə, ideoloji təxribat kimi texnologiyaların köməyi ilə bir ölkə vasitəsilə digər ölkənin apardığı siyasəti gözdən salmağa, xalqla ordu arasında nifaqa çalışır. Bir sözlə, insanlar arasında dövlətə inamsızlıq yaratmaq üçün dəridən-qabıqdan çıxırlar. Erməni qəzetlərinin və saytlarının Azərbaycanla bağlı yaydıqları yalan informasiyaların qarşısını almaq üçün "Qarabağ TV" bütün beynəlxalq təcrübədən istifadə etməlidir. Yəni analizlər, təhlillər və faktlarla erməni yalanlarına qarşı çıxıb, Azərbaycanın sərhədlərini keçməyə cəhd edən erməni informasiyasını blokadaya almalıyıq. Bunun üçün də hər kəsin dəstəyinə ehtiyac var”.

Televiziyanın fəaliyyəti ilə bağlı "Şərq”ə danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Qarabağ münaqişəsi, ümumiyyətlə, erməni işğalı ilə bağlı istənilən təşəbbüsü dəstəklədiyini, alqışladığını bildirib. Ekspert düşünür ki, kimin nəyə gücü çatırsa, onu etməlidir: 

"Zaur Əliyev belə bir təşəbbüslə çıxış edirsə, gördüyü iş alqışlanmalıdır. Biz də əlimizdən gələn köməyi etməliyik.
Qarabağla bağlı onlayn kontent yaradıcılığı istənilən halda təqdirəlayiqdir. İnternet elə bir şeydir ki, yazdığınız məqalələr, yayımladığınız videolar bu gün diqqət çəkməsə belə, internetdə uzun müddət qaldığı üçün hər zaman əlçatan mənbə halına gəlir. Nə zaman axtarış versələr, insanların qarşısına çıxır. Qarabağla bağlı informasiya zənginliyi bizim ümumi işimizə yarayır. Əlbəttə, ilk dövrlərdə TV-nin fəaliyyətində müəyyən problemlər ola bilər, ancaq qətiyyən ruhdan düşmək lazım deyil”. A.Həsrətin sözlərinə görə, xarici medianın, əcnəbi jurnalistlərin televiziyaya cəlb edilməsi üçün böyük maliyyə vəsaiti tələb olunur. Hazırda ciddi ehtiyacımız olduğu Qərb mediası maddi vəsait olmadan heç bir iş görmür: "Onları şirnikləndirmək, motivasiya etmək üçün konkret Zaur Əliyev və ya Azər Həsrətin fərdi imkanları yetərli olmayacaq. Hesab edirəm ki, ilk növbədə müvafiq dövlət qurumları, daha sonra isə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq missiyasına könül vermiş iş adamlarımız öz dəstəyini ortaya qoymalıdır. Azərbaycanın müxtəlif bölgələrindən, işğal altında olan torpaqlarımızdan çıxmış böyük iş adamlarımız var. Yaxşı olar ki, zəngin şəxslər Qarabağ məsələsində həssas olsunlar. Ermənilər işlərini məhz varlı insanların maddi yardımı ilə qururlar. Hətta çox zaman görülən işlərdən Ermənistan dövlətinin xəbəri olmur. Onsuz da düşmən ölkə həddindən artıq kasıb vəziyyətdədir və yardım etmək imkanına sahib deyil. Məncə, biznesmenləri bu işə cəlb etməliyik. Müharibə sadəcə cəbhədə silahla aparılmır. İndiki zamanda ciddi mübarizə formalarından biri də informasiya müharibəsidir və hamımız bacardığımız qədər bu müharibədə rol almalıyıq. Ölkədə kifayət qədər pul qazanan, imkanları geniş olan adamlar var. Qoy, bir gecə bahalı yerlərdə əylənməsinlər, yarıçılpaq rəqqasənin üstünə pul atmasınlar. Bir-iki gecəlik pullarını da Qarabağ davasına sərf etsinlər. Mən Zaur Əliyevin gördüyü işi dəstəkləyirəm və yaxın zamanda nəticəsini görəcəyimizə ümid edirəm”.

"Cümhuriyyət” qəzetinin redaktoru Elman Cəfərli "Şərq”ə deyib ki, indiki vaxtda elektron media resurslarından istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya yaymaq gözəl təşəbbüsdür: "Son illər müşahidə edirik ki, artıq televiziyalar da xəbərçilikdə gecikir. Onlayn media hazırda xəbər məkanında öndədir. 

Hər bir Azərbaycan vətəndaşı, alimi, jurnalisti, müəllimi ermənilərə qarşı informasiya müharibəsinə öz töhfəsini verməlidir. Siyasi elmlər doktoru, AMEA-nın elmi katibi Zaur Əliyevin bu təşəbbüsünü dəstəkləyirəm. Hesab edirəm ki, Azərbaycanda, Rusiyada, Avropada yaşayan vətənpərvər iş adamları onun "Qarabağ TV” layihəsinə dəstək verməlidir. Zaur bəy bacarıqlı araşdırmaçı, məhsuldar alimdir, eyni zamanda publisitikada təcrübəsi var. İnanıram ki, o, bu işin öhdəsindən gələcək. Jurnalistləri, QHT nümayəndələri və digər ictimai könüllü olaraq bu işə dəstək verməyə çağırıram. "Qarabağ TV"-nin redaksiyasında internet resursları ilə işləyən qrup olsa çox əla olar. Qrup ingilis, fransız, ərəb, rus, ispan dillərində Azərbaycanla, Qarabağla, İrəvanla, Naxçıvanla, ermənilərin sahiblənmək istədiyi maddi-mənəvi irsimizlə bağlı materiallar hazırlayıb internet resurslarına yerləşdirməlidir. Xarici ölkələrdə nümayəndəliklərin, müxbir məntəqələrinin yaradılması çox yaxşı təşəbbüsdür”.
Mövzunu "Şərq”ə dəyərləndirən "Azadinform" informasiya agentliyinin redaktoru Elçin Bayramlı fəaliyyəti ilə tanış olmasa da, "Qarabağ TV" adlı internet medianın mövcudluğunu vacib iş sayıb: "Dünya qlobal informasiya müharibəsi dövrünə qədəm qoyub. Bu müharibədə biz də təbliğatla, informasiya siyasəti ilə fəal iştirak etməliyik. Bu səbəbdən bütün KİV növlərində xaricə informasiya verəcək quruluşlara ehtiyacımız böyükdür. Lakin internet TV-lərin imkanları və auditoriyası bir qədər zəifdir. Yaxşı olardı ki, sırf bu sahədə işləyəcək böyük media şəbəkəsi yaradılsın. Tərkibində radio, agentlik, qəzet, yerüstü və peyk yayımı olan TV-lər olsun. Bizim rabitə peykimiz, texniki cəhətdən imkanlarımız var. İngilis, fransız, rus, çin, ərəb və ispan dillərində xəbərlərin yayılması yaxşı olardı. Əlavə olaraq erməni dilində də məlumat verilməlidir. Yüzlərlə faydasız sayt, qəzet və agentlik var ki, onların beynəlxalq informasiya məkanına çıxışı yoxdur. İri media holdinqlə daha çox iş görmək olar, çünki xarici ölkələrdə müxbir postları var. Böyük media quruluşunun dünya informasiya məkanına çıxışı və dünya ictimai rəyinə təsiri daha güclü olar. Bu işləri görmək üçün bizdə kadr potensialı da var, texniki inkanlar da. Düşünürəm ki, maliyyə məsələsi də problem deyil”.

"Milli.az” saytının baş redaktoru Anar İmanov da "Şərq”ə bildirib ki, Qarabağ məsələsində hər bir təşəbbüs, iş, fəaliyyət təqdirəlayiqdir:

 "Hazırda dünyada bir çox müharibə meydanda yox, virtual məkanda baş verir. İnformasiya müharibəsində qalib gələn daha çox dividend əldə edir. Dünya bilməlidir ki, Qarabağımız Azərbaycanın ayrılmaz hissəsidir və gec-tez işğal altında olan torpaqlarımız qeri qayıdacaq. Ermənistan adlı forpostu siyasətləri zəif olan, vətəndaşlarını faciəyə aparan boşboğazlar idarə edir. Bütün dünya bilməlidir ki, Cənubi Qafqazda tolerant, regionun lider dövləti Azərbaycan və qonşuluğunda əzəli Azərbaycan torpaqlarında qurulmuş işğalçı Ermənistan var. Bunun üçün isə bütün vasitələrdən istifadə olunmalıdır, xaricdə çoxsaylı tədbirlər keçirilməlidir, televiziya verilişləri hazırlanmalıdır, qəzetlərdə məqalələr çıxmalıdır, radiolarda bu haqda danışılmalıdır, xarici dillərdə kitablar çap olunmalıdır” .
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə də bəyan edib ki, Azərbaycan dövləti üçün Dağlıq Qarabağ məsələsi prioritetdir: "Ayrıca bu problem hər bir azərbaycanlının ağrısıdır. Buna görə də hər birimiz "qarabağlıyıq" deyibən bu məsələnin öz yoluna qoyulması üçün əlimizdən gələni etməliyik. Məlumdur ki, Ermənistan işğalçı ölkədir. Güc birliyi nümayiş etdirib Ermənistanın işğalçılıq siyasətini ifşa etməliyik. Bu baxımdan "Qarabağ TV"-nin əhəmiyyətli rolu ola bilər. Qarabağ TV-nin səsi informasiya müharibəsində böyük əks-səda verə bilər. Bu gün təkcə televiziya deyil, ümumiyyətlə, informasiya müharibəsində müdafiədən hücuma keçmək lazımdır. Bunun üçün əlimizdə kifayət qədər resurslar var”.

İsmayıl