Sürücüləri SARI TORA saldılar

Qaydanı pozanları 60 manat və 3 bal cərimə gözləyir
"5-ci sinif səviyyəsində dünyagörüşü olan, intizamlı sürücü bu qaydaya çox asan riayət edə bilər"


Bakı Nəqliyyat Agentliyi (BNA) tıxacların qarşısını almaq üçün paytaxt yollarında daha bir yenilik tətbiq etməyi qərara alıb. BNA-nın məlumatına görə, yenilik, intensiv hərəkətlər olan yollarda, kəsişmənin sərhədlərini nişanlayan sarı diaqonal xətlərdən ibarət parlaq torların çəkilməsi olacaq və tıxaclar olduğu hallarda torun çəkildiyi hissəyə daxil olmaq qadağan olacaq: "Pilot layihə olaraq ilk sarı kəsişmə toru S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsində həyata keçiriləcək. Sonrakı mərhələdə isə sarı kəsişmə torunun şəhər mərkəzini əhatə edən, eyni zamanda tıxacların və nəqliyyat sıxlığının müşahidə edildiyi 74 yol kəsişməsində də təşkili nəzərdə tutulub”.
Yeni nişanlanma xətti – sarı tor ictimaiyyət arasında ciddi narazılıqlara səbəb olub, hətta lağlağı obyektinə belə çevrilib.

Qeyd edək ki, ilk dəfə 1967-ci ildə Londonda uğurla sınaqdan keçirilən bu vasitə pik saatlarda yaranan tıxacların qarşısını almaq məqsədilə həyata keçirilir. Hazırda Avropanın və Asiyanın bir sıra ölkələrində, ABŞ-da tətbiq olunur. Bu vasitənin paytaxtımızda tətbiqi həm də insanları yol hərəkəti qaydalarına daha ciddi riayət etməyə sövq edəcək. Tıxac zamanı qaydalara əməl etməyib kəsişmə zolağına daxil olan sürücülər cərimələnəcəklər. Bu sistem tam istifadəyə verildikdən sonra mümkün olacaq. Hazırda isə Bakı Nəqliyyat Agentliyi yeniliyin qüvvədə olan müvafiq normativ aktlara əlavə edilməsi üçün təklif layihəsi hazırlayaraq aidiyyəti qurumlara göndərib.

Maraqlıdır, bu pilot layihə yollardakı tıxacı aradan qaldıra biləcəkmi?

"Digesta” hüquq firmasının direktoru, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun açıqlamasına görə, bu nişanlanma özlüyündə heç bir yeni qayda, yeni tələb müəyyən etmir. "Bu sarı tor "Yol haqqında" qanunun 75-ci maddəsinin 2-ci hissəsinin tələbini əyani şəkildə, görüntülü olaraq sürücüyə çatdırmaq üçündür. 

Bu tor ona görə lazımdır ki, sürücü getdiyi istiqamətdə tıxac yaranarkən yolayrıcının və ya hərəkət hissələrinin kəsişməsinin hansı hissəsində dayanıb qalmağın qadağan edildiyini, yaxud tıxac yaranarkən yolayrıcının və ya kəsişmə yerinin hansı hissəsinin daim təmiz saxlanılmalı olduğunu əyani şəkildə görsün, bunu dərk eləsin. Çünki bəzi sürücülər yolayrıcının və ya kəsişmə yerinin hara olduğunu da dəqiq müəyyən etməkdə çətinlik çəkirlər. Bu sarı tor hər şeyi aydın göstərəcək".

Ekspertin sözlərinə görə, sarı tor özlüyündə tıxacın qarşısını almayacaq, çünki onun əli və ya dili yoxdur ki, lazım olmayan vaxtda üstünə çıxıb dayanan avtomobili kənara itələsin və ya onun sürücüsünə desin ki, gəlmə, dur, gözlə: 

"Yuxarıda da qeyd etdiyim kimi, bu tor sürücüyə qaydaların tələbini əyani, aydın göstərmək üçündür. Sürücü özü hərəkətini elə hesablamalıdır ki, yolayrıcını getdiyi istiqamətdə tərk edə bilsin, gedib qabaqdakıların arxasında dayanmağa məcbur olmaqla sarı torun üzərində qalmasın. Sözün açığı, sarı tor olan və ya olmayan yerdə YHQ-nin 75-ci maddəsinin 2-ci hissəsinin tələbinə riayət etmək də elə çətin bir şey deyil və xüsusi mühəndislik istedadı tələb etmir. 5-ci sinif səviyyəsində dünyagörüşü olan, intizamlı sürücü bu qaydaya çox asan riayət edə bilər. Özü də həm işıqforlu, həm də işıqforsuz yolayrıcı və ya kəsişmə yerində. Bunun üçün sadəcə getdiyin istiqamətdə nəqliyyat axınının stabilliyinə diqqət etmək lazımdır. Əgər normal sürətlə stabil hərəkət varsa, icazə verilən vaxtda yolayrıcına daxil olursan, çıxanadək hətta sarı işıq yansa da, problem ola bilməz. Əgər hərəkət fasiləlidirsə, yəni gah gedib, gah dayanırsa, onda yolayrıcını tam tərk edənə qədər qalan məsafəni, fasiləliyin xarakterini nəzərə almaq lazımdır. Bu halda işıqfor yolayrıcında avtomobiliniz sizin getdiyiniz istiqamətdə işıqfor hərəkət qadağan edilənədək, yolayrıcını tam tərk edə bilməyəcəksə, yolayrıcına daxil olmadan dayanıb növbəti icazəni gözləməlisiniz. İşıqfor olmayan yerdə isə elə etməlisiniz ki, yolayrıcında dayanmayasınız, oranı fasiləsiz keçib gedəsiniz”.

Ə.Hüseynovun sözlərinə görə, sarı tor üzərində qalaraq kəsişən istiqamətdə nəqliyyat axınının qabağını kəsən sürücü sarı torun tələbini pozmağa görə yox, YHQ-nin 75-ci maddısinin 2-ci hissəsinin tələbini, yəni yolayrıcını keçmənin bu xüsusi qaydasını pozmağa görə İXM-nin 327.2-ci maddəsi üzrə (60 manat və 3 bal) cərimələnə bilər: 

"Sarı tor hələ ki, YHQ-də təsbit edilməyib, amma bununla bağlı bütün təfərrüatları əks etdirən dəyişiklik layihəsi müzakirəyə təqdim edilib, yəqin ki, yaxın gələcəkdə qəbul olunar”.

Ekspert Azər Allahverənov da o fikirdədir ki, sarı kəsişmə toru Bakı yollarındakı tıxaclara tamamilə son qoymayacaq. Ekspertin sözlərinə görə, sarı kəsişmə toru tıxac probleminin həll olunmasına yönəlməyib, bu üsul tıxacı yaradan amillərdən birinə qarşıdır.

 "Bununla yanaşı tıxacı yaradan digər amillər də var ki, onlarla bağlı zəruri tədbirlərin həyata keçirilməsi vacibdir. Tıxacların yaranmasında, şübhəsiz ki, qeyri-qanuni parketmə əsas səbəblərdən hesab olunur. Xüsusilə dar küçələrdə, iki-üç zolaqlı küçələrdə sağ və sol tərəflərdə avtomobil saxladıqda yalnız bir zolaq açıq qalır. Bu da nəqliyyat vasitələrinin böyük axını olan küçələrdə nəqliyyat vasitələrinin sıxlığına, tıxacına səbəb olan bir haldır. Eləcə də, bəzi yerlərdə tıxac yaranmasın deyə nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilməlidir və ya bəzi yerlərdə yol ayrıcında yeni yol ötürücülərinin quraşdırılmasına ehtiyac var. Bununla bağlı müəyyən işlər həyata keçirilir”.

60-cı illərdən etibarən inkişaf etmiş ölkələrdə sarı kəsişmə toru texnologiyasından istifadə edildiyini qeyd edən A.Allahverənov hesab edir ki, bu üsulu tətbiq etməkdə ideya tək tıxacın aradan qaldırılması deyil, həm də yol ayrıcını keçmə qaydalarına əməl olunmasını təmin etməkdir: 

"Bizdə həqiqətən də bir sıra küçələr var ki, yol ayrıcını keçən avtomobillər çox kobud səhvlərə yol verirlər. 
Məsələn, sarı işıqda yol ayrıcına daxil olurlar və bilə-bilə ki, artıq bir azdan onların hərəkət istiqamətində nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq, onlar həmin yolla kəsişən digər yollardan gələn avtomobillərin yollarını kəsmiş olurlar. Dünyanın bir sıra dövlətlərində tətbiq edilən sarı kəsişmə toru nəqliyyat vasitələrinin məhz bu kimi hərəkətinin qarşısının alınması üçün nəzərdə tutulur. Qonşu olan Rusiyada da 2015-ci ildən etibarən bu üsul tətbiq olunmağa başlayıb və müəyyən müsbət nəticələr verib”.

Onun sözlərinə görə, psixoloji cəhətdən sürücü çox yaxşı dərk edir ki, sarı kəsişmə torunun üzərində dayanmış olarsa, dərhal video müşahidə aparan qurğular tərəfindən aşkar olunur və buna qarşı inzibati cəza sanksiyası tətbiq edilir. "İnzibati cəza sanksiyası da inzibati xətalar məcəlləsində öz əksini tapıb. Baxmayaraq ki, cəza var, amma bir çox sürücülər buna məhəl etmirlər”.

Azərbaycan qanunvericiliyində məhz sarı kəsişmə toru ilə bağlı hər hansı bir müddəanın olmadığını xüsusi vurğulayan ekspert deyib ki, BNA bununla bağlı təklif irəli sürür ki, qanunvericilikdə müəyyən dəyişikliklər olsun: 

"Bu, pilot layihə çərçivəsində tətbiq olunacaq və qısa müddətdə Azərbaycanda bu üsulun nə dərəcədə işlək səviyyədə olduğu aşkar olunacaq. Amma beynəlxalq təcrübəyə nəzər saldıqda, sarı kəsişmə torunun həqiqətən də işləyən, effekt verən bir üsul olduğunu görürük”.

Digər nəqliyyat eksperti İlqar Hüseynli isə nə Azərbaycan qanunvericiliyində, nə dünya təcrübəsində, nə də yol hərəkət qaydalarında sarı kəsişmə toru ilə bağlı hər hansı bir müddəaya rast gəlmədiyini və bu barədə ümumiyyətlə məlumatlı olmadığını deyib.

 Bu vasitə ilə tıxacların qarşısının alınacağını zənn etməyən ekspertə görə, sözügedən sarı kəsişmə torları fiziki əlilliyi olan insanların yollarda rahat hərəkəti üçün nəzərdə tutulsaydı, buna bir anlam vermək olardı: 

"Tıxaclar olduğu hallarda torun çəkildiyi hissəyə avtomobillərin daxil olmasına qoyulan qadağa necə effekt verəcək, deyə bilmərəm. Bu cür tor şəkilli işarələrə şəhərdaxili yollarda yox, bir neçə böyük şəhərləri birləşdirən magistral yol kəsişmələrində rast gəlinir. Mahiyyəti isə qarşıda kamera nəzarətinin olduğunu göstərir. Əgər biz Bakı- Vladivostok yolu ilə getsək, müəyyən yerlərdə tor şəkilli işarələrə rast gələrik. Amma S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsində belə bir layihənin həyata keçirilməsinə lüzum görmürəm. Bu, sürücüləri basqı altında saxlamaqdan başqa bir əhəmiyyət kəsb etmir”.

Şəymən