Qafqaz Universitetinin iki tələbəsinin ölümü: Müğənni Sura intihar edən vaxt tələbə yoldaşı da naməlum şəraitdə ölüb





Qafqaz Universiteti iki tələbəsinin ölümü ilə bağlı başsağlığı yayıb. Lent.az-ın məlumatına görə, universitetin 5-ci kurs tələbəsi 21 yaşlı Əsgərov Amil Vüqar oğlu və Əsgərli Sura Tahir qızının vəfatı ilə bağlı universitet rəhbərliyi adından tələbələrin ailələrinə və sevənlərinə başsağlığı verilib.
Lent.az-ın məlumatına görə, Qafqaz Universitetinin vəfat etmiş hər iki tələbəsinin 21 yaşı olub. Müğənni-bəstəkar olan Sura Əsgərli Buzovna qəsəbəsi Qaçaq Nəbi küçəsində yaşadığı evdə özünü asıb. Amil Əsgərov isə Lənkəranda dənizdə boğulub. Gənc oğlanın Lənkəranda çimərlikdə olarkən suda boğulduğu bildirilir. Onun intihar məqsədi ilə suya girməsi də istisna edilmir.
Maraqlısı isə odur ki, Sura Əsgərlinin intiharından sonra açıqlama verən anası qızının son dəfə Amil adlı tələbə yoldaşı ilə danışdığını bildirib. Ana qızının mobil telefonunu polisə verməzdən əvvəl özü yoxladığını qeyd edib. Həmin universitetin Amil adlı tələbəsinin elə həmin gün naməlum şəraitdə ölməsi bu iki faciəvi olay arasında bağlılığın olması ehtimalını artırıb.
Hər iki ölüm faktı ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalar aparır.