Bu gedişlə, gələcək nəsil kağız kitab, real əyləncə nədir, bilməyəcək
Nə "yeddi şüşə" var, nə də "gizlənqaç"...
"İndi heç bir uşaq vaxtilə bizim oynadığımız oyunları oynamır"
Bu gedişlə, gələcək nəsil kağız kitab, real əyləncə nədir, bilməyəcək
Bu gedişlə, gələcək nəsil kağız kitab, real əyləncə nədir, bilməyəcək
Ölkəmizdə sosial şəbəkələrə xüsusi marağın olduğu məlumdur. Texnologiya əsrində onların gücündən istifadə etməmək mümkün deyil. Hətta sosial şəbəkələrin faydalarından heç cür yararlana bilməyən azyaşlılar da ondan istifadə edir.
Kitab oxumaq əvəzinə "İnstaqram”da kimlərinsə həyat tərzini izləyən məktəblilər və bunu etmələri üçün onlara smartfonlar hədiyyə edən valideynlər. Bu gedişlə, gələcək nəsil kağız kitab, real əyləncə nədir, bilməyəcək.
Söhbətləri ancaq sosial şəbəkələrdə olan uşaqlar real oynanılan oyunlardan da xəbərsizdirlər. Onların "yeddi şüşə", "gizlənqaç”ları da, "qaçdı-tutdu”ları da "İnstaqram”dır. Orada onların yaşına uyğun heç bir məlumat olmadığı dəqiqdir. Bu fikir bütün sosial şəbəkələrə aid deyil. Məsələn, "Youtube” azyaşlıların da faydalanacağı platformadır. Televiziyalarımızdan fərqli olaraq, uşaqlar burada daha çox düşünülüb. Amma "İnstaqram”, "Facebook” örnək almalı olmadığımız insanlarla doludur. İzləyici kütləsi geniş olan o şəxslərdən uşaqlar nə öyrənir, nə əldə edir?
"Sağlam Cəmiyyət" İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı da "Şərq”ə açıqlamasında azyaşlı uşaqların əksəriyyətinin sosial şəbəkələrdən istifadə etdiyini təsdiqləyib:
"Ümumiyyətlə, niyə məktəbyaşlı uşaqların əlində planşet ya da telefon olur, anlamıram. Valideynlərin nə üçün uşaqlara bu sərbəstliyi verdiyini də başa düşmək olmur. Mənim də məktəbli övladım var. O, yutubda icazə verdiyimiz vaxta kimi və nəzarətimizdə olan videolara baxa bilər. Oğlum 5-ci sinifdə oxuyur və sosial şəbəkələrin heç birində üzvlüyü yoxdur. Sadəcə, bizim telefonlarda müəyyən vaxt çərçivəsində yaşına uyğun videolara baxmasına icazə veririk. Bildiyim qədərilə də normal olan davranış budur. Uşağın əlinə sərbəst şəkildə telefonu verib, onun bütün günü sosial şəbəkədə tanımadığı insanlarla ünsiyyətdə olmasına təkan vermək uşağın təhlükəsizliyini pozmaq deməkdir. Məlumdur ki, dövrümüzdə kifayət qədər pedofillər sosial şəbəkələrdə uşaqlarla zəncirvari münasibət qura bilirlər. Onlar üz-üzə edə bilmədiklərini sosial şəbəkələr vasitəsilə reallaşdırırlar. Dəfələrlə şahidi olmuşuq və valideynlər deyiblər ki, övladımla sosial şəbəkədə kimsə əxlaqsız söhbətlər edir. Düzdür, bu, qınanılası hərəkətdir və həmin pis niyyətli şəxslərin ünvanına hər söz deyirik. Amma o valideynə deməliyik ki, niyə sənin məktəb yaşlı övladın sosial şəbəkədə üzvdür?
Bir ailə tanıyıram ki, onların məktəb yaşlı uşaqları hər gün sinif yoldaşlarına 18 yaş üstü mövzularda söhbətlər edirmiş. Uşaq ibtidai sinifdə oxuyur. Təsəvvür edin, yetkinlik yaşına çatmamış 8-9 yaşlı uşaq böyüklərin belə bilmədiyi bəzi mövzuları bütün çılpaqlığı ilə sinif yoldaşlarına danışırdı. Sonra uşaqlar evdə valideynlərinə deyəndə müəlliməyə şikayətlər edildi. Məsələ araşdırılandan sonra məlum oldu ki, uşaq bütün günü evdə pornoqrafik videolara baxır. Təbii ki, belə videoları izləyən uşaq, gedib sinifdə də danışacaq. Həmçinin uşaq şiddətli videoları izləyəcəksə, ətrafına qarşı aqressiv və intihara meyilli olacaq. Düşünürəm ki, valideynlərin nəzarəti maksimum dərəcədə güclü olmalıdır”.
İndiki uşaqların maraqlı və ənənəvi oyunlar oynamadığını vurğulayan sosioloq bildirib ki, valideynlər də övladlarının yaşlarına uyğun oyunlar oynamasında maraqlı deyillər:
"İndi heç bir uşaq vaxtilə bizim oynadığımız oyunları oynamır. Biz həyət-bacada orqanizmə faydalı olan fiziki oyunlarla məşğul idik. Amma indi uşaqlar həyətdə yalnız futbol oynayır və velosiped sürür. Uşaqların bundan başqa maraqlı və əyləncəli oyunlar oynadıqlarını görmürəm. Belə məqamlarda valideynlər uşaqlara oyunlar öyrətməlidir. Uşaqların həmçinin evdə zehni oyunlarla məşğul olması da lazımdır. İndi uşaqlar üçün kifayət qədər çeşidli və zehni oyunlar istehsal edilir. Bizim uşaqlığımızda belə oyunlar yox idi. Bir-iki növ oyun görürdük. Amma indi o qədər faydalı, zehni oyunlar var ki, valideynlər istəsələr, övladları heç kompüterin qarşısına belə getməz”.
Son illər valideynlərin doğulmamış övladına sosial şəbəkələrdə səhifə açmasının normal hal olduğunu deyən sosioloq bunun xatirə məqsədli olduğunu da diqqətə çatdırdı:
"Yəni uşaq doğulan vaxtdan onun sosial şəbəkədə yaşına bərabər hesabı olacaq. Bu, bir tərəfdən maraqlı ideyadır, amma gələcəkdə uşağa hesabın idarəetməsi verilməli deyil. Əvvəllər analar doğulmamış övladı üçün gündəlik tuturdu və xatirələrini, arzularını həmin gündəliyə yazırdı. İndi bunu sosial şəbəkələrdəki səhifələr əvəzləyib”.
Yeganə Bayramova